“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 12 nömrəli tam orta məktəbdir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Kamran Buludxan oğlu İsalı - 4 noyabr 1989-cu ildə Yardımlı rayonunun Gavran kəndində anadan olub. 2007-ci ildə fizika, riyaziyyat və informatika təmayüllü liseyi bitirib.
2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini Təhsilin təşkili və idarə olunması ixtisası üzrə başa vurub. Həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetində Riyaziyyat və informatika fakültəsinin riyaziyyat müəllimliyi ixtisası üzrə təhsil alıb. 2012-2017-ci illərdə Bakı şəhər R.Baxışov adına 218 nömrəli tam orta məktəbində Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 2014-2015-ci tədris ilində Azərbaycan Dövlət İqtisad Universiteti və Təhsil Nazirliyinin birgə təşkil etdiyi məktəb direktorlarının hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək "Uğur sertifikatı"na layiq görülüb. 2017 -ci ilin sentyabr ayında Avropa Birliyinin "TAİEX workshop and school management" seminarı və müxtəlif beynəlxalq təcrübə proqramlarının iştirakçısı olub.
2019-cu ildə STEAM layihəsinin səmərəli tətbiq edilməsi üzrə İsrail Respublikasında, 2021-ci ildə "Məktəb idarəçiliyinin təkmilləşdirilməsi" üzrə Türkiyə Cümhuriyyətinin İzmir şəhərində təcrübə proqlramlarında fəal iştirak etmiş, müvafiq sertifikatla təltif olunmuşdur.
2017-2022-ci illərdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışıb. 15.09.2022- ci il tarixindən Elm və Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri, Nizami rayonu K.Əyyubov adına 12 nömrəli tam orta məktəbin direktoru vəzifəsində fəaliyyət göstərir.
ŞAGİRD:
Mən, Şabanova Dəryanur Kamil qızı 2010-cu il 4 noyabr tarixində Astara rayonunun Asxanakəran kəndində anadan olmuşam. 2017-ci ildə B.Rüstəmov adına Astara rayon tam orta məktəbin I sinfinə daxil olmuşam. 2023-cü ildən Bakı şəhəri Kamil Əyyubov adına 12 №-li tam orta məktəbdə təhsil alıram. Hal-hazırda məktəbin VIII sinfində oxuyuram. Dərslərimdə əlaçıyam.
ESSELƏR
Vətən torpağı
Vətən-anamız qədər əziz, Şəhidlərimizin qanı qədər müqəddəsdir. Vətən təkcə torpaq deyil, uğrunda can verilən müqəddəs amal, Şəhid qanı ilə yazılmış bir anddır! Bu gün hər birimiz doğma Vətənimizdə azad yaşayırıq. Azadlıq Şəhidlərin qanı ilə yazılmış müqəddəs bir tarixdir. Onun qiymətini anlamaq və yaşatmaq bizim ən böyük borcumuzdur. Bizim bu gün üzərində gəzdiyimiz, oynayıb-əyləndiyimiz torpaq qanla qazanılıb, qanla nəfəs alır. Torpağın qanla nəfəs aldığı yerdə isə “Vətən” dirçəlir. Bu Vətən uğrunda neçə vətən övladı qurban getdi. Bu torpaq təkcə Şəhid qanı ilə yoğrulmadı, eyni zamanda düşmən vəhşiliyinin izlərini daşıyır. Onlar evlərimizi yandırdılar, şəhərlərimizi dağıtdılar, günahsız insanları qətlə yetirdilər. Təkcə insanları deyil, insanlığıda öldürdülər.
Amma Vətəni içimizdən silə bilmədilər. Bizi yandırmaq istədikləri o alov, bizi daha da gücləndirdi. Onların amansızlığı, insanlığa sığmayan vəhşiliyi bizim qəlbimizdə qisas deyil, ədalət qığılcımı yandırdı! Bu torpaq qışqıran anaların fəryadını, çarəsiz körpələrin göz yaşlarını, qətlə yetirilən günahsız insanların son nəfəsini unutmayacaq! Düşmənin bizə qarşı törətdiyi zülm zamanın küləyi ilə unudulacaq bir hadisə deyil. Bu, tarix boyu bizim qan yaddaşımızda əbədi olaraq qalacaqdır.
Heydər Əliyev və İlham Əliyev
Heydər Əliyev Azərbaycan xalqının tarixində müstəsna bir yer tutur. Onun hakimiyyətə gəlməsi ölkənin ən çətin dövrünə təsadüf etdi. 1990-cı illərin əvvəllərinə. O , ölkəmizin beynəlxalq aləmdəki mövqeyini möhkəmləndirərək, iqtisadi və siyasi islahatlar həyata keçirdi. Heydər Əliyevin siyasəti ilə Azərbaycan, Azərbaycanın müstəqilliyini qorumaq üçün uğurla hərəkət etdi. Ümumiyyətlə, Azərbaycanı SSRİ caynağından qurtaran, millətçilik və separatizm təhlükəsindən yayındıraraq Müasir Azərbaycan quran Heydər Əlirza oğlu Əliyev olmuşdur.
O səbəbdən xalqın yaddaşında Müasir Azərbaycan banisi Ümumilli Lider, Ulu Öndər, Heydər baba Əliyev oldu. Onun qurduğu güclü dövlətçilik təməli olmasaydı, bu gün biz Zəfər tariximizi yaza bilməzdik. O , bu mübarizənin əsasını qoydu , amma bu missiyanı həyatını keçirmək onun davamçısı, oğlu İlham Əliyevə nəsib oldu. Bu gün də biz gənclər öz Ulu Öndərimizə Allahdan rəhmət diləyərək, müqəddəs ruhunu böyük hörmətlə anırıq!
Xalqın rəhbəri tək, o böyük insan ,
Şirin həyatını, eylədi qurban.
Fikrində Müasir Azərbaycan,
Axıtdı bu yolda, qan-tər dedilər!
Aslanların şahı, Heydər dedilər!
İlham Əliyev atasının arzularını reallığa çevirdi, onun qurduğu güclü ordu və siyasi iradə ilə 30 illik işğala son qoydu. 2020-ci ildə Qarabağ Zəfəri təkcə bir torpağın azad edilməsi deyildi, bu , Heydər Əliyevin mirasının, onun xəyallarını gerçəkləşməsi idi. Bu təkcə bir qələbə deyil, bir millətin tarixində yazılmış ən şanlı dastandır. Bu gün Şuşada dalğalanan bayraq, Qarabağdan yüksələn azan səsi, Xankəndidə səslənən Azərbaycan himni- bunlar iki liderin, iki qəhramanın əsəridir. Heydər Əlyev xalqına güvən verdi, İlham Əliyev isə ona tarixi qələbəni yaşatdı.
Azərbaycan qartalıdır,
Gerçək nağıl qəhrəmanı.
O, mənə çox-çox əzizdir.
Onda vardır, Heydər qanı.
Mübarizlər, Poladların,
O, ali sərkərdəsidir.
Bərpa etdi, bütöv etdi,
Yeni can Azərbaycanı.
Şəhidlik
Bu Vətəndə Mübarizlər, Poladlar, Pəncəlilər kimi oğullar olduqca Vətənimiz yaşayacaqdır. Vətəni sevmək sözlə deyil, əməllə sübut olunur. Mənim fikrimcə, Vətən naminə döyüşmək qəhrəmanlıqdır, amma onun uğrunda ölmək isə əbədiyyətə qovuşmaqdır. İnsan vətən üçün canından keçəndə ən yüksək zirvəyə ucalır. Ən yüksək mərtəbə “ Şəhidlər mərtəbəsi “, ən müqəddəs sevgi isə “ Vətən sevgisidir”. Bu gözəl Vətən uğrunda yaşamaq da, ölmək də bir şərəfdir, çünki Vətən uğrunda canını qurban verənlərin adı torpağa töküldüyü qanla birgə əbədi yaşayır və onların ruhu azadlıq və qüdrətin rəmzinə çevrilir.
Sev Azərbaycanı, Vətən anandır.
Anadan da əziz, sənə yanandır.
İylənmiş cismini, tək o, anandır.
O sevgidən başqa, yalan sevgidir.
Vətənin dəyəri yalnız onun ərazisində yerləşən təbii sərvətlərlə ölçülə bilməz. Vətənin dəyəri onun üzərindən xalqın tarixində, mədəniyyətində, ənənələrində, birliyində, itkilərində, zəfərlərində və keçmişin qanla yazılan səhifələrində gizlidir. Üzərində Şəhid qanı olan torpaq sadəcə torpaq deyil, Vətəndir! Torpaq uğrunda ölən varsa, Vətəndir! Hər bir Şəhidin adı, torpağımıza düşən bir ulduz kimi parlayır, Vətənin şanlı gələcəyinə işıq tutur.
Basdığın yerlərə “torpaq” deyərək keçmə tanı :
Düşün altında minlərcə kəfənsiz yatanı,
Sən Şəhid oğlusan, incitmə, yazıqdır atanı.
Vermə, dünyaları alsan da, bu cənnət Vətəni!
Hər bir azərbaycanlı öz vətəni uğrunda öz canından keçməyə hazırdır. Vətənin yaşaması üçün mənim yox olmağım lazım olsa, gözümü belə qırpmaram! Bu torpaq mənim deyil, mən bu torpağın övladıyam. Vətən üçün döyüşmək yaşamaqdan daha müqəddəsdir. Vətənim üçün nəinki canımdan, nəfəsimdən, xəyallarımdan, varlığımdan, hər şeyimdən keçməyə hazıram. Əgər bir gün bu vətən məni çağırsa düşünmədən torpağa qarışaram. Çünki bu torpaq mənim qanımla var olub, ruhumla əbədi yaşayacaq! Canım da, qanım da, ruhum da vətənimdir. Çünki Vətən yaşadıqca məndə yaşayacağam.
Torpaqdan doğan hər zərrə, hər dağ, hər çay bizə həyat verir, varlıq bəxş edir. Hər qarışında mübarizə və həsrət, həmçinin qələbə və sevinc yaşadan bu torpaq , bizə millət olmağı öyrədir. Biz torpağımızın hər qarışını qorumağa and içmişik. Torpağın üstündə yaşayan bu xalq, heç vaxt torpağını tərk etməyəcək. Öldükdən sonra belə yenə bu torpağa qarışıb onunla əbədi yaşayacaq. Torpaq müqəddəsdir! Torpaq insanın ruhunu əbədi qucaqlayan yeganə varlıqdı. İnsan sevdiyini torpağa tapşırırsa, deməli, torpaq insanın etibar etdiyi, Allah qarşısında ona əyildiyi, sevginin müqəddəs sayılan sıralarda öndə, insanın və onun ulusunun tək axıra qədər bitməyən əbədiyyət kimi ondan bir an belə ayrılmayan pənah ocağıdır. Torpaq “ Vətən” deməkdir. Vətən isə “Azərbaycan” deməkdir.
Torpağa aid bu dəlil və sübutları öz fikirləri ilə ifadə edən Dəryanur da, bu günün sadəcə quru nəfəs alanı, sabahın isə torpağıdır!
“Ədəbiyyat və incəsənət”
(04.04.2025)