CinemaPlus-da “Barbenheimer” fenomenal ajiotaj yaradıb

"CinemaPlus"da “Barbenheimer” fenomenal ajiotaj yaradıb. Belə ki, eyni gündə böyük ekranlarda nümayiş olunan “Barbi” və “Oppenheymer” filmləri ilin ən səs-küylü fenomeninə çevrilib.

 

“CinemaPlus”dan "Report"a verilən məlumata görə, tamaşaçılar hər iki filmi eyni gündə qiymətləndirə bilmək üçün bilet alırlar.

 

Onlar “CinemaPlus” kinoteatrlar şəbəkəsinə çəhrayı və qara rəngli geyimlərdə gəlirlər.

 

Təkcə ilk həftədə Marqo Robbi və Rayn Qoslinq-in rol aldığı “Barbi” dünya üzrə təxminən 530 milyon dollar gəlir əldə edib. “Oppenheymer” ilk həftəsində 265 milyon dollardan çox gəlir əldə edib. Ancaq kassa baxımından qalibi müəyyən etmək üçün filmləri müqayisə etmək düzgün olmazdı. Çünki “Barbi” dünyada bir çox nəsillərə məlum olan oyuncaq əsasında qurulub və film uşaqlarla rahat izlənilə bilər. “Oppenheymer” isə R reytinqli kimi qiymətləndirilən (17 yaşdan aşağı izləyicilərə valideyn müşayiəti tələb olunur) fizika haqqında üç saatlıq biopikdir.

 

Real hadisələr əsasında çəkilən “Oppenheymer” bioqrafik filmi II Dünya Müharibəsi illərində atom bombası yaratmış amerikalı fizikin həyatından bəhs edir. Kvant mexanikası və nəzəriyyəsi, eləcə də kosmik şüalar fizikası sahəsində çoxsaylı nailiyyətlərə baxmayaraq, Robert Oppenheymer əsasən ölümcül silahların yaradılması sayəsində bütün dünyada geniş tanındı. Məhz ona görə də əvvəlcə onu ABŞ-da, sonra isə bütün dünyada “nüvə bombasının atası” adlandırılmağa başladılar.

 

Filmin rejissoru və ssenari müəllifi Kristofer Nolandır. Baş rolu Killian Merfi canlandırıb, həmçinin Robert Dauni Jr., Emili Blant, Mett Deymon və başqaları da filmdə rol alıblar. Filmin büdcəsi 100 milyon dollardır. “CinemaPlus” kinoteatrlar şəbəkəsində film rus və ingilis dillərində nümayiş olunur.

 

“Mattel” şirkətinin Barbi oyuncaqları seriyası əsasında çəkilən “Barbi” komediya filminin rejissoru Qreta Qerviqdir. Barbi və Ken rollarını Margo Robbi və Rayan Qoslinq canlandırıblar. Həmçinin rollarda Uvill Ferrell, Emma Makey, Simu Lyu və başqaları çəkilib. Barbi gözəllik standartlarına uyğun olmadığı üçün “Barbieland”-dən qovulur. Bundan sonra o, real dünyada yeni həyata başlamaq qərarına gəlir və burada mükəmməlliyə yalnız daxili harmoniya ilə nail ola biləcəyini kəşf edir. Filmin büdcəsi 145 milyon dollardır.

 

“CinemaPlus” kinoteatrlar şəbəkəsində film türk, rus və ingilis olmaqla 3 dildə nümayiş olunur. “CinemaPlus” kino tarixinin ən yaxşı premyeraları ilə sizi sevindirməyə və xoş sürprizlər etməyə həmişə hazırdır.

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.