Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu səhər təqvimi vərəqləyəndə mənə bəlli oldu ki, bu gün - aprelin 20-si iki tanınmış azərbaycanlımızın doğum günüdür və ikisi də alimdir. Özü də, ikisi də filolofiya üzrə. Nədən deməyək ki, 20 aprel – filologiyamızın bayramı günüdür?
Biri - filologiya elməri doktoru Vaqif Yusifli AMEA Nizami Gəncəvi adına Ədəbiyyat institutunda Ədəbi tənqid şöbəsinə, o biri - filologiya elməri doktoru Bədirxan Əhmədov isə həmin elm ocağında Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinə rəhbərlik edirlərlər.
Vaqif müəllimin 77, Bədirxan müəllimin isə 70 yaşları tamam olur...
Hər ikisi də şərəfli alim ömrü yaşayırlar, ədəbiyyatşünaslığın, ədəbi tənqidin inkişafında böyük işlər görürlər.
Vaqif Yusifli:- “Mən ədəbi gəncliyin üç nəsli- səksənincilər, doxsanıncılar və ikiminincilər barədə çox söz demişəm, həm müəyyən bir problemlə bağlı düşüncələrimi ifadə etmişəm, ümumiləşdirmələr aparmışam, həm də ayrı-ayrı gənc şair və nasirlərin yaradıcılığına münasibət bildirmişəm. O ədəbiyyat yaşamağa qadirdir ki, onun istedadlı gəncliyi var və bu gənclik onun gələcəyidir. Məlumdur ki, hər bir ədəbi nəsil öz gəlişiylə ədəbiyyata təzə SƏS, təzə NƏFƏS gətirir, bunu ədəbiyyatımızın tarixi boyu izləyə bilərik. Səksəninci illərdə də, doxsanıncı illərdə də, indi yeni əsrimizdə də bu prosesi müşahidə etmişik. Hələ heç bir onillikdə say etibarilə bu qədər gənc ədəbiyyat aləminə qədəm basmamışdı. Amma ədəbiyyata kəmiyyət yox, keyfiyyət anlayışı ilə qiymət vermək lazımdır.”- söyləyirsə, hörmətli Bədirxan Əhmədov isə:- “Hazırda bir neçə monoqrafiya üzrərində işləyirəm. Onlardan biri bu il anadan olmasının 120 illik yubileyi olan Məhəmməd Əsəd bəy haqqında monoqrafiyadır. Bilirsiniz ki, məşhur “Əli və Nino” müəllifi xarici dillərə tərcümə olunan Azərbaycan yazarlarının önündə gəlir. Yeri gəlmişkən, mən bu yazıçını artıq 15 ildir ki, milli ədəbiyyat tarixinə daxil etmişəm. Biz gərək bu yazıçı haqqında ölkədə və xaricdə davamlı olaraq məqalələr, monoqrafiyalar çap etdirək, simpoziumlar keçirək.”- deyir.
Hər iki dəyərli alimimizi ürəkdən təbrik edir, hər ikisinə də möhkəm can sağlığı, firavan həyat, yeni-yeni elmi uğurlar arzulayırıq. Çox yaşasınlar!..
“Ədəbiyyat və incəsənət”
(20.04.2025)