Ermənistanın xilası Qərbin hərbi dəstəyindən yox, Azərbaycanla sülh sazişinin imzalanmasından keçir.
Bu sözləri “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov deyib.
Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədə səsləndirdiyi fikirlər bu baxımdan mühüm əhəmiyyətə malikdir: “Azərbaycan Prezidenti “Vesti nedeli” proqramının müəllifi və aparıcısının suallarını cavablandırarkən bir daha Qərbin Ermənistanı silahlandırmaq siyasətini, bu siyasətin arxasında dayanan məqamları ifşa etdi. Dövlət başçısı bildirdi ki, Fransa, Hindistan və ABŞ Ermənistana ciddi hərbi dəstək göstərməkdə və onu sürətlə silahlandırmaqdadır. Bu isə o deməkdir ki, hər üç dövlət regionda vəziyyətin yenidən gərginləşməsində, yeni qarşıdurmaların yaranmasında maraqlıdır. Nə qədər qəribə, məntiqə zidd olsa da, məhz həmin ölkələr – Ermənistanı silahlandıran dövlətlər Cənubi Qafqazda sülhün təmin olunmasında maraqlı olduqlarını iddia edirlər. Çünki hər kəs Ermənistana verilən ölümcül hücum silahları ilə sülh anlayışı arasında hər hansı əlaqənin olmadığını yaxşı başa düşür. Bütün bunlar isə onu deməyə əsas verir ki, Cənubi Qafqazda yaşana biləcək mümkün qarşıdurmalara görə məsuliyyət Ermənistanla yanaşı, həm də Fransa, Hindistan və ABŞ-ın üzərinə düşəcək”.
Müsahibimiz fikirlərinə davam edərək deyib: “Ermənistan anlamalıdır ki, onu sıçrayışla silahlandıran və yeni təxribatlara həvəsləndirən həmin dövlətlərin heç biri dar məqamda ona kömək etməyəcək. Prezident İlham Əliyevin də dediyi kimi, biz buna həm 2020-ci ilin 44 günlük Vətən müharibəsi, həm də 2020-ci ilin antiterror tədbirləri zamanı şahid olduq. Həmin vaxt Fransa müxtəlif bəyanatlar, dezinformasiyalar səsləndirsə də, bunların heç biri qarşıdurmaların nəticələrinə təsir göstərmədi. Azərbaycan döyüş meydanında əldə etdiyi qələbələr hesabına ədaləti bərpa edərək hər şeyin onun istədiyi kimi olacağını sübut etdi. Bu səbəbdən də Ermənistan həmin dövlətlərin vədlərinə aldanmamalı, Azərbaycanın sülh səylərini dəstəkləməklə regionun təhlkəsizliyində iştirak etməlidir. Ermənistan və onun xilası üçün başqa bir yol, başqa bir alternativ mövcud deyil”.
“Ədəbiyyat və incəsənət”
(20.12.2024)