Hörmətli Mehriban xanım Əliyeva!
Sizin ictimai-siyasi fəaliyyətiniz, xalqımızın milli mənəvi dəyərlərinə diqqətiniz, Azərbaycan qadını obrazını dünyaya tanıtmanız, Azərbaycan mədəniyyətinin hamisi kimi misilsiz xidmətləriniz, mərhəmətiniz, xeyirxahlığınız, xeyriyyəçiliyiniz bütün Azərbaycan xanımlarına örnəkdir.
Şəxsiyyət kimi xarakterizə edərkən aydın görmək mümkündür ki, siz ənənəviliklə müasirliyin, tarixi köklərə bağlılıqla dünyəviliyin əsas prinsiplərini birləşdirməyi bacaran milli ruhumuza sarsılmaz tellərlə bağlanan lider qadınsınız.
Sizin gənc və müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığınız yorulmaz mübarizə yeni Azərbaycanın tərəqqisində, uğurlarında önəmli rol oynayır. Humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərdən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinizin təməlində millətə layiqli xidmət dayanır.
Müsahibələrinizin birində vurğulayırsınız ki, həyatda hər kəsin yerini və taleyini tarix müəyyən edir. Sizin də şərəfli tariximizdə öz iziniz var, bu iz əbədi qalacaq.
Siz vətənpərvər, maarifpərvər, tərəqqipərvər Azərbaycan qadınlarından bizə qalan qiymətli mirası ləyaqətlə yaşadırsınız. Sizin həm vətəndaş mövqeyiniz, həm siyasi xadim, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətiniz misilsizdir.
Heydər Əliyev Fondunu yaratmaqla Ulu Öndər Heydər Əliyevin Vətənimizin, xalqımızın inkişafı və rifahı naminə gördüyü işləri, onun işıqlı ideyalarını yüksək səviyyədə davam etdirirsiniz. Sizin fəaliyyətinizlə Fond nəinki Azərbaycanda, regionda, eləcə də dünyanın bir çox inkişaf etmiş ölkələrində çox nəhəng layihələrə imza atır, Azərbaycanın milli mənəvi dəyərlərini, mədəniyyətini, əcdadlarımızın məşğuliyyətinin və sənətkarlıq qabiliyyətinin özünəməxsusluğunu beynəlxalq miqyasda fədakarlıqla təbliğ və təmsil edir.
Mənəvi zənginlik paylaşdıqca çoxalır, miqyası, təsir gücü, dəyəri artır, xalq öz mədəniyyətinə və mənəviyyatına xas cəhətləri daha uzaq, geniş arenalara yayır, həm özü zənginləşir, həm də yad mədəniyyətlərə malik insanları zənginləşdirir, daşıdığı mental dəyərlərə beynəlmiləlçilik qazandırır. Bu mənəvi kriteriyalara sahib xalq özünü dünyada tanıdır, qəbul olunur, belə xalqların nümayəndələri ilə hesablaşmalı olurlar. Siz xalqı tanıdan, mədəniyyəti zənginləşdirən, mənəviyyatı qoruyan Azərbaycan xanımısınız.
Siz qayəsində Vətən, xalq sevgisi dayanan Heydər Əliyevin mənalı ömür yolunu məktəbləşdirmisiniz.
Beynəlxalq tədbirlərdə qadın hüquqlarının, gender bərabərliyinin təmsilçisi kimi çıxışlarınız, qadın zorakılığına qarşı barışmaz mübarizəniz ölkəmizin nüfuzunu dünya arenasında artırır. Məhz bu və digər fəaliyyətiniz mötəbər kürsülərdən alqışlanır. UNESCO-nun baş direktoru İrina Bokova çıxış və məruzələrində, müxtəlif görüşlərdə həmişə xüsusi qeyd edir ki, Sizi xoşməramlı səfirlər sırasında görmək bizim üçün, UNESCO üçün şərəfdir, Siz UNESCO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız.
Siz Azərbaycan mədəniyyətinin hamisisiniz. Sizin fəaliyyət proqramınızın əsas prinsipləri xalqın milli və mənəvi dəyərlərinə sayğı, əxlaq qaydalarına ehtiram, elmə, təhsilə mədəni irsə qayğıdır. Çıxışlarınızda önə çəkirsiniz ki, müasir dünyada hər bir ölkənin inkişafı, dünya birliyinə inteqrasiyası üçün təhsilin, mədəniyyətin əhəmiyyəti əvəsizdir. Məhz buna görə də Heydər Əliyev Fondu yarandığı gündən təhsilə, mədəniyyətə, insanların sağlamlığına diqqəti və yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir.
Sizin misilsiz xidmətiniz, yorulmaz səyləriniz nəticəsində UNESCO ilə sıx əməkdaşlıq yüksək töhfələr verməkdədir. Artıq ölkəmizin neçə-neçə qeyri-maddi mədəni irs nümunəsi UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmuşdir. Onlardan biri də ənənəvi 24-28 noyabr 2014-cü il tarixində Parisdə keçirilən Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin doqquzuncu sessiyasında “Kəlağayı sənəti və simvolizmi, qadın ipək örtüklərinin hazırlanması və istifadə olunması” UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Beləliklə, bu əlamətdar hadisəyə əsasən ölkəmizdə 26 noyabr “Azərbaycan Kəlağayısı Günü kimi qeyd olunması Sizin misilsiz xidmətinizin uğurlu nəticəsidir.
Kəlağayını mükəmməl sənət nümunəsi, mənəvi dəyər, Azərbaycan qadının abır-həya, namus, ismət rəmzi kimi təqdim edəndə Sovet rejimində qıcıq yaradırdı. Hətta Sovetin mürtəce siyasəti nəticəsində ictimai fəal, vəzifəli qadınlara baş örtüyündən istifadə qadağan edilmişdi. Sizin sayənizdə kəlağayı indi qadınların başının tacı kimi dəyərləndirilir. Sizin cənab Prezidentimiz İlham Əliyevlə 2022-ci il, avqustun 12-də İsmayıllı rayonunun qədim Basqal kəndinə səfəriniz zamanı kəlağayı sexində olmanız, kəlağayıya naxış vurmanız, ustalarla maraqlı söhbətiniz, başınıza örtdüyünüz, çiyninizə saldığınız kəlağayı çox qadınların marağına səbəb oldu, diqqətini çəkdi, kəlağayı sevgisini artırdı.
2024-cü il, noyabrın 26-da kəlağayının UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına salınmasının 10-cu ildönümüdür. Sizin əməli işləriniz bir daha təsdiq edir ki xalqımız yaşayır, yaradır, onun tarixi və mənəvi irsi hər zaman geniş təbliğ olunmalı, dünyaya, gələcək nəsillərə çatdırılmalıdır.
Hörmətli Mehriban xanım, əksər milli dəyərlərimizə sevgisi olan bütün Azərbaycan qadınları kimi kəlağayı mənim üçün əzizdi, müqəddəsdi, doğmadı. Mən anayam, nənəyəm, bacıyam, xalayam, qaynanayam, anamın, Vətənimin sevimli qızıyam. Kəlağayı o qədər müqəddəsdir ki, varlığı bizim mənəvi aləmimizin saflığını qoruyub. Başına kəlağayı örtən Azərbaycan qadını bu müqəədəs baş örtüyümüzə xəyanət edə bilməz.
Kəlağayı milli düşüncəmiz, milli ruhumuz, milli kimliyimizin təsdiqidir, xatirə yaddaşımız - şad və kədərli günlərimizin şahidi, milli mədəniyyətimizin, sənətimizin ayrılmaz hissəsidir. Bu düşüncələrə səbəb Sizin kəlağayıya dəyəriniz, diqqətinizdir.
Sizin kəlağayının UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına salınması kimi uzaqgörən ideyanızdan ruhlanan, bu ideyanı fəaliyyət proqramı kimi qəbul edən Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi yarandığı 5 il müddətində daim kəlağayını təbliğ edir, tanıdır. Müxtəlif tədbir və görüşlərdə qədim baş örtüyümüzün mənəvi dünyamıza zənginlik gətirdiyini əsas tutaraq Vətənimizin gələcəyini etibar etdiyimiz gənc nəslin tərbiyəsində önəmli əhəmiyyətinə xüsusi xüsi diqqət yetirir. Son illərdə İctimai Birliyimiz Azərbaycanı şəhər-şəhər, kənd-kənd gəzərək “Sazlı, Sözlü Kəlağayı Günləri” keçirir. Xətai rayonunda və Şuşada keçirdiyimiz “Kəlağayı Festivalı”nı tamaşaçıların böyük coşqusuna səbəb oldu. Təhsil ocaqlarındakı tədbirlərdə məktəblilər və tələbələrin kəlağayıya sevgisi bizi ruhlandırır. Artıq kəlağayı milli təfəkkürümüzün, mənəviyyatımızın ayrılmaz atributuna çevrilib.
Artıq iki ilə yaxındır ki, Birliyin nəzdində şəxsi “Kəlağayı Muzeyi” yaratmaq ideyamızı gerçəkləşmişik. Muzeyin açılışında Özbəkistandan ölkəmizə elmi simpoziuma gələn 15 nəfər elm adamı, Azərbaycanın elm, sənət, söz nümayəndələri iştirak ediblər. Evimizin ən geniş otaqlarından birində fəaliyyət göstərən muzeydə 200-dən çox kəlağayı, 100-dən çox toxuma əl işlərim, tariximizi yaşadan qədim əntiq və məişət əşyaları, rənggarlıq əsərləri nümayiş etdirilir. Eksponatlar artdıqca darısqallıq yarandığından dəyərli mədəni irsimizi ziyarətçilərə layiqincə nümayiş etdirmək çətinləşir.
Hörmətli Mehriban xanım, 2024-cü il, avqustun 26-sı Sizin doğum gününüz, 60 illik yubileyinizdir. Sizi - alicənab, müdrik, insanpərvər, kübar, kreativ, yüksək erudisiyalı, güclü, cəsarətli, həmçinin mərhəmətli, zərif Azərbaycan xanımını təbrik edirik.
Sizi noyabrın 26-da İkeçiriləcək növbəti “Kəlağayı Festivalı”nda görmək bütün Azərbaycan xanımları üçün şərəf olar.
Hörmətlə:
Güllü Eldar Tomarlı,
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şəxsi Kəlağayı Muzeyinin direktoru.
“Ədəbiyyat və incəsənət”
(26.08.2024)