BİR DİREKTOR, BİR ŞAGİRDdə Kamran İsalı və Dilbər Süleymanlı Featured

“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.

Hazırda təqdimatda 12 nömrəli tam orta məktəbdir. 

 

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

 

DİREKTOR:

Kamran Buludxan oğlu İsalı - 4 noyabr 1989-cu ildə Yardımlı rayonunun Gavran kəndində anadan olub. 2007-ci ildə fizika, riyaziyyat və informatika təmayüllü liseyi bitirib.

2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini Təhsilin təşkili və idarə olunması ixtisası üzrə başa vurub. Həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetində Riyaziyyat və informatika fakültəsinin riyaziyyat müəllimliyi ixtisası üzrə təhsil alıb. 2012-2017-ci illərdə Bakı şəhər R.Baxışov adına 218 nömrəli tam orta məktəbində Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 2014-2015-ci tədris ilində Azərbaycan Dövlət İqtisad Universiteti və Təhsil Nazirliyinin birgə təşkil etdiyi məktəb direktorlarının hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək "Uğur sertifikatı"na layiq görülüb. 2017 -ci ilin sentyabr ayında Avropa Birliyinin "TAİEX workshop and school management" seminarı və müxtəlif beynəlxalq təcrübə proqramlarının iştirakçısı olub.

2019-cu ildə STEAM layihəsinin səmərəli tətbiq edilməsi üzrə İsrail Respublikasında, 2021-ci ildə "Məktəb idarəçiliyinin təkmilləşdirilməsi" üzrə Türkiyə Cümhuriyyətinin İzmir şəhərində təcrübə proqlramlarında fəal iştirak etmiş, müvafiq sertifikatla təltif olunmuşdur.

2017-2022-ci illərdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışıb. 15.09.2022- ci il tarixindən Elm və Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri, Nizami rayonu K.Əyyubov adına 12 nömrəli tam orta məktəbin direktoru vəzifəsində fəaliyyət göstərir.

 

ŞAGİRD:

Mən, Süleymanlı Dilbər Elşən qızı 2011-ci ildə Naxçıvanda anadan olmuşam. 2012-ci ildə ailəmizlə birlikdə Bakıya köçmüşük. 2018-ci ildə Bakı şəhəri, Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuşam. Hazırda 12№-li məktəbin 7-ci sinfində təhsil alıram. 

Ailəmiz beş nəfərdən ibarətdir. 

Atam- Elşən Rəşid oğlu Süleymanov, 1985-ci ildə anadan olub. Mühəndisdir.

Anam- Günay Canan qızı Süleymanova evdar xanımdır. 

Qardaşım- Əbülfəz Elşən oğlu Süleymanzadə 12 nömrəli məktəbin 3-cü sinfində təhsil alır.

Bacım- Fatimə Elşən qızı Süleymanlı 12 nömrəli məktəbin 5-ci sinfində təhsil alır.

 

ESSE

Ana dilim varlığımdır

 

Hər insan üçün öz dili əzizdir, müqəddəsdir, toxunulmazdır!  

Dil insanın  varlığıdır, mənliyidir, kimliyidir!

Mən aşiq dilim-ilim,

Qovun kəs dilim-dilim.

Öz dilimdən dönmərəm,

Doğrasan dilim-dilim.

Mənim üçün dilim hər şeydir. Bəxtiyar Vahabzadənin öz şeirində dediyi kimi: 

“Dil açanda ilk dəfə “ana”  söyləyirik biz,

Ana dili adlanır bizim ilk dərsliyimiz”.

Bu dil mənim ruhumdur, eşqimdir, canımdır, ilk məhəbbətimdir. Bundan da əsas anam qədər əziz ana dilimdir. Öz dilini bilməyən adamın şəxsiyyəti də bilinməz. Belə bir söz də var ki, “Babalarımızdan bizə üç şey miras qalmışdır”. Bunların içində bizim ana dilimiz də var. Bəziləri bu sözün mənasını anlamır. Buna görə də onun üçün bu şeylər adi şeydir. O adam həm də öz dilinin qiymətini də başa düşə bilməz. 

Bəzi insanlar isə dilinə o qədər bağlıdır ki, öz dili üçün özünü fəda edə bilər. İnsan öz dilində mükəmməl danışmağı bacarmalıdır. Bizim dilimiz varlığımızdır. Bu dil insanı bu dünyaya tanıtdırandır. Bu dil insanın başqaları ilə ünsiyyət qurmağa kömək edəndir. Bu dil insanın qürurudur. Bu dil mənim Respublikamın  dövlət dilidir. Ulu Öndər, dahi liderimiz  Heydər  Əliyevin  dediyi  kimi:

“Mən fəxr edirəm ki, azərbaycanlıyam”

Mən  öz dilimi çox sevirəm və onu qoruyacağıma söz verirəm . Mən öz dilimlə fəxr edirəm və heç bir dillə öz dilimi dəyişmərəm! Hər zaman Allahıma mənə belə gözəl dil hədiyyə etdiyinə görə şükür edirəm. Mən öz dilimi nə qədər sevdiyimi bir parça şeirlə göstərə bilərəm. 

Doğma dilim sən ki varsan dünyada!

“Mən də varam!”söyləməyə haqlıyam.

     Anam! Ana dilim! Ana Vətənim!

Mən bütün qəlbimlə sənə bağlıyam!

Bunu da bilin ki, “Öz ana dilini bilməyən şikəst adamdır!” (Heydər Əliyev)

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.