XALQ ŞAİRİ BƏXTİYAR VAHABZADƏNİ anım günündə hörmət və ehtiramla yad edirik Featured

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Bu gün böyük Azərbaycan şairi B.Vahabzadənin vəfatının ildönümüdür. Xalq şairi bütün yaradıcılığı ilə mənsub olduğu millətin yaddaşına hopmuş sənətkarlardandır.

Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb. 

O azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr verib. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş taleyüklü hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində olub.

Türk dünyasının sevimli, dəyərli şairi BəxtiyarVahabzadəni hörmət və ehtiramla anır, onun yaddaşlarda qalan kəlamlarından bir neçəsini diqqətinizə təqdim edirik:

 

Düzlük istəyənin ən əvvəl özü, 

Əgər düz olmasa; vay o düzlüyə!

 

Hər kiçik zərrənin öz aləmi var,
Dünya bir ahəngdə tutmuşdur qərar.

 

Qılınc bu gün varsa, sabah pas tutar, 

Sözünsə qılıncı həmişə parlar.

 

Əgər ana ürəyinə toxunsan, 

Quş yuvası dağıdırsan elə bil.

 

Göydə buludlar da qoşalaşmasa,
Nə ildırım çaxar, nə yağış yağar.
Kolların dibində tək bitdiyindən,
Boynu bükük olur bənövşənin də.
Od vurmasa qabda su daşa bilməz,
Quş da tək qanadla dağ aşa bilməz.
Kösöyün ikisi çöldə də yanar,
Biri ocaqda da alışa bilməz.

 

Mən tək olan zaman fikirlərimin

Hər biri yanımda bir adam olur.

 

Nə qədər zirvəyə qalxıb ucalsan, 

Sən qalxan zirvəyə enən deyiləm...

 

Səbirlə yaranar hər böyük zəfər.
Unudulmaz el yolunda canı qurban olanlar.

 

Əslimi, nəslimi tanıyıram mən, 

Qarışıq deyiləm, özümdən hürkəm. 

Sən kimsən, sən nəsən, özün bilərsən, 

Mən ilk qaynağımdan türk oğlu türkəm!

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.