Səhnəmizin AFAQI... Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Min doqquz yüz çoxdanıncı illər idi. Azərbaycan Sovet Sosialist Respublikasının Sumqayıt şəhərinin 8-ci mikrorayonunda qayğısız uşaqlıq illərimi yaşayırdım. Hər şey - yağ, ət, qənd, hətta siqaret, kibrit də talonla satılırdı. Evin birinci uşağı olduğum üçün talonla verilən ərzaqları almaq mənim boynuma düşmüşdü. Zarafat deyil, ailəmizə ayrılan kərə yağını, əti və digər ərzaqları almaqdan ötrü ayda bir neçə dəfə gecədən səhərə qədər növbədə dayanırdım...

O, mikrorayonun əsas ərzaq mağazasının üstündə, yəni Mehriban Ələkbərzadəgilin binasının ikinci blokunda yaşayırdı. Rəhmətlik aktyor Kamil Məhərrəmovdan bir mərtəbə yuxarıda. Yeni il qabağı mağazalarda növbələr daha da uzanırdı. İnsanlar “Paytaxt salatı” hazırlamaqdan otrü, konserviləşdirilmiş yaşıl noxud, xama, mayonez və ya kolbasa almaq üçün bu növbələrdə saatlarla vaxt itirirdilər. Onu ilk dəfə həmin növbələrdən birində görüb, yadda saxlamışdım. Çox gülərüz, mehriban və necə deyərlər, döyüşkən adam kimi tanıyırdım. Nə isə, sonradan bildim ki, Sumqayıt Dövlət Dram Teatrının aktrisasıdır...

Haqqında söhbət açdığım Afaq Səfərova 1955-ci ildə Bakı şəhərində, böyük Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində dünyaya gəlib. Orta təhsilini Bakıda, 20 saylı məktəbdə bitirib. Sənədlərini BDU-nun Şərqşünaslıq fakültəsinə versə də, lakin müsabiqədən keçə bilməyib. Bir müddət Tibb işçiləri Mədəniyyət evinin dram dərnəyinə gedib. 1974-1979-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil aldıqdan sonra, aktrisa kimi əmək fəaliyyətinə başlayıb. 1973-1975- ci illərdə Lənkəran Dövlət Dram Teatrında, 1975-1989-cu illərdə Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Sonra uzun illər Mədəniyyət və İncəsənət Universitetində pedoqoq kimi fəaliyyət göstərib və həmin universitetin professoru elmi adına layiq görülüb.

1989-cu ildə Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə Azərbaycan SSR əməkdar artisti, 1993-cü ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb. 2013-cü ildə "Şöhrət” ordeni ilə təltif olunub. 2015-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alır...

 Deyir ki,- “Mən sevilən və kifayət qədər tanınan kişinin ailəsində anadan olsam da, amma varlı bir ailədə doğulmamışam. Ona görə də heç zaman harın hərəkətlərə yol verməmişəm. Başımı aşağı salıb öz işimi vicdanla icra etmişəm. Atam 1925-ci ilin mart ayının 11-də anadan olmuşdu, 1969-cu ilin mart ayının 23-də vəfat etdi. Baharda doğuldu, baharda da dünyasını dəyişdi. Əslən Qubalıdır, ancaq Bakıda anadan olub. Anası Qızılgül xanım, atası Səfər kişi, ailədə də 3 qardaş, bir bacı olublar. Səhnəyə necə gəlməsi barədə ətraflı məlumatım olmasa da, bilirəm ki, gənc yaşlarında dram dərnəklərinə gedib. İkinci dünya müharibəsində iştirak eləyib və yaralanıb, kontuziya alaraq, lal-kar kimi ordudan tərxis olunub. Ürəyi partlamasın deyə, o dövrün incəsənətə qiymət verməyi bacaran insanları onu xora götürüblər ki, heç olmasa oxuyanların arasında ağzını açıb-yumsun. Bir dəfə evə gələndə az qalıb tramvayın altına düşsün və həmin anda qışqırıb, o hadisədən sonra dili açılıb, qulağı eşidib. Atamın çox qısa ömür yolu və yaradıcılıq fəaliyyəti olsa da, ölümündən 53 il keçməsinə baxmayaraq, hələ də xalqın yaddaşından silinməyib. Mən inanıram ki, bir əsr də keçsə, silinməyəcək. Mənə elə gəlir ki, sənətkarın övladı mütləq sənətkar olmalıdır ki, onu yaşada bilsin. Bəşir Səfəroğlunun dövründə çoxlu sənətkarlar olub, öz zəmanələrinə görə yaxşı tanınıblar, amma əksəriyyəti yaddan çıxıb. Bəşir Səfəroğlunu isə indi hətta uşaqlar da tanıyır...”.

Afaq xanım ilk rollarından özünü istedadlı, işgüzar, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb. Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək sevilməyə başlayıb. Onun "Bəxt üzüyü" tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Bir vaxtlar Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına göndərilən Afaq Bəşirqızı bu günə kimi həmin teatrda çalışır. O, teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Azərbaycan Televiziyasında hazırlanmış Anarın "Evləri köndələn yar"ında Darçınbəyim, Vaqif Səmədoğlunun "Yaşıl eynəkli adam"ında Zəhra, Əli Əmirlinin "Bala başa bəla"sında Suğra, Məcnun Vahidovun "Yarımştat"ında Ayna, Aqşin Babayevin "Nekroloq"unda Gülya rollarını ifa edib və "Afaq gülür güldürür" şousunda müxtəlif, rəngarəng obrazlar yaradıb. Azərbaycanfilmin istehsalı olan “Bəxt üzüyü” filmində Söylü rolunda və Mozalan Satirik Kinojurnalıında "Uşaq bağçası", "Ət kombinatında", "Xaricdə belə deyil", "Belə də olur" nömrələrinin süjetlərində çıxış edib...

“Ömrümün hər anı məni sevindirir. Mən bu sənətdə mənliyimi, kimliyimi təsdiq etməyi bacardım. Heç vaxt kimin qızı olduğumu unutmadım və Bəşir Səfəroğlunun övladı kimi üzərimə düşən məsuliyyəti hiss etdim, ancaq bu adın kölgəsində gizlənmədim, itib batmadım. Xoşbəxtəm ki, mənim sənətimi sevənlər və qiymətləndirənlər var. Xoşbəxtəm ki, sənətkar adını qazana bildim, xalqın artisti oldum”- söyləyir…

İradəli xanımdır. Neçə illərdir ki, xərçəng xəstəliyinə qarşı vuruşur. Min bir əziyyətə, ağrılara sinə gərir, amma ruhdan düşmür. Bir an da olsa belə yaşamaq eşqi onu tərk etməyib.

 Avqustun 15-i Afaq xanımın növbəti ad günüdür. Bəli, min doqquz yüz çoxdanıncı illər idi. İlk dəfə Sumqayıt şəhərində, ərzaq növbəsində görüb yaddaşıma köçürdüyüm bu xanımın uzun illər tamaşçısı olmuşam. O qədər onun yaratdığı obrazların sayəsində gülüb şənlənmişəm ki, özümü Ona borclu sanıram. Və bu borcu ad günü münasibətilə təbrik etməklə, xoş arzularımı dilə gətirməklə qismən də olsa ödəmək istəyirəm.

Allah sizə şəfa versin və öz möcüzəsilə sizi əsrin xərçəng bəlası ilə mübarizədən qalib çıxarsın!

Çox yaşayın, Afaq xanım!..

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.