AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASI – Davud Nəsib, “Nəsihət” Featured

Rubrikanı təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Rubrikamızda Davud Nəsib həftəsi davam edir.

Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Davud Nəsib (Davud Məcid oğlu Nəsibov (25 avqust,1942, Qazax – 26 mart,2003, Bakı) SSRİ dönəmində gəncliyin ən sevilən şairlərindən biri olub. Vətənə, valideyinlərə ülvi məhəbbət, saf sevgi hissləri, nəcibliyin, xeyirxah əməllərin tərənnümü Davud Nəsib poeziyasının leytmotivini təşkil edib. Müstəqillik dönəmində isə şair qələmini süngüyə çevirərək erməni millətçiliyi ilə mübarizəyə qalxıb, bir-birindən sanballı əsərlər ortaya qoymaqla gənc nəslin vətənpərvərlik, qəhrəmalıqn ruhunda yetişməsinə öz töhfələrini verib.

Bu gün sizlərə “Nəsihət” şeirini təqdim edəcəyik.

Bu bir atanın bir oğula nəsihətidir, amma həm də bir müdrik şairin minlərlə gəncə nəsihətidir. Razılaşın ki, günümüzdə məhz bu sayaq nəsihət verənlərə kəskin ehtiyacı yaranıb gəncliyin.

 

 

NƏSİHƏT

 

Enişli, yoxuşlu uzanır bu yol,
Demə, atam varsa, mən aşacağam.

Hələ sakit dayan, ehtiyatlı ol,
Alış bu həyata neçə ki, sağam.

 

Bu dağlar haraylı, bu düzlər haylı,
Hər qaya bir tarix, hər daş ocaqdır.
Yıxılsan torpağa sən üzüqoylu
Torpağın nəfəsi qaldıracaqdır.

 

Keçilməz sədləri

                        çağır yol üstə,
Neçə ki, atan var

                        ağır yol istə,
Sına öz qüvvəni

                         yoxuşlar üstdə.

 

Həyat silkələyib çəksə də dara,
Qorxaqlar yıxılır, qorxma sən bir an.
Demə, çətinlik yox, ta bundan sonra,
Ucalmaq, ucaltmaq, yaşamaq asan.

 

Bu həyat yolları qurtaran deyil,
Bilmirsən haradan hayana gedir.
Bunu yadda saxla, bunu yaxşı bil:
Həyat axıracan mübarizədir!

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.