FUTBOL MƏDƏNİYYƏTİ - Yeni güc səviyyələri və ispan yorğunluğu… Featured

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”

 

İngilis futbolu şahlanır, 

alman və italyan futbolu dirənir, 

fransız futbolu potensialını sistemə çevirə bilmir, 

ispan futbolu isə…

 

Avropa futbolunun ən prestijli səhnəsi – UEFA Çempionlar Liqası – bu mövsüm də sadəcə turnir deyil, eyni zamanda futbol fəlsəfələrinin və yönətim modellərinin qarşıdurma meydanına çevrilib. Topun qapıya deyil, necə deyərlər, sistemə getdiyi bir dönəmdə artıq təkcə istedad deyil, struktur, motivasiya və sabitlik də həlledici rol oynayır. Bu kontekstdə baş verənləri bir qədər incələməyə çalışaq.

 

İngilis futbolu: 

 

Pul puldur amma plan və praqmatika daha önə çıxır

 

Uzun illər “fiziki futbol” və “böyük pullar”la tanınan İngiltərə Premyer Liqası indi planlı çağdaşlaşmanın mərkəzinə çevrilib. “Manchester City” və “Arsenal” bu yeni fəlsəfənin qabaqcıl təmsilçiləridir. Qvardiolanın sistemi artıq sadəcə oyun yox, sanki ritm və qrafika/dizayn yaradır. Arteta isə gənc oyunçularla klub sistemini yenidən düzənləyir – yalnız taktiki yox, həm də psixoloji olaraq…

Ən önəmlisi, bu klublar indi transfer bazarında “ulduz” axtarmır – sistemə uyğun profil axtarırlar. Qazanılan uğurlar da məhz bu zehniyyətin nəticəsidir. İngilis futbolu hazırda Avropada təkcə sürətlə deyil, futbol texnologiyası ilə irəliləyir.

“Eyni rəndədən çıxmış” alman və italyan futbolu: dirəniş & dönüş

 

Almaniya: dəqiq, amma ruhsuz

 

Alman futbolunun struktur və intizamı tarixən örnək olub; lakin bu gün “Bayern Munich” kimi nəhənglər sabitlikdən uzaqdır. Tuçel başqanlığındakı sistem nə kollektivə, nə də fərdi oyunçulara uyğun gəlir. Bununla belə Alonso və “Bayer Leverkuzen” fenomeni Almaniyada yeni futbol nəslinin doğulmaqda olduğunu göstərir. Bu futbol texniki, sürətli və kreativdir – yəni alman futbolunun gələcəyidir.

 

İtaliya: keçmişin kodlarını yeniləyənlər

 

İtaliya, “qapı kilidi”ndən (catenaccio”dan) çıxıb strukturlaşmış hücumlara yönəlir. “İnter” və “Napoli”artıq yalnız müdafiə ilə deyil, oyunun yönətimi ilə də fərqlənir. Taktika yenilənir, amma riskalma vərdişi hələ tam oturuşmayıb. İtalyan futbolu ayılmaq üzrə olsa da, oyanışın hansı yöndə irəliləyəcəyi hələ tam bəlli deyil.

 

Fransız futbolu: 

ilham var, sistem yoxdur…

 

Fransada istedad qıtlığı yoxdur – əksinə, bəlkə də Avropanın ən çox “xam” oyunçusu bu ölkədən çıxır. Ancaq sistem yoxdursa, bu ilhamlı oyunçular dərhal ixrac edilir və sonuc – içəridə sabitsizlik yaranır. “PSG” bu məsələdə həm istisna, həm də örnəkdir. Enrikenin “PSG”si artıq “superulduzlar sirki” deyil – o, komanda sisteminə keçid axtarışındadır. Mbappenin bu sistemdə qalmayıb da getməsi isə sadəcə transfer deyil – bir fəlsəfə seçimi sayılır.

 

İspan futbolu: 

yorğunluq və nostalgiya

 

İspan futbolunun keçmiş “parıltısı” indi kölgə kimi uzanır. “Tiki-taka” öyrədici, bəlkə də poetik idi amma artıq zamansızdır. “La Liga”nın ümumi səviyyəsi enib. “Barcelona”hələ də borc bataqlığında çabalayır, “Atletico Madrid” isə transformasiya edə bilmir ki bilmir...

 

“Real Madrid”: 

gedənlər hələ getməyib, gələnlər tam gəlməyib

 

Ən çox sual doğuran isə “Real Madrid”in bu mövsümdəki durumudur. Əslində kağız üzərində hər şey var – gənclik (Bellingham, Vinicius, Tchouaméni), təcrübə (Modrić), liderlik (Ançelotti), irs və motivasiya; amma praktiki səviyyədə bunlar bir sistem halına düşə bilmir...

Bu, sadəcə seleksiya problemi deyil. Bu, uğurdan doğan yorğunluq, təzələnmə ehtiyacının ertələnməsi və taktiki qarmaqarışıqlıqdır. Arda Güler kimi oyunçuların hələ də ehtiyatda saxlanması bu təzələnmənin nə qədər gecikməli aparıldığını göstərir.

“Real Madrid” gələcəkdə yenə zirvədə ola bilər - amma bu dəfə inersiya ilə - “avtomatik olaraq” yox, yalnız “özünü yenidən kəşf edərək”…

“Arsenal”a hər iki oyunu ümumi 1:5 hesabıyla uduzaraq Çempionlar Liqasını erkən tərk etmək isə hazırkı “Real”ın alın yazısı, müqəddaratıdır.

 

Sonuc

 

Avropa futbolunda “sabit güc” anlayışı dəyişir. Artıq taktika, texnologiya, psixologiya və planlama bir araya gəlməlidir. Bu mövsüm Çempionlar Liqası yalnız qalibi müəyyən etməyəcək. O, eyni zamanda gələcəyin futbol xəritəsini də çəkəcək.

 

Və bu xəritədə görünür ki:

İngilis futbolu yüksəlişdədir – idarə olunur;

Alman futbolu dirənir – yenilənir;

İtalyan futbolu döyüşür – keçidlə;

Fransız futbolu potensialdır – lakin dağınıq;

İspan futbolu isə – gözləyir… - bəlkə də tənəzzülü.

 

Bəs bu proseslərin sonunda kim qalib gələcək? - Cavab bəlkə də tək bir klubun adı deyil, tək bir sistemin gələcəyini ifadə etməli…

Gün olsun - çox gec olmadan 

Avropada Azərbaycan, Qazaxıstan, 

Dünyada Türkiyə, 

Asiyada Özbəkistan futbolunun parlaq sonuclarından danışalım.


“Ədəbiyyat və incəsənət”

(18.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.