İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
II və III dərəcəli "Şöhrət" ordeni mükafatçısı, Böyük Vətən müharibəsi veteranı Mustafa Məmmədov 9 yanvar 1921-ci ildə Qərbi Azərbaycanın (İndiki Ermənistanın) Gəncə quberniyasının Qazax qəzasında, Qararaya kəndində doğulub.
Böyük Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb. 77-ci Azərbaycan diviziyasının tərkibində döyüş yolu keçib. Novorossiysk, Kerç uğrunda gedən qanlı döyüşlərdə iştirak edib.
Novorossiysk — Qara dənizdə Rusiyanın ən böyük müdafiə şəhəri idi. Bu şəhər Qara dənizin ən rahat dəniz körfəzlərindən birində yerləşir. 1941-ci ilin noyabr ayının ortalarında alman-faşist qoşunları Sevastopol istisna olmaqla, bütün Krımı ələ keçirmişdi. Ali Baş Komandanlığın 16 noyabr 1941-ci il tarixli qərarı ilə Novorossiysk Sevastopolun ərzaq təminatı bazası müəyyən edilmişdir. Faşistlər Novorossiysk şəhərinin mühüm strateji əhəmiyyətini nəzərə alaraq, qısa müddətdə limanı məhv etmək və mühasirəyə almağı planlamışdılar.
225 gün sahəsi 30 kvadrat kilometr olan bu plasdarmada qanlı döyüşlər davam edib. Bu ərazini onlarca artilleriya və minaatan batareyası atəşə tuturdu. "Kiçik torpaq" düşmənin böyük qüvvələrini özünə zəncirləyib və 1943-cü ildə onun qoşunlarının darmadağın edilməsində böyük rol oynayıb.
Sentyabrın 9-dan 10-na keçən gecə Mustafa Məmmədov uzun müddətdir gözlənilən, uzun aylar davam edən mühasirədən sonra Novorossiyskə hücumda iştirak etməyə hazırlaşırdı.
Şəxsi heyət məsuliyyətli vəzifəni yerinə yetirməli idi: ilk hücum üçün bir yol açmaq lazım idi. O zaman ordunun siyasi bölməsinin rəisi Leonid İliç Brejnev döyüşçülər qarşısında çıxış edərək onları həvəsləndirib.
"Bu çıxış həlledici döyüşə ilham verən, əsgərlərin ürəyinə yatan sözlər idi. Bu, bizə yeni qüvvə və düşməni mümkün qədər tez əzmək arzusu bəxş edən ruhlandırıcı söhbət idi", — deyə uzun illər sonra öz uşaqlarına Mustafa Məmmədov bildirib.
(Yeri gəlmişkən, sonradan SSRİ baş katibi olaraq şəxsiyyətə pərəstiş yeridən Brejnev “Kiçik torpaq” adlı kitabını okivar reklam etmişdi).
Həmin gün əsgərlər tərəfindən qəhrəmanlıq möcüzələri göstərilib. Faşistlər bu şiddətli müqavimət qarşısında tab gətirə bilməyiblər.
Qəhrəmanımız “Qafqazın müdafiəsinə görə" medalı daxil olmaqla altı medala layiq görülüb. Gördüyü işə vicdanlı münasibət göstərdiyinə görə 11 dəfə fəxri fərmanlarla təltif olunub. Böyük Vətən müharibəsində Qələbənin 40-cı ildönümündə Sumqayıtda məhz ona yeni "Əbədi məşəl" abidəsinin alovunu yandırmaq tapşırılıb. Sumqayıtda Leonid İliç Brejnevin 75 illiyi münasibətilə ad gününə təbrik teleqramını Kremlə məhz o göndərib.
O, 2001-ci ilin 9 iyununda Sumqayıtda dünyasını dəyişib.
Allah rəhmət eləsin Amin.
“Ədəbiyyat və incəsənət”
(09.01.2025)