Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu barədə heç vaxt, heç yerdə yazmamışam. Onda mənim 22 yaşım var idi. Üstündən 36 il keçəndən sonra o dövrdə yaşadığım hadisələri sizinlə bölüşmək qərarına gəldim. İnsan yaşlandıqca gördüklərinin mahiyyətini daha çox anlayır...
Təqvimdə 27 fevral 1988-ci il idi. Sumqayıt od tutub yanırdı. Alışdırılmış avtomobillərin qara tüstüsü şəhərin üzərində müharibə ab-havası yaratmışdı. Bir qrup sumqayıtlı olmayan naməlum şəxs (sonradan bəlli olacaqdı ki, onların başında duran milliyyətcə erməni Qriqoryandır) evlərə soxulur, öz erməniləri eyvandan, pəncərədən çölə atır, qadın və qızları zorlayırdılar. Hamı əsəbi, hər kəs təlaş içində idi. Hadisələri doğru-düzgün qiymətləndirməyin vaxtı deyildi. İnsanları yayılan şayələr idarə edirdi...
Təqvimdə 28 fevral 1988-ci il idi. Şəhərdə baş verən hadisələr hamı kimi məni də sarsıtmışdı. Ç.İdırım adına Politexnik İnstitutunun axşam şöbəsinin tələbəsi idim. Gündüzlər isə Sumqayıt Superfosfat zavodunda ekspeditor işləyirdim. Səhər birtəhər özümü zavoda çatdırıb yenicə işə başlamışdım, hay düşdü ki, ermənilər uşaq bağçalarına girib qadınları zorlayır, uşaqları öldürürlər. Ətrafımda olan gənclər kimi mən də bir parça “armatur”u qəzetə bükərək özümlə götürdüm və avtobus dayanacağına doğru yürüdüm. Yalan olmasın, bəlkə də zavodun bütün gəncləri orada idi. Nəisə, avtobuslara doluşub şəhərə yola düşdük. Biz şəhərə çatanda şəhərə yeridilmiş sovet əsgərləri qarşımızı kəsib, geriyə qayıtmağımızı tələb etsələr də, özümüzü qaynar nöqtəyə- köhnə avtovaqzalın yanına çatdıra bildik. Məlum oldu ki, yalan məlumat yayılıb. Dünənki hadisələrdən sonra şəhərin bütün ermənilərini klublara yığıb mühafizə edirlər. Heç kimin tanımadığı kimlərsə səsgücləndirici vasitəsi ilə elə hey qışqırırdı- “Vurun Əli şiələri, əsgərlər bizim düşmənlərimizdir. Erməniləri müdafiə edirlər. Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb”...
Əsəblərini cilovlaya bilməyən gənclər əsgərlərə daş atır, şəhəri tərk etmələrini tələb edirdilər. Mən də onların arasında idim. Baş o qədər qarışmışdı ki, bir də gördüm ki, 7-8 rus əsgəri məni mühasirəyə alıb. Əlimdəki daşları yerə atmağımı tələb edirdilər. Daşları yerə atan kimi onlardan biri avtomatın qundağı ilə burnuma vurdu. Digəri isə əsgər beli ilə başıma zərbə endirdi. Bir də onu gördüm ki, iki əsgər qollarıma girib məni “katalaşka” adlandırılan “KPZ” maşınına qaldırır. Maşın insanlarla dolu idi. Sınmış burnumdan, başımdan axan qan dayanmaq bilmirdi. Kimisi dəsmal verir, kimisi boynundakı şərfi çıxarıb mənə uzadırdı. Az vaxt keçmişdi ki, bizi Sumqayıt Milis şöbəsinə apardılar. Müstəntiqlər dindirəndən sonra şöbənin müvəqqəti təcridxanlarına yerləşdirdilər. Bir gün orada qaldıq, sonra bizi Bayıl türməsinə apardılar. On dörd gün orada qalandan sonra əməlimdə heç bir cinayət tərkibi olmadığı üçün çoxları kimi məni də yenidən Sumqayıt Milis şöbəsinə gətirib azadlğa buraxdılar. Qalanı acı xatirələrdir...
Təqvimdə 28 fevral 2024-cü ildir. Sumqayıt hadisələrindən 36 il ötür. İndi anlayıram ki, o hadisələr KQB-də ssenarisi yazılan, mənfur ermənilərin nümayiş etdirdiyi faciə- tamaşa idi...
“Ədəbiyyat və incəsənət”
(28.02.2024)