ÜZEYİR HACIBƏYLİ BARƏDƏ YAZILAR – “Görkəmli pedaqoq” Featured

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

“Üzeyir Hacıbəyli barədə yazılar – “Görkəmli pedaqoq” başlığı ilə növbəti – dördüncü yazını diqqətinizə təqdim edirik. 

 

Ü.Hacıbəylinin tərbiyə haqqında düşüncələri

Professor M.Dadaşova “Musiqi təhsilinin bünovrəsini qoyan böyük pedaqoq” məqaləsində yazır ki, “Üzeyir bəyin çoxsahəli fəaliyyətinin hər bir sahəsində tərbiyə məsələləri geniş yer tuturdu. Onun istər bir müəllim kimi fəaliyyəti, istərsə də, bütün yaradıcılığında qabarıq şəkildə özünü göstərən tərbiyə məsələlərinə dair fikir və mülahizələri pedaqoji fikir tariximizin parlaq səhifələrini təşkil edir”.

Tərbiyə məsələlərinə cox ciddi yanaşan Ü.Hacıbəyli yazırdı ki, “Aşkardır ki, millətimizin gələcəyini təmin edən bizim övlad və əfradimiz (törəmələrimiz) olacaqdır. Ona  binaən indidən lazımdır ki, onların tərbiyələri o nəhv (o cür) ilə icra olunsun ki, axırda millət və milliyyət hissi-müqəddəslər ilə məktəbdən çıxıb millətə xidmət etməyi özlərinə borc bilsinlər...".“Bəs yaxşı adamları, nəcib sifətləri özündə birləşdirmək, istedadlar yetişdirmək üçün nə lazımdır?” sualına özü də cavab verərək deyirdi: “Insani mühit, normal ictimai şərait, mədəniyyət, gözəl ailə tərbiyəsi, məktəb, təkmil təlim üsulları və s.” Ü.Hacıbəyli «Xəbərdarlıq» məqaləsində deyirdi: «Doğrudan da uşaq tərbiyəsi çətindir…Tərbiyənin yolunu ancaq elm sahəsində bilmək mümkündür”. Onun tərbiyə haqqındakı fikirlərinin əsasını humanizm, vətənpərvərlik, beynəlmiləlçilik, nikbinlik, mübarizlik təşkil edir.

Insanın formalaşmasında mühitin, ictimai şəraitin mühüm amil olduğunu  düzgün qiymətləndirən Üzeyir Hacıbəyov yazırdı ki, cəlalət və nadanlığın əsas səbəbləri dərəbəylik üsul idarəsidir. Görkəmli ədib insanda yüksək mənəvi sifətlərin yaranmasına məhz uşaqlıq dövründən diqqət yetirilməsinə, ailə tərbiyəsinə böyük əhəmiyyət verirdi. Apardığı müşahidələr nəticəsində belə qənaətə gəlmişdi ki, uşağın inkişafının istiqaməti və intensivliyi bilavasitə ilkin tərbiyədən – ailə tərbiyəsindən asılıdır. Çünki uşağın fiziki və psixi inkişafının ilk rüşeymləri ailədə qoyulur. Ü.Hacıbəyovun fikrincə, ailədə tərbiyə məsələsinin düzgün qoyuluşu şəxsiyyətin gələcək inkişafına güclü təsir edir.  Felyetonlarının birində yazırdı ki, uşaqlar 7-8 yaşına qədər məktəbə getmir və evdə qalırlar. Bu dövrdə qeyri-millətlərin uşaqları gözəl tərbiyə olunur, yəni vaxtında yatır, açıq havada gəzir, ona lazım olan oyuncaqlarla oynayırlar. Anaları onlara kitab oxuyur, bir sözlə ətrafı uşağa xoş təsir bağışlayır. Amma bizim uşaqlar toz-torpağın içində böyüyür, qulağı söyüş, qarğış, dava-dalaş səsləri ilə dolur və sonra da məktəbə gedir. Gələcəkdə oxuyub necə deyərlər, alim olsa da, adam ola bilmirlər. 

Azərbaycan pedaqoji fikir və təhsil tarixində silinməz iz qoymuş Ü.Hacıbəyli göstərir ki, uşağın tərbiyəsində ailə və məktəbin eyni dərəcədə mühüm rolu var. Ümumiyyətlə, o, uşaqların tərbiyəsinə ümumxalq işi kimi baxır və müəllimləri, valideynləri və içtimaiyyət nümayəndələrini bu sahədə qarşıya çıxan hər cür çətinliyə dözməyə çağırırdı.

 Üzeyir bəy “Xəbərdarlıq” adlı məqaləsində  tələb edirdi ki, uşağın təbii qüvvəsini düzgün istiqamətləndirməklə onların qarşısını almağa çalışan və ya inkişafına mane olan hər cür vasitələri aradan qaldırmaq lazımdır. O, uşağın təbiətini yeni əkilmiş ağaca bənzədirdi. Ağacın becərilməyə ehtiyacı olduğu kimi, uşağın da təbiəti elm öyrənməyə, təhsil və tərəqqi almağa möhtacdır”.

Onu da qeyd edək ki, böyük Üzeyir bəy özü ən yaxşı tərbiyəçilərdən idi. Tanınmış bəstəkar S.Rüstəmov bu barədə belə yazırdı: “Azərbaycan xalqının ləyaqətli oğlu olan Ü.Hacıbəyov istedadlı bəstəkar, qabil sənətkar olmaqla, gənclərimizin tərbiyəsi ilə məşğul olan ən yaxşı müəllimdir”.

Növbəti – sonuncu yazının mövzusu “Üzeyir Hacıbəyli musiqi təhsili sisteminin yaradıcısıdır” adlanacaq.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.