20 Yanvarın susmayan harayı - ESSE Featured

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

20 Yanvar... Azərbaycan xalqının yaddaşında qara hərflərlə yazılmış, amma eyni zamanda bir xalqın iradəsinin, qürurunun və müstəqillik eşqinin ən uca zirvəyə qalxdığı müqəddəs bir tarix. 

 

Bu gün qanın torpağa qarışdığı, amma torpağın azadlıq toxumu ilə qidalandığı, bir millətin boyun əyməkdən imtina etdiyi bir gündür. 

O soyuq qış gecəsi Sovet tanklarının alov saçan lülələri ilə isindi. Bakının küçələri o gecə əbədi olaraq susmayacaq bir harayın şahidi oldu. Azadlıq deyə qışqıran xalqın səsi mərmi səsindən, zirehli texnikanın uğultusundan daha gur, daha sarsıdıcı idi. 

O gecə ölüm, qaranlıq bir kölgə kimi şəhərin üzərinə çökdü, lakin xalqın ürəyində yanan azadlıq atəşi bu qaranlığı məhv edib keçdi.

Günahsız insanlar yurd sevgisi ilə meydanlara axışdı. Bir tərəfdə silah, tank və güc, digər tərəfdə isə ürək, inam və Vətən sevgisi vardı. 

Şəhidləri qanlar içində yerdə görən insanlar bilirdilər ki, bu, bir xalqın ayağa qalxma anıdır. Hər bir şəhidin düşdüyü yer, azadlıq ağacının budaqlarını ucaldan kökə çevrildi. O ağacın kölgəsi bir daha əsarət zülmətinə yol verməyəcəkdi.

20 Yanvar yalnız qurban verilən canların deyil, həm də doğulan qəhrəmanlıq dastanının adıdır. O gecə şəhid olanlar qaranlıq bir gecəyə şəfəq gətirdi. Onların qanı ilə sulanan torpaq azadlıq üçün müqəddəs bir səcdəgah oldu. Şəhidlər özləri ilə bir xalqın təslim olmayan ruhunu ucaltdı, adlarını əbədi olaraq Vətən tarixinin qızıl səhifələrinə yazdılar.

Bu gün hər bir azərbaycanlının ürəyində o susmayan haray yaşayır. Şəhidlər Xiyabanında boylanan məzar daşları təkcə daş deyil – onlar xalqın iradəsinin simvoludur, azadlıq yolunda döyünən ürəklərin şahididir. 

20 Yanvar – xalqın qanı ilə yazılmış bir dastan, millətin əyilməzliyinin fəryadı və azadlıq eşqinin alovudur.

Hər il yanvar ayının şaxtalı günlərində, minlərlə insan Şəhidlər Xiyabanına axışır. Sükut içində yanıb qalan məşəllərin işığında bir xalqın keçmişi ilə gələcəyi, qanı ilə canı arasında körpü qurulur. O məşəllərdən süzülən işıq yalnız şəhidlərin deyil, həm də azadlıq eşqinin sönməyən işığıdır. Onlar öldü ki, Vətən yaşasın. Onlar şəhid oldu ki, xalq ayağa qalxsın.

20 Yanvarın harayı  əsrlər boyu dinməyəcək bir qışqırıqdır. O haray bizə azadlığın asan qazanılmadığını, lakin onu qazanmağın hər şeydən dəyərli olduğunu xatırladır. Həmin gün azadlıq yolunda qan axıdanların adı sonsuzluğa həkk olundu. Vətən torpağı onların müqəddəs qanı ilə islanıb, ruhları xalqın ürəyində əbədi olaraq yaşayır.

 

“Ədəbiyyat və incəsənət”

(21.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.