Hacı Abbas Əli oğlu Bağırov, provizor-həkim, Tibb üzrə fəlsəfə doktoru. Qələbə Tibb Mərkəzi MMC-nin direktoru. “Ədəbiyyat və incəsənət” üçün.
Nərimanlı kəndini şərəfləndirən ziyalı şəxsiyyətlərdən biri 17 aprel 1962-ci ildə Bakı şəhərində dünyaya göz açan Elşən Qurbanovdur. Professor Elşən Qurbanov dünyanın nüfuzlu dairələrində tanınmış böyük azərbaycanlı alimdir.
O, Azərbaycan, İnqilis, Rus dillərini mükəmməl; Türk, Yapon dillərini yüksək səviyyədə bilir. 1979-1984-cu ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsində Magistr dərəcəsi, 1986-1990-cı ildə Sankt Peterburq Dövlət Texniki Universitetində “Neft və Qaz Qurğularının hidrodinamikası, layihələndirməsi və tikintisi” üzrə Fəlsəfə Doktoru (Ph.D.) dərəcəsi almışdır. 1994-1996-cı ildə Yaponiyanın Tsukuba Universitetinin, Sosial və İqtisadi Planlaşdırma fakultəsində “Beynəlxalq Müştərək Müəssisələrin və Multi-Milli Korporasiyaların İdarəolunması” üzrə xüsusi proqramın Fəlsəfə Magistri (Yaponiyanın MBA uyğunluğu) dərəcəsi almağa müvəffəq olmuşdur.
1996-1998-ci ildə Tsukuba Universitetin (Yaponiya) “İdarəetmə Elmləri və Sosial Siyasət” İnstitutunda “Yapon şirkətlərinin qeyri müəyyən bazarlarda investisiyaları”-nı araşdıraraq doktorluq dərəcəsini müdafiə edib. Yaponiyada elmi işi müdafiə etmiş ilk Azərbaycan vətəndaşı olaraq, 1998-ci ilin fevral ayında Tokio şəhərində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə görüş zamanı onun doktorluq işi Ümummilli Liderə Yaponiya rəsmi nümayəndələri tərəfindən şəxsən təqdim olunaraq yüksək səviyyədə təqdir edilmişdir.
2011-- 2013-cü illərdə London İqtisadiyyət Məktəbində (London School of Economics) “Beynəlxalq İqtisadiyyat və Xarici Siyasət” mövzusunda Böyük Britaniyanın Diplomatları üçün Xüsusi Proqramın məzunudur.
Professor Elşən Mahmud oğlu Qurbanovun əmək fəaliyyəti çoxşaxəlidir və dünyanın harasında olursa olsun, Azərbaycan adına ucalıq gətirən lahiyələrin müəllifi və icraçısı kimi şöhrət qazanmışdır. 1983-cü ildən Dövlət Neft Şirkətinin Layihə institunda Neft və Qaz qurğularının rəqəmsal layihələşdirilməsi departamentində mühəndislikdən başlayıb, SOCAR-da işlədiyi müddətdə Azəri-Çiraq-Günəşli layihəsinin İqtisadi əsaslandırılmasının koordinatoru olmaqla bərabər Xarici İnvestisiyalar İdarəsinin Marketing və Kontraktlar Departamentinin Müdir müavini işləmişdir.
1998-ci ildən İTOCHU Korporasiyasının Azərbaycanda Nümayəndəsinin müavini, sonra isə Yapon Azərbaycan Neft Əməliyyət Şirkətinin (JAOC) STƏM, Əməliyyatlar, Dövlət və İctimaiyyətlə Əlaqələr üzrə Baş Koordinatoru olmuşdur. 2005-ci ildən AZPROMO-nun İxrac üzrə direktoru, AZPROMO-nun Qazaxıstanda Nümayəndəliyin rəhbəri, sonra isə 2010-cu ildən Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Strateji İnkişaf və İnvestisiya Layihələri” departamentinin müdiri olub.
2011-ci ildən Azərbaycanda Böyük Britaniya Səfirliyinin Enerji Sektoru və İqtisadi məsələlər üzrə baş müşaviri olaraq Böyük Britaniyanın maliyyə qurumları ilə əlaqələr, iri miqyaslı layihələrin inkişafı və Dövlət orqanları ilə əlaqələr üzrə məsul şəxs olub. 2013-cü ildən Şotlandiyanın Ariot Vott Universiteti və Baki Ali Neft Məktəbinin professoru olaraq “Neftkimya sektorunda Biznesin və Layihələrin idarəolunması və İnkişafı”, “Neft Sektorunun İqtisadiyyatı və Layihələrinin İnkişafı” və “Strateji İdarəetmə” mövzularında aparıcı lektor olub.
2015-ci ildən özəl sektorda Maşınqayırma, Mühəndislik və Kənd təsərrüfatı sahələrində innovativ və Hi-Tech layihələrinin maliyyələşdirilməsi və inkişafına rəhbərlik edib. 2018-ci ildən Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti Sədrinin müşaviri vəzifəsinə təyin edilmişdir. 2020-ci ilin Yanvarından Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq – BİRGƏ investisiya şirkətinin Baş Direktoru olmuşdur. 2020-ci ilin Sentyabrından Azərbacan Memarlıq və İnşaat Universitetinin Biznesin İqtisadiyyatı və Menecment kafedrasının, sonra isə Layihələrin İdarə olunması kafedrasının professorudur. Dünya Bankı, BMT İnkişaf Programı və Avropa İttifaqının və yerli qrant əsaslı təhsil və təlim, energetika, emal və sairə bu kimi sektorlarda bir sıra layihələrin iştirakçısı və rəhbəri olub.
2013-cü ildən mütəmadi olaraq Bakı Ali Neft Məktəbi, Heriot Watt Universiteti, Jeneva Biznes Məktəbi, Qərb Universiteti dəvət olunmuş professor və Azərbaycan Memarlıq və İnşaat Universitetinin Biznesin İqtisadiyyatı və Menecment kafedrasının professoru vəzifəsində işləyib. Dörd Magistr və bir Doktorantın elmi rəhbəridir. Respublika televiziyasının bir sıra kanallarında iqtisadiyyat, energetika, alternativ enerji və beynəlxalq əlaqələr üzrə aparıcı şərhçidir. Yaponiyada təhsil almış Azərbaycanlı məzunların assosiasiyasının təsisçisi və uzun müddət sədri olub. İtisadiyyat, Biznes, İdarəetmə, Maliyyə, Birbaşa İnvestisiyalar, Alternativ və bərpa olunan enerji, Neft və Qaz və yeni texnologiyalar sahələrdə yetmişdən artıq elmi məqalələr, məruzələr, rəsmi və məxfi hesabatların və üç kitabın müəllifidir. Beynəlxalq Neft Mühəndisləri (SPE) cəmiyyətinin üzvüdür.
Birinci Qarabağ Müharibəsi başlayan zaman Elşən Qurbanov da bir çox vətənpərvər insanlar kimi könüllü olaraq Vətən uğrunda döyüşlərdə iştirak etmişdir. Birinci Qarabağ müharibəsi veteranıdır. Ailəlidir. 3 övladı var.
Bu cür şəxsiyyətlər Azərbaycanın adını uca edənlərdir deyə onlar barədə cəmiyyət yetərincə məlumatlanmalıdır.
“Ədəbiyyat və incəsənət”
(17.04.2025)