İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalı üçün
Mütaliə insanların həyatındakı müvəffəqiyyəti gücləndirən başlıca amillərdəndir. O, məlumat-axtarış və idrakı fəaliyyət növü kimi insanın inkişafında, təhsilində və tərbiyəsində xüsusi yer tutur. Mütaliənin tədris, təhsil və tərbiyə funksiyaları kompleks xarakter daşıyır. Bir-biri ilə qırılmaz surətdə bağlı olan bu proseslər mütaliənin nəticəsi olaraq cəmiyyət tərəfindən formalaşmış biliklərin mənimsənilməsi (tədris), bu biliklər sisteminin yaradılması (təhsil) və şəxsiyyətin inkişafı gedişinin idarə edilməsi (tərbiyə) kimi ifadə edilir.
Fərdi psixoloji proses olmasına baxmayaraq o, cəmiyyətin sosial həyatına, mövzu marağının məhsulu olan yeni ideyaların yayılmasına və içtimaiyyətin malına çevrilməsinə imkan yaradır, dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, içtimai münasibətlərin dərk edilməsinə, həyatda obyektiv baxışın formalaşmasına, eləcə də cəmiyyətin həyat tərzi üçün etik, hüquqi və estetik normaların mənimsənilməsinə kömək edir. Sokrat mütaliənin cəmiyyətin həyatındakı önəmi barədə deyirdi: " Mütaliə hər bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar."
Təəssüf ki, ölkəmizdə ənənəvi mütaliəyə meyil azalmaqdadır. İl ərzində bir yunan 25, isveçli 10, fransız və türk 7 kitab oxuduğu halda, Azərbaycanda bu göstərici minumum səviyyədədir.
ABŞ-da valideynlərin 87%-i məktəbəqədər yaşlı övladlarına kitab oxuyur, 37%-i bunu gündəlik edir. Bizdə isə 34% ailələrdə uşaqlar üçün kitablar yoxdur.
Halbuki mütaliə şəxsiyyətin formalaşmasında xüsusi əhəmiyyət kəsb edir. Dünyanın ən nüfuzlu universitetlərində aparılmış tədqiqatlar sübut etmişdir ki, mütaliə insanların idrak qabiliyyətlərini məşq etdirməyə imkan verən müxtəlif mexanizmləri hərəkətə gətirir, uzun və xoşbəxt yaşamasına, diqqətinin formalaşmasına, nitqinin və düşünmə qabiliyyətinin inkişafına güclü təsir göstərir, dünyaya və ictimai sosial hadisələrə baxış şəklini dəyişir, doğru qərarlar verib, seçimlər etməsinə kömək edir. Mütaliə edənlər öz erudisiyası, kompentensiyaları və karyera inkişafı ilə həmişə başqalarından fərqlənirlər. Kitablar və onların mütaliəsi həmçinin insanın, fiziki, zehni və hissi inkişafında vacib tədris vasitəsidir.
U. M. Tekkerey kitab barədə deyirdi ki, ... kitab insanın ruhunu qidalandırır, onu ucaldır və möhkəmləndirir.
Bir müddət əvvəl isə həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.
Nevroloqlar kitab mütaliəsinin insana mənəvi təsiri ilə yanaşı, həm də bioloji təsirini öyrənmək üçün araşdırma aparıblar. Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində beyin hüceyrələrini dəyişdiyi sübut edilib. 21 gənc üzərində eksperiment aparan tədqiqat qrupu əvvəlcə kitab oxumamışdan əvvəlki beyin hüceyrələrinin vəziyyətini müəyyənləşdirib, sonra gənclərə oxumaq üçün nisbətən mürəkkəb bir roman verilib. Gənclər romanı 5 gün oxuduqdan sonra beyinlərindəki hüceyrələr yenidən yoxlanılıb, nəticədə sağ və sol yarımkürədə olan dəyişikliklər ortaya çıxıb: hüceyrələr daha da canlanıb və gənclərin mühakimə yürüdə bilmək qabiliyyəti sürətlənib.
Kanadadakı York Universitetinin psixoloqu Raymond Mar və Toronto Universitetinin idrak psixologiyası üzrə fəxri professoru Keith Oatley 2006 və 2009-cu illərdə çap etdirdikləri elmi məqalələrdə yazırlar ki, tez-tez roman oxuyan şəxslər başqa insanları daha yaxşı anlayır və empati (başqalarının hisslərini başa düşmə) qura bilirlər. R. Mar 2010-cu ildə uşaqlar üzərində apardığı araşdırma nəticəsində müəyyən etmişdir ki, hekayə oxuyan uşaqlar daha iti zehnli olur və digər insanları daha çevik anlayırlar .
Böyük Britaniyadakı Oksford Universiteti alimlərinin mütaliənin faydası haqqında 2012-ci ildə apardıqları tədqiqatlara görə, mütaliə edən adamların beyninin maqnit-rezonans analizi göstərir ki, onlar kitabdakı hadisə və təsvirləri oxuyan zaman beyinlərindəki mənimsəməyə görə cavab verən sahələr reallıqda bunları hiss edirmiş kimi fəallaşır. Bu effektitelevizorvəkompyutervermir, əksinətelevizoronlarıitirir... Cəmi 6 dəqiqəkitaboxumaqstressinsəviyyəsini 30 %-ə qədərazaldabilirki, bu da musiqiterapiyasındanvəyagəzintidəndahasəmərəlidir.
Amerika alimləri 7 yaşdan 14 yaşakimi 55 uşaq üzərində apardıqları tədqiqat nəticəsində müəyyən etmişlər ki, fəal mütaliə edən uşaqlar daha inkişaf etmiş hüceyrətellərinə (neyron) və bundan irəl igələn nəticələrə malikdirlər.
London və Uels universitetlərinin alimləri isə San - Fransiskoda 53-75 kişi və qadın arasında telomerin (hüceyrələrin hisslərə bölünmə prosesinin düzgünlüyünü tənzimləyir) uzunluğunu ölçərək müəyyən etmişlər ki, cinsindən asılı olmayaraq çox oxuyan insanların telomerinin uzunluğu daha çoxdur, yəni belə insanların hüceyrə və toxumaları qocalma prosesinə az meyillidir.
Mütaliə həmçinin uşaqların nitqinin, lüğət ehtiyatlarının, ümumiyyətlə, nitq mədəniyyətlərinin formalaşmasında, insani dəyərlərin aşılanmasında əvəzsiz vasitədir.
Ona görə də mənəvi-əxlaqi dəyərlər aşılaması və harmonik şəxsiyyətin formalaşmasındakı rolunu və əhəmiyyəti, tibbi baxımdan oxumağın insan psixologiyasına və səhhətinə müsbət təsirlərini nəzərə alaraq mütaliəni vərdişə çevirmək lazımdır. Bu işdə yaşlılar uşaqlar və gənclər üçün nümunə olmalıdırlar.
Çünki uşaq və gənclərin təfəkkürü hələ tam formalaşmadığından onların mütaliəsinə rəhbərlik etmək və ya düzgün istiqamət vermək zəruridir. Bilmək lazımdır ki, uşaq və gənclərin mütaliəsi onların həyatında böyük rol oynayır, yaşlı adamın həyatında oynadığından daha böyük rol oynayır. Uşaqlıqda və gənclikdə oxunan bir kitab, demək olar, adamın bütün ömrü boyu hafizəsində qalır və onun sonrakı inkişafına təsir göstərir.
Oxunan səhifələrin sayının çoxluğu kimsənin yaxşı oxucu olduğunu göstərməz. Oxumaq yazılı sözləri tanıma, sözlərin mənalarının nə olduğuna qərar vermə və bu sözlərin mənalarının dərk edilməsi kimi bir çox bacarığı tələb edən olduqca kompleks bir əməliyyatdır. Çoxdan sübut edilmişdir ki, adını oxuduğu obyektin nə olduğunu bilən insan oxuma və anlamada daha sürətli olur.
Sürətli oxu səmərəli mütaliənin əsas şərtlərindəndir. Bunun üçün oxucu fasilələrlə oxuya, "sözləri deyil, fikirləri görməyə" (yənitək - tək sözləri deyil, söz qruplarını oxumağa), səhifə ilə (monitorla) göz arasında normal məsafə saxlamağa və səhifəyə dikbucaq altından baxmağa, yalnız gözlərdən istifadə etməyə, nə oxuyacağını və necə oxuyacağını əvvəlcədən müəyyən etməyə, oxu texnikası qaydalarına əməl etməyə çalışmalıdır. Ənənəvi qiraət zamanı dərk olunmanın (qavramanın) dərəcəsi 60 %, sürətli qiraətdə isə, 80 % təşkil edir. Orta qiraət bacarığı (və ya adəti) olan insanın gözləri bir kitab sətrində 12-16, sürətlə qiraət edənin isə 2-4 duruşedir. Sürətli qiraət zamanı gözlər yavaş qiraətə nisbətən daha az yorulur.
Hazırda həyatımıza elektron kitablar və elektron mütaliə də daxil olmaqdadır. Birmənalı olaraq bunu rədd etmək və qarşı çıxmaq mümkün deyil. Amma bir məsələ var ki, bu gün heç də bütün kitabların elektron versiyası yoxdur. İnternet olmayan kəndlər var. Ən vacibi şair S.Rüstəmxanlının da dediyi kimi, elektron kitablar və elektron mütaliə heç vaxt ənənəvi kitabı və ənənəvi mütaliəni əvəz edə bilməz. “Ənənəvi formada kitab oxumağa üstünlük verənlərin bir sıra tutarlı dəlilləri var. Onlar kitabla fiziki təmasdan, kağızın qoxusundan, vərəqlərin çevrilməsindən, sətirlərin altından xətt çəkib qeydlər aparmaqdan, səhifə kənarlarını qatlamaqdan, ümumiyyətlə, kitabla qurulan psixoloji-mənəvi, emosional əlaqədən və bu zaman yaranan atmosferdən zövq aldıqlarını bildirirlər. Hətta araşdırmalara görə, yaponlar uşaqlarına hələ körpə vaxtlarından kitab qoxladırlar ki, gələcəkdə qoxu yaddaşının təsiri ilə mütaliəyə meyillənsinlər.
Neyrobioloqlar da bildirirlər ki, yaddaşımız assosiativ olduğuna, yəni beyinə ötürülən məlumatları başqa şeylərlə əlaqələndirməyi sevdiyinə görə, hətta kitabın üz qabığı, vərəqlərin saralıb-saralmaması, müxtəlif şriftlər oxuduqlarımızın hafizədə saxlanmasında önəmli rol oynayır, əsər yaddaşa hopub xatirədə çox güclü, qalıcı izlər buraxır”. Hər nə olsa da, elektron kitablardan və elektron mütaliədən imtina düz deyil.
İstər ənənəvi, istərsə də elektron mütaliədə kitab seçimi xüsusi əhəmiyyət kəsb edir. Başqa sözlə, düzgün kitab seçimi mütaliədə əsas şərtdir.
1. İndi dünyada sıradan xarakterlərə sahib, basmaqəlib hadisələri təsvir
edən, “nə mənsəbə qulluq etdiyi” hətta müəllifləri tərəfindən belə bilinməyən, “söz yığınından ibarət olan“, kriminal və pornoqrafik səciyyəli kitabların sayı
xeyli artmışdır. Ona görə də təsadüfi (səhv) kitab seçimi xeyirdən çox ziyan gətirə bilər. Mütaliədə səhv seçimlər isə bir sıra fəsadlar yaradır: oxucuda fikir qarışıqlığına səbəb olur, onu ümidsizliyə sövq edir və hər şeyə şübhəylə yanaşan birinə çevirir.
2. Müxtəlif səbəblərdən bəzən uşaq və gənclər bilik və yaşlarına uyğun olmayan kitabları oxumağa girişirlər. Aydın məsələdir ki, 8-10 yaşında olan bir uşağın gənclik romanını və yetişkinlər üçün nəzərdə tutulan kitabları oxuyub anlaması mümkün deyil. Çünki bu zaman kitab və uşaq “eyni dildə” danışa bilmirlər. Aydın məsələdir ki, onlar belə kitablardan zövq ala bilməyəcək və mütaliədən soyuyacaqlar. Bir maraqsız kitab isə insanı ömürlük kitablardan uzaq sala bilər.
3. Təsadüfi seçilən bəzi əsərlər oxucunun psixologiyasına mənfi təsir
edir. Məsələn, şiddət və qorxu məzmunlu kitabları oxuyanlar digərlərinə görə çox dalaşqan, üsyankar və aqressiv olurlar .
4. Bəzən oxucular heç kəslə məsləhətləşmədən elə kitabları mütaliə
edirlər ki, həmin kitablarda dilimizin nitq normaları və üslubi xüsusiyyətləri
gözlənilmir, yersiz arxaizm, dialekt, termin, vulqar, alınma və arqo sözlərə
(xüsusən tərcümələrdə) yer verilir. Əsərin anlaşılması çətin olur. Halbuki kitab dilimizin zənginliyini və gözəlliyini nümayiş etdirməli, anlaşıqlı və axıcı bir dildə olmalı və oxucunun lüğət ehtiyatını artırmalı, onların nitq mədəniyyətini formalaşdırmalıdır.
5. Bəzi əsərlərdə ana mövzu qeyri-müəyyən olur, hadisələr ləng şəkildə cərəyan edir, çoxlu sayda obrazlar olur, onların bəziləri həddindən artıq idellaşdırılır (təbiilikdən çıxarılır), zaman xronologiyası tez-tez pozulur (keçmişə və gələcəyə gəliş-gedişlər çox olur). Uzun təhkiyələrə yol verilir. Bunlar isə ikili və yalnış anlamalara səbəb olur, gənc oxucuları çaşdırır, onların canlarını sıxır. Nəticədə onlar usanır və bezirlər. Onlara elə gəlir ki, kitabların hamısı belədir.
6. İndi kitab bazarında tərtibatı və dizaynı müasir tələblərə cavab verməyən kitablarla da tez- tez rastlaşırıq. Bu kitabların düzgün seçilməyən rəngi, kağız və şrift formatı, məzmunla uyuşmayan üz qabığı və illüstrasiyaları onu oxumaq üçün alanların estetik zövqünü korlayır.
Keyfiyyətsiz çap olunan kitablar təkcə oxumaq həvəsini öldürmür, səhv şrift və düz olmayan sətirlərarası interval gözlərin nurunu da korlayır..
Oftolmoloqların fikrincə, tərtibatı bərbad kitablar insanların gözlərinə zərəri var.
Zənn edirik ki, kitab seçiminin zəruriliyini əsaslandırmaq üçün yuxarıda göstərilənlər yetərli sayıla bilər. Düzgün seçilməyən hər hansı ayaqqabı insanın ayaqlarını incidib şikəst etdiyi kimi, düzgün seçilməyən kitab da oxucuların insani duyğu və dəyərlərinin formalaşmasını ləngidir, mənən şikəst edir .
Mütaliənin səmərəliliyi onun icra olunduğu şərait və vaxtdan da çox asılıdır. Ona görə də münasib mütaliə vaxtının təyin edilməsinə (şərti olaraq) xüsusi fikir verilməlidir. Sübh və səhər çağı, yatmazdan qabaq mütaliə üçün ən münasib vaxt sayılır. Əzgin və yorğun vaxtlarda mütaliə etmək məsləhət görülmür.
Mütaliə salonu olduqca sakit, mümkün qədər bər-bəzəkdən uzaq olmalıdır. Atmosfer temperaturu və işıqlandırma sistemi münasib, mütaiə vasitələri - stol və stul, həmçinin digər texniki avadanlıqlar mütaliə üçün əlverişli olmalıdır.
Mütaliə ilə məşğul olan gün ərzində konkret istirahət saatlarının müəyyən edilməsi, mütaliəarası fasilələr, düzgün qidalanma, zehnə xeyirli qidaların qəbulu da diqqət mərkəzində saxlanılmalıdır.
“Ədəbiyyat və incəsənət”
(01.04.2024)