Güllələrdən və mərmilərdən qorxmayan hərbi jurnalist - RAHİB QƏRİBİN DOĞUM GÜNÜNƏ Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Deyir ki,- “Sovet dönəmində, 8-ci sinifdən başlayaraq "Смена" fotoaparatı ilə şəkillər çəkib aşılayardım. İndi “aşılamaq” ifadəsini də, fotoda önəmli olan “проявитель”, “закрепитель” kimyəvi maddələrini də, "baçonka", "lent", "uveliçitel" ifadələrini də necə izah edim, bilmirəm. Elə ki, yeni texnologiyalar çıxdı, "Lomo", "Fed", "Zenit" fotoaparatlarımı da, "uveliçitelimi" də, bütün "dəfə-darağı" da aparıb verdim mərkəzi univermağın həndəvərində dostumuzun açdıği "Old city" kafesinə...”

 

Bəli, haqqında söhbət açmaq istədiyim Rahib Qərib yaradıcılığa məhz həvəskar fotoqraf kimi başlayıb və çox keçməyib ki, çəkdiyi şəkillər müxtəlif qəzetlərin səhifələrində öz əksini tapıb, geniş oxucu kütləsinə təqdim olunub…

1967-ci ildə Yardımlı rayonunun Dağüzü kəndində anadan olan bu çılğın, necə deyərlər, dəli-dolu, comərd qəhrəmanım orta məktəbi başa vurduqdan sonra Bakıya üz tutub, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Sabiq sovet ordusu sıralarında xidməti Daxili Qoşunların Uzaq Şərq və Şərqi Sibir dairəsinin "Dalnevostoçnıy çasovoy" qəzeti redaksiyasında keçib. Jurnalist fəaliyyətinə isə Yardımlı rayonunun "Zirvə" qəzetində başlayıb. Elə o vaxtdan da mətbuat sahəsində çalışır. Bir müddət Azərbaycan Dövlət Televiziyasında “Səhər proqramı”nın aparıcısı, redaktoru olub. 1993-cü ildən 2010-cu ilə qədər Müdafiə Nazirliyinin sənədli filmlər kino-telestudiyasının baş redaktoru vəzifəsində xidmət keçərək ardıcıl cəbhə bölgələrindən hazırlanan, AzTV-də efirə verilən “And” hərbi proqramının müəllifi və aparıcısı işləyib. 

Birinci Qarabağ savaşından, əsgərlərimizin döyüş yolundan, ordu quruculuğundan bəhs edən onlarla sənədli filmin müəllifidir. Müharibə veteranı, tanınmış müharibə reportyorudur. Ölkədə hərbi jurnalistlərdən biri kimi tanınır. 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələri sıralarından ehtiyata buraxıldıqdan sonra əvvəlcə ANS-də "Marş" hərbi-vətənpərvərlik proqramının layihə rəhbəri, müəllifi və aparıcısı olub, daha sonra isə “Real” televiziyasında çalışıb...

“Elə günlər görmüşəm ki, göydən od-alov yağarkən güllə yanağımı yalayıb keçib. Gəncliyimin ən parlaq çağında sönən bir ulduz kimi axıb boşluğa, həyatın dibinə enmişəm. Xəyalımdan ancaq qələbə istəyi keçib. Atılan güllələrin viyiltisından, partlayan mərmilərin hənirtisindən qorxmamışam, əksinə qəlbim isinib.”- söyləyir.

Deyir ki,- “Universitet müəllimim Nəsir Əhmədli hərdən məni bəzi toplantılara dəvət edirdi ki, gənc jurnalistlərə məsləhət verim. Onlara demək istəyirəm ki, bilib-bilmədiyinizi, ağzınıza gələni yazmayın. Jurnalist adıyla ortalığa atılıb, camaatın beynini boş-boş  şeylərlə doldurmayın. Dünən şoudan yazan, bu gün hərbidən yaza bilməz. Təəssüf edirəm ki, 1-2 saytı çıxmaq şərtiylə, kim nə istəyir, onu yazır. Məncə hərə öz bildiyi işin qulpundan yapışsa daha yaxşı olar. İndi işini bilən təcrübəli jurnalistlərimizi barmaqla saymaq olar. Ağlı başında olan, millətini, xalqını düşünən adam heç bir zaman yalan məlumat yaymamalıdır...”

Qırx ilə yaxın jurnalist işləyib. İndiyədək müxtəlif yerlərdə çalışsa da, hazırda müstəqil jurnalist kimi fəaliyyətini davam etdirir...

Rahib Qəribin növbəti ad gününü qeyd etdi. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayırıq.

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.