“Mənim nəzəriyyəmə ilk inanan Rafiq Əliyev oldu…” - ƏHMƏD QƏŞƏMOĞLU Featured

“Ədəbiyyat və incəsənət” portalı Ahəngyol  elmi nəzəriyyəsinin banisi,  sosioloq Əhməd Qəşəmoğluya müraciət edərək ondan nəzəriyyə barədə oxucularımıza bilgi verməsini xahiş edib. 

 

Əvvala onu deyim ki, son vaxtlar ahəngyol elminə beynəlxalq elmi dairələrdə maraq artıb. Bu münasibət elə ahəngyolun faydalı olmasının qəbul edilməsi kimi də başa düşülə bilər. Amerikanın iki jurnalı məni redaksiya heyətinə üzv daxil etmək üçün dəvət göndəriblər. Bir neçə jurnaldan isə məqalə yazmaq təklifi edilib. İndi mən böyük məmuniyyətlə həmin məqalələr üzərində işləyirəm. Bəli, uzun illər idi ki, mən ahəngyol elminin vacibliyi barədə, necə deyərlər, haray çəkirəm. Korona virus bəlası mənim bu harayımın əbəs olmadığını göstərdi. Məmuniyyətlə qeyd etmək istəyirəm ki, ahəngyol elminin ciddiliyinə ilk inanan xalqımızın fəxri olan, dünya şöhrətli böyük alimimiz Rafiq Əliyev oldu. Geniş ürəkli, əsil elm adamı olan Rafiq müəllim bu elmin tezislərini dahi Lütvi Zadəyə də göndərdi və o da həmin tezisləri Koliforniya Universitetinin elm aləmində çox nüfuzlu olan BİSC elektron jurnalına təqdim etdi. Bundan sonra beynəlxalq aləmdə ahəngyol elminə yaşıl işıq yandı. Xeyli Beynəlxalq elmi konfranslarda məruzələr etdim və yüksək indeksli jurnallarda məqalələr çıxdı. Çindən, Yaponiyadan, Avropa ölkələrindən elmi konfranslara xüsusi dəvətlər aldım. Bu yaxınlarda Amerikanın çox geniş yayılan “Business and Economics” jurnalı da ahəngyol elmi barədə geniş bir məqalə verdi. Görünür bu məqalə də beynəlxalq aləmdə ahəngyola marağı daha da artırıb.

 

Bəli, artıq korona virus və ümumən yer üzündə baş verən başqa proseslər onu göstərir ki, yer üzündə ahəng pozulduğuna görə, ahəng yolu ilə getmədiyimizə görə bu qədər problemlər yaranıbdır. Bu mənada düşümürəm ki, indi ahəngyol elminin faydası daha artıq səviyyədə duyulacaq və qabaqcıl ölkələr ondan istifadə edəcəklər.

 

Ahəngyol elminin əsas müddəalarından biri odur ki, əgər kainat ahəng prinsipləri ilə mövcuddursa və fəaliyyətdədirsə, o zaman ahəngi pozan hər bir fəaliyyət hökmən problemlər yaradır. Bu ona bənzəyir ki, məsələn, insanın bədəninə, bu bədənin mövcudluq və fəaliyyət prinsiplərinə uyğun olmayan bir müdaxilə edilsin. O zaman təbii ki, müdaxilə edilən orqanda, ümumiyyətlə bədəndə problemlərin yaranması qaçılmaz olur. Ortaya sual çıxa bilər ki, bəs ahəng prinsiplərini konkret olaraq necə müəyyənləşdirmək olar. Cavab sadədir. Mövcud olan hər bir varlığın özünün konkret təyinatı vardır. Əgər hansısa bir varlıq öz təyinatına uyğun olaraq fəaliyyətdədirsə, o daha çox ahəng vəziyyətindədir. Həmin varlıq öz təyinatına uyğun vəziyyətdəki fəaliyyətindən kənarlaşdığı qədər ahəng vəziyyətindən uzaqlaşır. Ahəng vəziyyətindən uzaqlaşmış obyektlər biri-biri ilə qarşılıqlı fəaliyyətdə olduqca ahəngin pozulması daha da güclənir. Təbiətdəki bütün varlıqlar insan müdaxiləsi olmadıqda öz təyinatlarına uyğun olaraq fəaliyyət göstərirlər və onların fəaliyyəti birbaşa və ya dolayısı yolla təbiətin ahənginə xidmət edir. Buna təbii ahəng deyək. İnsanın öz idraki fəaliyyəti ilə ahəngin pozulmasına xidmət edən bir şey yaratdıqda, o yaranmış şeyin özünün də ahəng prinsipləri olur. Yəni həmin şey də öz təyinatına uyğun olaraq fəaliyyətdə olduqca təbii ahəngi daha çox dağıdır. Ahəngyol elminin ierarxik təsirə dair müddəasına görə, kainatda hər bir alt sistemdə ahəng pozulduqda, üst sistemlər bu ahəngi bərpa etmək üçün hərəkətə keçir. Bu ahəngi bərpa etmək üçün fəaliyyət başlayır. Ahəngi bərpa etmək mümkün olmadıqda həmin alt sistem ləğv edilir. Bunu nəzərə alaraq demək olar ki, insanın idraki yolla, ahəngin pozulmasına yönəlmiş yaratdığı istənilən bir şey, yer üzündə ahəngi pozmaqla yanaşı, kainatdakı üst sistemlərlə münaqişələrin yaranmasına səbəb olur. Üst sistemlərin ahəngin pərpası ilə bağlı hərəkətə keçməsi yer üzündə münaqişələrin, gərginliyin daha da artmasına səbəb olur. İnsanların sayı çoxaldıqca, yer üzündə təbii ahəngi pozan vasitələrin sayı artdıqca bu münaqişələr, gərginlik daha da artır. Ona görə də yer üzərində insanın istənilən bir fəaliyyəti bu deyilənləri nəzərə almaqla həyata keçirilməlidir. Bu deyilənləri nəzərə almadan qurulan iqtisadi nəzəriyyələr, iqtisadi mexanizmlər də uzun müddətli uğur gətirə bilməz. Təəsüf ki, indiki vaxtda bu səhflərin nəticəsində yer üzündə gərgin bir vəziyyət yaranmışdır.

 

Ahəngyol elminin öz konkret obyekti, predmeti, kateqorial sistemi, tədqiqat metodları vardır. 

Ahəngyol elmi belə bir suala cavab verə bilər ki, yer üzündə indi mövcud olan problemlərin əsas səbəbləri nədir. Artıq min illərdir ki, bütün dini kitablar, peyğəmbərlər, müdrik insanlar bizi yer üzünün ahəngini pozmamağa çağırır. Diqqətlə fikir versəniz, görəcəksiniz ki, bütün dinlərin kəsişmə xətti ahəng ideyasıdır. Hər dinin əsas prinsipləri, öz metodları ilə bizi yekunda dunyanın ahəngini pozmamağa çağırır. Bu ahəngin olması üçün ən mühüm olan insanların mənəvi dəyərlərə münasibətidir. Artıq bütün tarix göstərir ki, ölçüsündən asılı olmayaraq, hansı sosial sistemdə mənəvi dəyərlər öndə olanda o sistem özünü ahəngdar şəkildə tənzimləyir. Mənəvi dəyərlər arxa plana keçdikdə isə gərginlik, qarşıdurma, münaqişələr, müharibələr baş verir. Bu ailədə də belədir, təşkilatda da, ölkədə də, bütün yer üzündə də. İnsanlar əvvəllər, bütün tarix boyu tarixi şəraitə uyğun olaraq cahangirlik, maddiyyatçılıq prinsipləri əsasında fəaliyyətdə olublar. Kapitalizm sistemində müəyyən bir nizam yaransa da, yenə maddiyyat – kapital əsas hərəkətverici qüvvə olub. Mənəvi amillərin həlledici rol oynaması üçün şərait yaradılmasına imkan verilməyib. Orta əsr islam alimləri bunu hiss etmişlər və onların elmi baxışlarının strategiyaları mənəviyyatın önə çəkilməsinə xidmət edirdi. Məhz ona görə də o dövrün elmi, poeziyası mənəviyyata, hikmətə köklənmişdi. Qobusnamə, N. Tusinin “Əxlaqi Nasiri” və bu kimi onlarla kitablar bu ideyaya xidmət edirdi. 16-17 əsrdə dünyəvi elmlərdə diktə qərb alimlərinə keçdi. Onlar isə daha çox rasionalizmə və praqmatizmə, türklər demiş fürsətcilliyə üstünlük verdilər. Dünyəvi elmlər daha çox praqmatizmə kökləndi. Kapitalizmin inkişafı fonunda formalaşan elmlər, xüsusi ilə 18 – ci əsrdə Adam Smitdən başlayan, bu gün də davam edən iqtisadi nəzəriyyələrin kökündə əsasən iki mühüm prinsip dayanır: yer üzündə resurslar(ehtiyyatlar) məhduddur və insanın təlabatı qeyri-məhduddur. İqtisadiyyatın isə əsas vəzifəsi odur ki, elə mexanizmlər qurulsun ki, insanların təlabatı maksimum şəkildə yerinə yetirilsin. Elə dini kitabların, müdrik insanların fəlsəfəsinin dediklərini birbaşa yada salsaq, bu müddəaların təhlükəli olduğunu dərhal görmək olar. İslam alimlərinin də bir çoxunun dediyi kimi, yer üzünün resurslarından səmərəli istifadə edilməli, insanların təlabatları tənzimlənməlidir. Əgər mənəvi amillər haqda danışılmadan elan edilirsə ki, yer üzündə resurslar məhdud və insan təlabatı qeyri-məhduddur, o zaman bütün qarşıdurmalara, fırıldaqlara, müharibələrə, işğallara haqq qazandırmaq olar. Çünki, hər kəs bu məhdud olandan özünə daha çox götürmək istəyir. Amma əslində elm elə bir yolla inkişaf etsəydi ki, insanlar yer üzünün ehtiyatlarından daha səmərəli istifadə etməyin yollarını öyrənsinlər və öz təlabatlarını fəaliyyətlərinə uyğun olaraq tənzimləsinlər, o zaman indi yer üzündə tamamilə başqa bir mənzərə yaranardı. 

 

Ötən əsrin 70 – ci illərindən başlayaraq yer üzündə baş verən qlobal problemlər də indiki ağır vəziyyətin yaranmasına səbəb oldu. Bu problemlərdən ən birincisi insan artımı problemidir. Təəsüflə demək lazımdır ki, müasir elmi düşüncə bu qlobal problemlərin həll edilməsi sahəsində lazimi işlər görə bilmir. İndiki elmi paradiqmanın prinsipləri problemləri lazımi səviyyədə nəzərə almaqda çətinlik çəkir.

 

Ahəngyol tamamilə yeni bir elmi paradiqmadır. Misal üçün götürək, indi ən mühüm olan, yer üzünü necə deyərlər lərzəyə salan əhali artımi kimi qlobal problemi. Hamı böyük həyacanla yer üzündə insanların sayının sürətlə artmasından, bununla da yer üzünün resurslarının insanlara çatmayacağından danışır. Həm də bu artım əsasən zəif inkişaf etmiş ölkələrin hesabına baş verir. Həqiqətən də, əhali artımının belə sürətlə getməsinin qarşısını almağa böyük ehtiyac var. BMT əhali artımının sürətini azaltmaq üçün maarifləndirmə yoluna üstünlük verir. Eyni zamanda bir sıra başqa metodlar da həyata keçirilir. Amma yer üzündə əhali artımının sürəti hələ də həyacan verici səviyyədədir. Çıxılmaz bir vəziyyət yaranıb. Ötən əsrin 90 – cı illərindən S. Handiqtonun “sivilizasiyaların toqquşmasının qaçılmazlığı” nəzəriyyəsi ortaya çıxdı. Ahəngyola görə, bu olduqca yanlış, təhlükəli bir nəzəriyyədir. Yer üzünü bir orqanizmlə, lap elə insanın bədəni ilə müqayisə etsək, orqanların biri-biri ilə toqquşmasının qaçılmazlığından danışana nə ad vermək olar? Elə həmin nəzəriyyə kimi baxışlara görə formalaşan çoxüzlü beynəlxalq siyasət hesabına yer üzü indi bu günə gəlib çıxdı. İndi ortaya Bill Qeytsin nəzəriyyəsi çıxıb. İnsanların beynindən Allah sevgisini, Allah ideyasını silmək, insanların bədəninə elektron vasitə olan cipslər yerləşdirmək, vaksinasiya həyata keçirmək və insanların sayını azaltmaq. Çox vəhşi bir yanaşmadır. Amma insanların sürətlə artmasının qarşısını almaq üçün kimlərsə bu ideyanı məqbul olaraq qəbul edə bilər. Təəsüf. Hansı ki, yer üzündə əhali artımının qarşısını çox asan bir yolla almaq olar. 

 

Ahəngyol elminin müddəalarına görə təhlil etdikdə bu qənaətə gəlmək olar ki, son 50 ildə əhali artımının sürətinin qarşısını almaq üçün həyata keçirilən tədbirlər uğurla seçilməmişdir. Əslində, əhali artımının sürətini azaltmaq üçün yer üzünün artıq təbii yolla sınaqdan çıxardığı metodlardan istifadə edilməliydi. Yuxarıda göstərilən misalda deyildiyi kimi, cərrah hər hansı bir bədənə müdaxilə etdikdə yalnız o zaman uğurlu sonluq ola bilər ki, o bədən sisteminin qanunauyğunluqlarına görə hərəkət etsin. Yer üzü, özü təbii yolla təsdiq etmişdi ki, hər bir ölkədə, bölgədə əhali artımının sürəti o zaman aşağı düşür ki, oranın əhalisin get-gedə savadı artır, mədəni səviyyəsi yüksəlir, hər bir insan zəif inkişaf etmiş ölkələrdə olduğu kimi yalnız uşaqları üçün yox, həm də özü üçün yaşamağa üstünlük verir. Yəni savad, mədəniyyət artdıqda əhali artımı məsələsi özü-özünə tənzimlənir. Əgər silahlara xərclənən pullar yer üzünün hər yanında əhalinin təhsilinin, elminin, mədəni səviyyəsinin artmasına sərf edilsəydi, eyni zamanda, paralel olaraq maarifləndirmə, beynəlxalq hüquqi nəzarət də həyata keçirilsəydi, o zaman əhali artımının sürəti indikindən xeyli aşağı olardı. Beynəlxalq hüquqi nəzarət dedikdə məsələn, hər bir ölkənin öz əhali artımını özünün tənzimləməsi sahəsində beynəlxalq öhtəlik götürməsini və bu öhdəliyin həyata keçirilməsinə nəzarət nəzərdə tutula bilər. Başqa variantlar barədə də düşünmək olar. 

 

Aydındır ki, yer üzünün hər tərəfində həmin inkişaf etmiş əhali öz bölgəsinin təbii sərvətlərindən daha çox yararlanmağa kömək edərdi. Təbii sərvətlərdən istifadə sahəsində elmin qazanacağı yüksək nəaliyyətlər yer üzündəki resursların indikindən qat-qat çox olmasına imkan verəcəkdi. Əhali bütün yer üzündə, bir çox Avropa ölkələrində olduğu kimi get-gedə təbii yolla azalacaq və elmin, texnikanın inkişafı hesabına istifadə olunan təbii sərvətlər daha da çoxalacaqdı. Yer üzündə elm, mədəniyyət xeyli inkişaf edəcəkdi. Bu həqiqət hamı tərəfindən dərk ediləcəkdi ki, hər bir sosial sistemdə ahəngdar inkişafa kömək edən mənəvi dəyərlərə üstünlük verdikdə o sosial sistem özü-özünü ahəgdar olaraq tənzimləyir. Əks halda münaqişələr, ziddiyyətlər, qarşıdurmalar günü-gündən artır. Qlobollaşma olduqca faydalı nəticələr verəcəkdi. Silahlanma, güc nümayişi üstünlük kimi yox, gerilik əlaməti kimi beynəlxalq aləmdə tənqid olunacaq və onun qarşısı daha uğurlu şəkildə alınacaqdı. Tamamilə yeni bir əxlaqi-mənəvi münasibətlər, siyasət formalaşacaqdı. Təəsüf ki, bu baş vermədi və yer üzü indiki acınacaqlı vəziyyətdədir.

 

Amma necə deyərlər, hələ də bütün şanslar itirilməyib. Güc mərkəzləri, böyük dövlətlər, ciddi elm mərkəzləri yer üzünün təbii, ahəngdar inkişaf yollarını axtarmağa qərar verə bilsələr yaxın onilliklərdə olduqca müsbət dəyişikliklər baş verə bilər. Ahəngyol elmi bu sahədə olduqca faydalı ola bilər.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.