Virciniya Azərbaycan Evi “CAN” Könüllülük və İnkişaf Proqramına qəbul elan edir

Virciniyada fəaliyyət göstərən Azərbaycan Evi istedadlı və həvəsli könüllüləri yeni yaradılmış “CAN” Könüllülük və İnkişaf Proqramına qoşulmağa dəvət edir. “Birlikdə Daha Güclüyük” şüarı altında baş tutacaq layihə icma ilə əlaqələri gücləndirmək, mədəniyyət mübadiləsini təşviq etmək, könüllülərin peşəkar və şəxsi inkişafına töhfə vermək üçün yaradılıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, proqramın hədəfi müxtəlif sahələrdən olan insanların bir missiya altında birləşdirilməsi, icma ilə əlaqələrin inkişafı, zəngin mədəni irsimizin qorunub saxlanılması, onun təbliğ edilməsidir. “CAN” Könüllülər Korpusu proqrama qoşulacaq hər bir könüllüyə uğur qazanmaq üçün lazım olan mentorluq və təlim imkanları təklif edir. Birlik, güc və firavanlığı təmsil edən nar isə layihənin simvolu seçilib.

Müxtəlif peşəkar və akademik təcrübəyə malik insanları proqrama qoşulmağa dəvət edən Azərbaycan Evinin koordinatoru Nigar İbrahimova, xüsusilə aşağıda qeyd olunan sahələr üzrə dəstək göstərmək istəyən könüllülərin axtarıldığını vurğulayıb:

Qrant yazılması: Mədəni, təhsil və sosial layihələr üçün maliyyə vəsaitinin əldə olunmasına kömək etmək.

Layihələrin planlaşdırılması və idarə edilməsi: İnnovativ ideyaları sistemli və strateji icra vasitəsilə həyata keçirmək.

Tədbirlərin təşkili: Mədəni tədbirlər, təhsil seminarları və şəbəkələşmə görüşlərinin təşkilinə dəstək olmaq.

Sosial media və icma ilə əlaqələrin qurulması: Rəqəmsal varlığı genişləndirmək və qlobal auditoriya ilə əlaqə yaratmaq.

Tərcümə və dil dəstəyi: Çoxdilli xidmətlər vasitəsilə ünsiyyət və əlaqəni asanlaşdırmaq.

Proqrama qoşulmaq istəyənlər Azərbaycan Evinin İnstaqram səhifəsindəki link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://www.cognitoforms.com/AzerbaijanHouse1/CANVolunteerCorps?fbclid=PAZXh0bgNhZW0CMTEAAaavIHJG7fRXou_h0CFNKRWiWf_FeD4LrZK2i6ZfJZ29JazGRNzRSlLOLds_aem_SzlCqmJ1jBXm8_nwaH8Prw

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.