İtkin şəhid Təyyar Ağayev Featured

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

İnsan adlanan varlıq ona bəxş edilən ömrü müxtəlif məqsədlər üçün sərf edir. Ancaq öz həyatını müqəddəs bir amal uğruna fəda etmək hər insana nəsib olmur. Bu gün haqqında danışacağım insan 34 günlük körpəsini qoyub vətənin dar günündə cəbhəyə yola düşən Təyyar Ağayevdir.

 

Təyyar 1966-cı ildə Cəlilabad rayonunda anadan olub. 1992-ci ildə ali təhsilini yarımçıq qoyub cəbhəyə yola düşüb. 

90-cı illərin əvvəllərində yenicə müstəqilliyinə qovuşan Azərbaycanın başının üstünü qara buludlar almışdı.  Vətənin qeyrətli oğul və qızları bir nəfər kimi  könüllü olaraq cəbhəyə yola düşürdülər.  Minlərlə əli silah tutan gənc vətən uğrunda mübarizə aparmaqdan çəkinmədiyini bir daha dünyaya göstərmişdi. Qarabağın azadlığı uğrunda canını, qanını fəda edən minlərlə şəhidimiz vardır. Eyni zamanda bu günə qədər taleyi haqqında heç bir məlumata sahib olmadığımız minlərlə  “məzarsız şəhidlərimiz də” az deyil. Onlarında valideynləri, bacı-qardaşları, həyat yoldaşları gözlərini qapıya dikib Şəhidlərinin evinə gələcəyi günü gözləyir. 

 

Təyyar Şuşanın işğalı günü ön cəbhəyə yollanır. Ancaq ağır keçən döyüşdən nə ölüsü, nədə dirisi barədə xəbər çıxmır. Bu günə qədər də Təyyar barədə heç bir məlumat, ipucu yoxdur. 

Təyyar cəbhəyə yollanmamışdan əvvəl qızının dünyaya gəlişinə şahid olmaq üçün evə gəlir. Lakin müharibənin daha da sərt şəraitdə keçməsi səbəbindən bir gün sonra cəbhəyə geri dönür və qızı Samirə atasız böyüyür. Bir müddət atasının yoxluğu ondan gizlədilir. Samirə hər gün anasından, əmisindən atası ilə bağlı xəbər alır. Təyyar sanki bir daha qızını, ailəsini görə bilməyəcəyini hiss edibmiş kimi vəsiyyətnamə yazıb qoyur. 

Ailəsi Təyyarın yoxluğuna bu gün də öyrəşə bilmir. Onun geri qayıdacağına ümid edirlər.   Necə deyərlər,  “çıxmayan candan ümid kəsilməz”. 

Şəhadət haqq dərgahında cənnətə açılan ilk qapıdır. ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ETSİN.

 

“Ədəbiyyat və İncəsənət” 

(18.02.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.