Ayağını özü kəsən qazi - MƏTANƏT SİMVOLU Featured

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

 O, 1992-ci ildə Şuşa uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Tofiq Rzayevin (Tofiq Oğuzun) oğludur. Atası kimi qorxmaz, mərd və vətənpərvər biridir qəhrəmanımız. 

 

Müsahibələrinin birində deyir: “…Məyus olduğum yeganə şey tez yaralanmağım və ayaqlarımı itirməyim oldu. Arzum o idi ki, tez çatım Şuşaya. Çünki mənim atam orda həlak olub. Atamın ruhunu şad etmək və ora qələbə bayrağını ilk sancanlardan olmaq istəyirdim. Bunun üçün üstümdə xüsusi bayraq da gəzdirirdim…”.

 

Söhbət Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş, göstərdiyi qəhrəmanlığa görə   Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin müvafiq Sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Şücaətə görə”, “Füzulinin azad olunması”, “Cəbrayılın azad olunması” və “Qubadlının azad olunması” medalları ilə təltif edilmiş Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) zabiti, mayor Polad Rzayevdən gedir. Polad Həşimovun davamçısı Polad Rzayevdən. Polad kimi Poladdan.

Polad Rzayev 1989-cu ilin mart ayının 13-də Oğuz rayonunun Yaqublu kəndində Birinci Qarabağ müharibəsi şəhidi Tofiq Rzayevin ailəsində anadan olmuşdur.  

1996-cı ildə Yaqublu kəndindəki T.Babayev adına tam orta məktəbinin I sinfinə qəbul olmuş, VI sinfə kimi həmin məktəbdə təhsil almışdır. 2001-ci ildə ailəlikcə Bakı şəhərinə köçmüşdür. Oradakı 189 saylı lisey məktəbdə oxumuşdur. 

Daha sonra təhsilini C.Naxçıvanski adına Hərbi liseydə davam etdirmişdir. 2006-2010-cu illər arasında H.Əliyev adına Ali Hərbi Məktəbdə kəşfiyyat ixtisası üzrə təhsil almış, 2010-2011-ci illərdə Silahlı Qüvvələrin Təlim-tədris Mərkəzində xüsusi kəşfiyyat ixtisası üzrə təhsilini başa vurmuşdur. Bu illərdə müxtəlif ölkələrdə təcrübə keçmişdir. On ildə yaxın Xüsusi Təyinatlı Qüvvələrin tərkibində kəşfiyyatçı kimi xidmət etmiş, çoxsaylı əməliyyatların iştirakçısı olmuşdur. Aprel döyüşlərində bölük komandiri kimi iştirak etmişdir.

Vətən Müharibəsi başlayan ilk gündən döyüşlərdə iştirak edən qazimizin döyüş yolu Kəlbəcərdən - Murov dağından başlayıb. Onların taboru “Canavar qulağı” adlanan strateji əhəmiyyətli mövqenin alınması tapşırığını uğurla yerinə yetirib. Həmin əməliyyatdan sonra Cəbrayılın kəndlərinin azad olunması uğrunda döyüşlərdə iştirak etmişdir. Cəbrayıla qələbə bayrağını ilk sancanlardan biri də o olmuşdur.

Son döyüşü 2020-ci il oktyabrın 19-da Qubadlının erməni işğalçılarından təmizlənməsi olub. Həkəri çayının yaxınlığında–Dağtumas kəndi ətrafında döyüş tapşırığını yerinə yetirərkən piyada əleyhinə minaya düşüb. İki ayağını da topuqdan itirib.

 

Söhbət zamanı ehtiyatda olan mayor P.Rzayev xəyalən 2020-ci ilin payızına qayıdır və söyləyir ki, “…döyüş vaxtı sağ ayağım minaya düşdü, yıxılmamaq üçün sol ayağımı yerə basanda o da minaya düşdü. Zərbə məni yaxınlıqdakı dərəyə atdı. Ayaqlarımın ikisinin də topuqdan qopduğunu və vətərdən sallandığını gördüm. Özümü itirmədim, ilk tibbi yardımdan istifadə etdim. Sallanan ayaqlarımdan birini özüm kəsib üzdüm. Rabitə əlaqəsinə girib özümdən 300-500 metr aralı olan döyüşçülərimə vəziyyəti və yerimi nişan verdim. Onlar tezliklə köməyə gəldilər, ayaqlarıma turna qoyub və məni döyüş zonasından çıxardılar…”.

 

Polad “Yaşat” fondunun və dostlarının da dəstəyi ilə Almaniyada müalicəyə göndərildi. O, altı aya yaxın Berlində Almaniya ordusunun xəstəxanasında  müalicə aldı, üç əməliyyat keçirdi, daha sonra reabilitasiya və terapiya müddətini bitirdi, orada yüksək texnologiya əsasında hazırlanmış protezlərlə təmin olundu.  

Almaniyada müalicə alarkən  Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən və Türkiyənin xarici işlər nazirinin də iştirak etdiyi iftar yeməyinə dəvət olundu. Tədbir çərçivəsində Mövlud Çavuşoğlu qazimizlə görüşərək fikir mübadiləsi edib, ölkələrimiz, xalqlarımız, millətlərimizin qardaşlığı və birliyi bir daha vurğulanıb, qəhrəmanımızın şücaətindən danışılıb.

Altı aya qədər Almaniyada müalicə alan Poladı Vətənə yola salmaq üçün orada yaşayan soydaşlarımız möhtəşəm yolasalma mərasimi təşkil etmişdilər. Belə bir qarşılama mərasim də Bakıda olmuşdu. Bakıya ayaq basan Polad ilk olaraq şəhid döyüşçü dostlarının məzarlarını ziyarət etmişdi. Bu əslində bütün Vətən müharibəsi qəhrəmanlarına, şəhidlərimizə və qazilərimizə hörmət və ehtiramın təcəssümü idi. 

İndi Polad Rzayev alman səhiyyəsinin möhtəşəmliyi və yüksək texnologiyalı protezlərsayəsində ayaq üstədi! Bu gün  tam sərbəst hərəkət edə bilir. Onun yenidən ayağa qalxması hamı, ən çox da Vətən müharibəsi qaziləri üçün böyük stimul olmuşdur.

 

Qəhrəmanımız deyir ki, “Şuşaya qədər irəliləmək arzum ürəyimdə qalsa da, döyüş yoldaşlarım həmin arzunu həyata keçirdilər. Haqq savaşında qalib gəldiyimizə, torpaqlarımızı erməni separatçı qüvvələrindən təmizlədiyimizə görə çox böyük qürur hissi keçirirəm”. 

 

Özü isə ancaq 2021-ci ildə - 29 il sonra atasının Şuşadakı “Tar sexi” adlanan ərazidə şəhadətə ucaldığı məkanı ilk dəfə ziyarət edə bildi.  

Bu gün mayor P.Rzayev öz dözümü və iradəsi ilə nümunədir. İradənin və qəhrəmanlığın simvoludur. Təsadüfi deyildir ki, Almaniyada onu müalicə edən alman həkimi Gernot Kreçmeri Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı anım tədbirində P.Rzayevin mətanətli Azərbaycan əsgəri olduğunu, onun polad iradəsinin müalicəsinin uğurla nəticələnməsində və ayağa qalxmasında böyük rol oynadığını qeyd edirdi. İndi Polad protez ayaqlarla xizək sürür, sularda üzür, futbol oynayır, dağlara dırmaşır. 

O, həm də alpinistdir. Azərbaycan Alpinistlər Federasiyasının fəxri üzvüdür. İki ayağını itirmiş mayor qazimiz protezlə 2023-cü ildə “H.Əliyev zirvəsi”nə (3751 m.) qalxaraq bunu bütün şəhidlərə həsr etdiyini bildirmiş və özünün instaqram hesabında yazmışdı: ”…mən bura təkcə öz adımdan deyil, bütün qazilərimiz adından, onların hamısını ürəyimdə tutaraq gəlmişəm və burdan, dahi “H.Əliyev zirvəsi”ndən bütün qazilər adından üzümü həm azərbaycanlılara, həm də dünyaya tutub deyirəm ki, Ali Baş Komandanın bir əmri ilə mən və mənim kimi minlərlə oğullar nəinki vücudumuzun bir hissəsindən, canımızdan belə keçərək bütün zirvələri qət etməyə hazırıq”.  

Həmin ilin avqust ayında isə o, Avropanın ən hündür zirvəsi olan Elbrus zirvəsini (6542 m.) də fəth etmiş (İ.Aşurlu ilə) və orada Azərbaycan Respublikasının dövlət bayrağını dalğalandırmışdır. 

Cavid Səmədovun yönəltmənliyi ilə çəkilən, 26-dan çox ölkədə nümayiş olunan, 34-dən artıq festivalda mükafatlar alan “Half Steel –Yarı Çelik“ filmi P.Rzayevin həyat hekayəsini anladır. Mövzusu gerçək hadisələrdən götürülmüş bu filmdə Poladın həm fiziki, həm də psixoloji cəhətdən özünü yenidən bərpa etmək yolundakı uğurları ekrana daşınmışdır. Onun vücudunda daşıdığı çelik (ayaqlarındakı polad) həm adının anlamı, həm də yenilməz iradəsinin simvolu kimi mənalandırılır. 

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.