PƏRİXANIM SOFİYEVA - Gürcüstanda deputat seçilən ilk müsəlman qadın Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Haqqında danışacağımız Pərixanım Sofiyeva başlıqdan da göründüyü kimi, Gürcüstanda deputat seçilən ilk müsəlman qadın olub. Tarix – uzaq 1918-ci il.

O, nüfuzlu Sofiyevlər ailəsinin üçüncü qızı olub və gənc yaşlarından yaşadığı kəndin və rayonun liderinə çevrilib. Cəmiyyətin ağsaqqalları belə onun məsləhətlərinə qulaq asıb, kənd təsərrüfatı və sosial məsələlərdə ona müraciət ediblər. Hətta ona “Kişi Pəri” ləqəbi qoyulub.

 

Pərixanım Sofiyevanın həyatı barədə söhbətimi davam etdirəcəyəm. Haşiyəyə çıxıb deyim ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırda “Alyans” Gənclər Mərkəzi “Azərbaycan həqiqətlərinin və mədəni irsinin Gürcüstanda təbliği” layihəsi həyata keçirir, layihə çərçivəsində də qonşu ölkənin mediasında “Qarayazının matriarxı – Pərixanım Sofiyeva” adlı məqalə dərc olunub. Sizə bəhs etdiyim həyat hekayəsi də məhz orada qələmə alınıb.

Məqalə İrakli Xvadaqianinin müəllifliyi ilə Gürcüstan Milli Arxivinin tarixi materialları əsasında hazırlanıb.

 

Pərixanım Sofiyeva 1918-ci ildə Gürcüstanın Qarayazı rayonunda keçirilən seçkilərdə güclü partiya namizədlərini məğlub edərək deputat seçilib. Onda hakimiyyətdə Zaqafqaziya seymi idi, az sonra Gürcüstanda müstəqil respublika qurulub. Lakin 1921-ci ildə sovet işğalından sonra yerli özünüidarəetmə orqanları ləğv edilib, ailəsinin mülkləri müsadirə olunub. 1937-38-ci illərdə Stalinin "Böyük təmizləmə" kampaniyası zamanı onun 5 qardaşı repressiyaya uğrayıb.

Pərixanım ömrünün son illərini qardaşlarının yetim qalan övladlarına baxmaqla keçirib və 1953-cü ildə dünyasını dəyişib.

Xatirəsi Gürcüstanda indi də yaşayır, yaşlı nəsil onun adını hələ də xatırlayır. Tbilisi sakrebulosu (şəhər şurası) sədrinin müavini Marika Darçiyanın təşəbbüsü ilə “Tbilisinin xatirə skamyaları” adlı layihəyə start verilib. Layihə çərçivəsində şuranın binası qarşısında, Azadlıq meydanında yerləşdirilən skamyalara Gürcüstanın tarixində önəmli rol oynamış ictimai xadimlərin adları olan xatirə lövhələri vurulub. Bu lövhələrdən biri Pərixanım Sofiyevanın adını daşıyır. Gürcüstanın Mərkəzi Seçki Komissiyası və Tbilisi Dövlət Universiteti onun haqqında kitab nəşr etdirib. 2018-ci ildə isə məzarı abadlaşdırılıb və qəbirüstü abidəsi qoyulub.

Əlbəttə ki, fəxr ediləsi, qürur duyulası bir şəxsiyyət olub Pərixanım Sofiyeva. Ruhu şad olsun.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.