ALEKSANDR DÜMA - Dahi fransız 19-cu əsrin ortalarında Oğuzda da olub ! Featured

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi 

 

Biz fransız yazıçısı Aleksandr Dümanı daha çox “Qraf Monte Kristo”, “Üç muşketyor”, "Qara zanbaq" və s. kimi məşhur əsərlərinə görə tanıyırıq. Onun XIX əsrdə Azərbaycanda olduğunu və “Qafqaz səfəri” adlı maraqlı əsər yazdığını da bilirik.

 

Mənbələrdən məlumdur ki, A.Düma 1858-ci ilin ikinci yarısından (noyabrdan) 1859-cu ilin əvvəlinə (fevrala) kimi Rusiya imperiyası ərazisində olmuşdur. Peterburq, Moskva, Qazan, Saratov şəhərlərində olan yazıçı Həştərxandan keçməklə Qafqaza da gəlmiş, bir sıra Azərbaycan şəhərlərində, o cümlədən Dərbənd, Quba, Bakı, Şamaxı və Nuxada (Şəkidə) olmuşdur. O, Nuxadan Tiflisə, oradan Potiyə getmişdir. Dəniz yolu ilə Potidən  İstanbula gedən Düma oradan Marselə qayıtmışdır. Vətəninə qayıdan yazıçı səfər xatırələrini yuxarıda da adını qeyd etdiyimiz “Qafqaz səfəri” adlı əsərində oxucuları ilə bölüşüb.

Bilirik, bunlar maraqlanan hər kəsə məlumdur. Amma biz diqqəti başqa məsələyə cəlb etmək istəyirik. Görəsən, A.Düma “Azərbaycanın İsveçrəsi” sayılan Vartaşendə də (indiki Oğuzda) olubmu? Vartaşenin özünü yox, onun ərazisini nəzərdə tuturuq. (Onu da qeyd edək ki, həmin dövrdə Vartaşenin ərazisi Nuxa qəzasına daxil idi.) Təəssüf ki, bəziləri əsassız olaraq yazıçının bu yerlərdə olmadığını, bu yerlərdən keçmədiyini, bu yerləri görmədiyini söyləyirlər. Biz isə əksini fikirləşirik.   

Çünki birincisi, Şamaxıdan faytonla yola çıxan və Ağsu (“Yeni Şamaxı”)-İsmayıllı-Qəbələ-Şəki marşrutu ilə Nuxaya doğru hərəkət edən yazıçı Oğuzun ərazisindən uçaraq keçə bilməzdi. 

 İkincisi, “Qafqaz səfəri” əsərində müəllifin yolboyu təbiətin gözəlliyindən həvəslə yazdığı qeydləri, Şəkiyə  getdiyi yolların sıx meşələrdən, sıldırımlı-qayalı dağlardan ibarət olması barədə təsvirləri keçmiş Vartaşenin (indiki Oğuzun) təbiəti, onun coğrafi əlamətləri ilə birə-bir uyğunluq təşkil edir: “...Zirvəsi qarla örtülmüş bu dağların əzəmətli və adamı heyran edən görünüşü vardı. Qafqaz sıra dağlarının tayı-bərabəri olmayan Alazan vadisi ilə irəliləyirdik”.  A.Dümanı səfər zamanı müşayiət etmiş rəssam Moynenin çəkdiyi çoxsaylı şəkillərin reproduksiyaları da bunu göstərir.  

Üçüncü, rayon əhalisi arasında dolaşan bir rəvayətdə söylənilir ki, keçmişdə faytonla yol ötən çox hörmətli bir “firəng” (çox güman ki, A.Düma olub – İ.V) rayonun Bayan kəndi (bəlkə də, Vartaşenqışlaq kəndində) ətrafındakı Əlican çayının yaxınlığında qısa müddət dayanıb, yerlilərlə söhbət edibmiş. Onun rayonda yaşayan udilər haqqında da ilk dəfə burada eşitdiyi güman olunur. Rəvayətlərin əfsanələrdən fərqli olaraq həqiqətə daha yaxın olduğunu nəzərə alaraq, bunu inandırıcı saymaq olmazmı?! (Mən bu rəvayəti ilk dəfə 10-15 il bundan əvvəl ən azı 75-80 yaşlı  bir udi tanışımdan eşitmişdim. O da babasından eşitdiyini söyləyirdi.)

“...görüşüb ünsiyyətdə olduğu insanların heç birindən sərf-nəzər etməmiş, rastlaşdığı heç bir təbiət gözəlliyinə, estetik dəyərə biganə qalmamış, bazarlardan tutmuş, ov macəralarına qədər hər şeyin fərqinə varmış, “kökünə getmiş”, hətta Oğuz-Qəbələ zonasında yetişən şabalıdı “Qəbələ xurması” adlandıran Düma ola bilməzdi ki, ərazisindən keçdiyi Oğuzla maraqlanmasın.

Dördüncü, məşhur yazıçı əsərin özündə bir neçə dəfə “Vartaşen” adını çəkir, burda udilərin yaşadığını söyləyir, onların haqqında bir sıra məlumatlar təqdim edir ki, bu da onun həmin bölgə barədə az da olsa, məlumatının olduğunu, ən azından bu bölgə ilə maraqlandığını bildirir.  

A.Dümanın Vartaşendə yaşayan udunlər haqqında verdiyi məlumatlar da maraqlıdır. Onun “Qafqaz səfəri” (Bakı-2010, “Qafqaz”) əsərinin 264-265-ci səhifələrində oxuyuruq:  Səhər yeməyi zamanı hamı udinlərdən danışırdı. İndi siz məndən soruşacaqsınız ki, udinlər kimdirlər? Sizə bu başdan deyim ki, özüm də bunu yaxşı bilmək istərdim...Udinlər Qafqazda yaşayan tayfalardan biridir, ancaq elə az saylıdırlar ki, heç ağlım kəsmir ki, yerli əhalinin siyahıya alınması zamanı onların sayı da ayrıca qeyd edilsin. Ancaq bununla belə, digərləri kimi, bu tayfa da diqqətəlayiqdir. Onların haradan gəldikləri bəlli deyil və heç kimin anlamadığı və heç bir dilə bənzəməyən bir dildə danışırlar. Özləri də bu qeyri-müəyyənlikdə itib batırlar, ha əlləşsələr də, yeni bir şey öyrənə bilmirlər...Onlar iki kənddə yaşayırlar. Biri Nuxadan qırx verst aralıda yerləşən Vartaşendir.. İkincisi isə, Vartaşenin otuz verstliyində, Şamaxı tərəfdədir. (yəqin ki, Qəbələnin Nic kəndi nəzərdə tutulur – İ.V.) Mən udinlərdən heç olmasa birini görmək istəyirdim. Knyaz Tarxanov elə həmin dəqiqə göstəriş verdi və bir udin tapıb yanıma gətirdilər. Bu, bəstəboy, gözləri qaynayan, qarasaqqal, təxminən otuz yaşlarında bir kişi idi. O, Nuxada müəllim işləyirdi. Onun adı Sorgi Bejanov idi. Mən nahara qədər həmin udini saxladım və bəzi sözlərdən əlavə ondan heç nə öyrənə bilmədim”.

Apardığımız araşdırmalar göstərir ki, burada adı çəkilən “Sorgi Bejanov” əslində Vartaşen udilərindən olan Georgi Stepanoviç Bejanov olub. O, udi dilinin tədqiqatçısı, rusca-udicə lüğətin tərtibçisi olub. (Qardaşı Mixail Stepanoviç Bejanov da tanınmış tədqiqatçı olub.) Nuxa məktəbində müəllim işləmişdir. Atası Stepan Bejanov 1860-cı ildə Vartaşendə ümumtəhsil məktəbi açmış, Georgi sonralar (1880-1888-ci illərdə) həmin məktəbdə müəllimlik fəaliyyətini davam etdirmişdir.

Bir sözlə, A.Dümanın Vartaşen (indiki Oğuz) rayonunda olduğu, burada yaşayan xalqlarla maraqlandığı, Oğuz təbiətinin gözəlliyin heyran qaldığı, bir müddət bu səfalı yerlərin də havası ilə də nəfəs aldığı şübhəsizdir.

Buna görə də “Düma Qafqazda” beynəlxalq və "Qafqazdakı A.Düma", “Şimal-qərb bölgəsində A.Dümanın izi ilə”digər yerli turizm marşurutlarına Şimal-qərb regionları olan Balakən, Qax, Qəbələ, Zaqatala, Şəki inzibati rayonları ilə yanaşı Oğuzun da daxil edilməsi təsadüfi sayılmamalıdır. 

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.