“Nə ağır kəlmədir- qəfəs! Nə gözəl sözdür- yuva!” Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Deyir ki:- “Ərkim çatan dostlara tez-tez deyirəm; bacardığımız qədər çalışıb ətrafımızdakı insanlara qəfəs deyil, yuva olmalıyıq. Bu çox vacibdir. Özüm də belə olmağa çalışıram. Nə ağır kəlmədir- qəfəs! Nə gözəl sözdür- yuva!..”

 

Bu kəlmələr, haqqında söhbət açmaq istədiyim şair, yazıçı, psixoloq İlqar Kamilə məxsusdur. O, 7 iyul 1981–ci ildə Masallı rayonunun Viləş kəndində anadan olub. Orta məktəbdə təhsil alarkən, eyni zamanda mədrəsədə də oxuyub. Sonra Bakıya üz tutub. Beynəlxalq İlahiyyat İnstitutunda bakalavr və magistr dərəcələrinə yüksəlib. Daha sonra Rusiyaya köçüb və on beş il orada yaşayıb. Rusiyada olarkən Moskva Psixo–Sosiologiya Universitetində (MPSU) ikinci ali təhsilə yiyələnib. Vətənə dönəndən sonra, əvvəl KOD psixologiya Akademiyasında işləyib, bir ilə yaxındır ki, QAPI Psixologiya Mərkəzini yaradaraq rəhbərlik edir. Bir neçə kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin və Amerika Psixoloqlar Asossiasiyasının üzvüdür...

 

“Bir dəfə bir oxucum;- “siz sevgidən yazırsınız, mən isə onu yaşayıram, siz qəhrəmanlıq haqqında gözəl cümlələr qurursunuz, amma kimsə qəhrəman kimi ömür sürür...”- deyə müraciət etdi. Yadıma Hessenin "Yalquzaq"ı düşdü. Orada klarnetçi Pablo alim, intellektual birinə;- “sən Bethovenin, Motzartın əsərlərini saatlarla təhlil edə bilərsən, musiqi haqqında ton-ton yazılar da yaza bilərsən, lakin əsas, çalmaq-ifa etməkdir. Harri, sən bunu bacarmırsan!”- deyib susdurmuşdu.”- söyləyir.

 

Emosional, həssas adamdır. Heç vaxt hislərini gizlətmir. Onları olduğu kimi dilə gətirməyi xoşlayır. Qayğıkeş, mülayim, anlayışlı və uzaqgörəndir. Romantik, yardımsevər və səbirlidir. Necə deyərlər, özündən çox başqalarının xeyir tapması haqqında düşünür. İdealist, sentimental və xəyalpərəstdir. Əhval-ruhiyyəsi tez-tez dəyişə bilir. Hazırcavab adamlardan xoşu gəlir...

 

Deyir ki:- “Rəbbimə də olsa, dərdimi danışıb zarımağı sevmirəm; elə bir uğurum-zadım da yoxdur ki, hesabat verim. Bəs Ona səcdələrimdə nə deyim, nədən danışım? Deyim ki, bağışla, İlahi, əmanətinə sahib dura bilmədik, dünyanı cəhənnəmə çevirdik? Deyim ki, qardaş-bacılarımızın ağrı-acısını görməzdən gəlib özümüzçün yeni xoşbəxtlik fəlsəfəsi düzəltmişik? Deyim ki, hamılıqla "idiot" olmuşuq? Bəlkə, bağışla, görüşünə əliboş gəlmişəm, deyim? Odur, ən abırlısı susmaqdır, susmaq və demək ki, susmağa gəldim! Susmaq ayıbını bilməkdirsə, gəlmək hələ də ümidliyəm, deməkdir. Gəlmişəm, yəni düzəlmək istəyirəm, dəyişmək istəyirəm; olsun, səhlənkaram, yarıtmazam, danışmağa üzüm yoxdur, lakin əsas odur ki, gəlmişəm, mən də gəlmişəm, Sənin qapındayam...”

 

Keçmişə çox bağlıdır. Ötən günləri tez-tez xatırlamağı xoşlayır. Mühafizəkar, milli adət və ənənələrə sadiq adamdır. Kəskin analitik düşüncəsi var. Ağlı, səbiri, iti zəkası ilə ən dolaşıq problemi həll etməyi bacarır. Risk etməyi xoşlamır. Nacə deyərlər, haram tikəyə əl uzatmır, ruzisini ənənəvi halal yolla qazanmağa üstünlük verir... 

 

“Pislərin tənqidinə ayırdığımız vaxtı yaxşıların təbliğinə ayırmış olsaydıq, yaxşılar pislərə çoxdan qalib gəlmişdi. Və yaxşıların sayı da artardı.”- söyləyir.

 

Rəhbərlik etdiyi QAPI Psixologiya Mərkəzində mühazirələr oxumaqla, oraya gələn gənclərin düzgün tərbiyələnməsində, maariflənməsində əhəmiyyətli işlər görür. Onun mühazirələrində iştirak edən bir gənc yazır:- “Bu gün İlqar Kamilin "Qapı" sında elə möhtəşəm, elə mənəvi bir tədbirdə olduq ki, hələ də təsirindəyəm. Dəyərli şəxsiyyətlərin, dostların mənəvi fikirləri sanki bir sübh mehi kimi ruhuma toxundu. Bu mənəvi meh qulağıma pıçıldadı ki, xoşbəxt olmaq üçün elə də çox şeyə ehtiyac yoxdur, sadəcə qazandıqlarınla kifayətlənsən yetər.”

 

Etiraf edim ki, İlqar Kamilin ərsəyə gətirdiyi kitabların heç birini oxumamışam, amma araşdırmalarımdan məlum oldu ki, bu kitablar haqqında mütəxəsis yazıları kifayət qədər mətbuatda yer alıb. Əslində, onun haqqında danışmağıma səbəb “Facebook” sosial platformasında paylaşdığı maraqlı fəlsəfi, psixoloji statusları oldu. Və onun qələmə aldığı bir şeirlə söhbətimi yekunlaşdırmaq istəyirəm:

 

“Mənə şikayət yaraşmaz, Allahım,

ayıb olar ki, deyim, 

sevmirəm mənə verdiyin bu həyatı;

niyə sevməyim ki?

Suallarım var sadəcə,

nə edim,

dərk etmirəm bu qəliz kainatı.

Sənə deməyəcəm ki, məsələn,

niyə ölür insanlar?

Sənə qovuşmaq üçün

niyə illah ki, ayrılmalıdır bədənlərdən canlar?

Niyə var axı hər başlanğıcın bir sonu...?!

Şikayət etməyəcəm, yox!

Deməyəcəm ki, İlahi, 

çox çətindi bizim üçün qurduğun bu həyat oyunu. 

Məni anlamazlığıma bağışla, Rəbbim,

dünyanla müqayisədə nə yaşım var ki mənim?

Nə olar, uşağlığımın əlindən tut

həftə-həftə, ay-ay, 

şübhə-şübhə, inam-inam böyüt məni;

mən dərdlərimi yerin dibinə pıçıldayıram

Sən göyün üzündə eşit məni.

Allah haqqı, düz sözümdü

sənə deməyəcəm ki, niyə axı,

belə-helə, filan, və sayir və ilaxır...

ağlayacam sadəcə

için–için susacam;

Sən onsuz da halımdan anlayacaqsan məni;

Mənsə qərar vermişəm:

bu gecə sabahacan özümü səcdəndən asacam!

İlahi, şikayət etməyəcəm şeytandan sənə;

deməyəcəm ki, 

indi səni sevmək çətin olub, yasaq olub.

Səni gizli-gizli

qaçaq kimi sevəcəm;

Bunu biləsən, 

böyüməyəcəm sevgidə

Səni həmişə uşaqlıqda atamı sevdiyim kimi,

Mahmud əminin ağacı boyda,

Səni 

uşaq kimi sevəcəm!

Əyrilərim çox olub, 

elə bilirsən bilmirəm?

Bağışla, İlahi, 

məni ömrümdə etdiyim bir-iki düzümə bağışla! 

Nə vaxtdı ki, 

necə, harda, kimdə olduğumu bilmirəm;

Bağışla, İlahi,

məni 

özümə bağışla...”

 

 “Ədəbiyyat və incəsənət”

(18.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.