ŞƏRƏF LÖVHƏSİndə Hamlet Məmmədov

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”

 

Dürüst və məsuliyyətli, öz işini sevən Hamlet Məmmədovdan bəhs etmək istəyirəm.

55 yaşı var. Onu orta təhsil illərindən tanıyıram. Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbdə bacısı Ziyafətlə eyni sinifdə oxumuşam. Mehriban bacı-qardaş kimi hər zaman barələrində maraqlanmışam. Bir jurnalist kimi də Hamletin əmək fəaliyyətini vaxtaşırı izləmişəm.

 

Belə ki, o, şəhərimizin ictimai-siyasi həyatında yaxından iştirak edir, mühüm, məsul iş sahibidir. 1993-cü ildən 2015-ci ilədək polis nəfəri olub. Baş serjant rütbəsi alıb. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsininn Sumqayıt şəhər polis mühafizə idarəsində işləyib. 2000-ci ilin martın 1-dən şəhər bələdiyyəsinə polis mühafizəçisi kimi təhkim edilib. Təqaüdə çıxsa da hazırda burada mühafizəçi işini həvəslə icra edir. Müxtəlif təbəqəli insanlarla ünsiyyət qurmağı bacarır, onlarla yaxşı dil tapa bilir, ona müraciət edənlərə düzgün yanaşır. 

Qeyd edək ki, Hamlet Məmmədov Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya iki dəfə üzv təyin olunubdur. Hazırda  20-ci mikrorayon ərazisi üzrə məhəllə komitəsinin sədridir. Daim sakinlərin qayğısı ilə maraqlanır, onların müraciətlərini dinləyir, problemlərinin həlli yollarını başa salır.

Ailəlidir, bir qızı, bir oğlu var, hər ikisi ali savadlı mütəxəssis kimi cəmiyyətimizə xeyirli, gərəkli övladdır. İki nəvənin sevimli babasıdır.

Hamlet deyir ki, mühafizəçi həm də çalışdığı qurumun görünən simasıdır. Əgər insanlarla kobud rəftar edərsə, o zaman həmin qurum haqqında münasibət də mənfi olacaq. Lakin mühafizəçi xoş auralı olarsa və işinə sevgi və məsuliyyətlə yanaşarsa, hər bir insan da o təşkilat haqqında qənaətbəxş düşünəcək. Çalışıram ki, gündəlik vəzifəmin öhdəsindən layiqincə gəlim, buraya üz tutanları xoş münasibətlə qarşılayım və yola salım, hər kəsə müsbət enerji ötürüm. İndiyədək beş bələdiyyə sədrinin rəhbərliyi altında yorulmadan işləmişəm.

Hamlet Məmmədov həmçinin Birinci Qarabağ müharibəsi veteranıdır. O, eyni zamanda qürurla vurğulayır ki, bizə qələbə sevinci yaşadan Ali Baş Komandan İlham Əliyevin çox uğurlu siyasəti nəticəsində ərazi bütövlüyümüz, suverenliyimiz təmin edilib. Şəhidlərimizin, qazilərimizin, əsgərlərimizin canı, qanı bahasına ən yaxşı, ən gözəl Zəfər qazanmışıq. Prezidentimizə, onun siyasətinə güvənirəm. Müasir, müstəqil Azərbaycanımız kifayət qədər potensiallıdır. İradəmizə, qüvvətimizə inanıram. Allahıma inanıram. O, bizdən daha yaxşı bilir hər şeyi. Sevinək, sevinək, yalnız sevinək. Birliyimizi qoruyaq, səbrli olaq. Biz güclüyük artıq. Çünki qətiyyətli, müdrik siyasəti olan ölkə rəhbərimiz var.

Bəli, gözəl tarixi günlər yaşayırıq. Fərəhli, sevincli günlərimizi Allah bizə çox görməsin.

Azərbaycanlı olduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Sumqayıtın sakini kimi  sumqayıtlılara xidmət etdiyim üçün də fəxr duyuram.

Biz də öz növbəmizdə deyirik: Yaxşı ki, Hamlet kimi insanlar var.

Uzun illər sevdiyi işini məsuliyyətlə və vicdanla yerinə yetirən, bəyazlaşmış saçları, üzündəki nazik qırışları həyatının canlı, nurlu güzgüsünə çevrilən zəhmətkeş qardaşımıza möhkəm can sağlığı, ailə səadəti, uzun ömür, bolluca uğur və sevinc arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.