“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 244 nömrəli tam orta məktəbdir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Yəhya Müseyib oğlu Abbasov 1959-cu ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olmuşdur. 1975-ci ildə Kəsəmən kənd orta məktəbinin 10-cu sinfini bitirmişdir. 1975-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, 1980-cı ildə həmin İnstitutun Fizika-Riyaziyyat fakültəsini bitirmiş və təyinatla Goranboy rayonunun Qaradağlı kənd orta məktəbində müəllim kimi pedaqoji fəaliyyətə başlamışdır. 28 aprel 1984-cü ildə Goranboy rayon Xoylu kənd sovetinin katibi və sonradan sədri vəzifəsinə seçilmiş, 01 sentyabr 1987-ci ildən 1998-ci ilin yanvar ayınadək Xoylu kənd orta məktəbinin direktoru vəzifəsində işləmişdir. Bir neçə çağrış Goranboy rayon XDS -nin deputatı seçilmişdir. 1988-1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, müharibə vetranıdır. 12 yanvar 1998-ci il tarixindən Binəqədi rayon Təhsil Şöbəsində inspektor vəzifəsində işləmişdir.
23 dekabr 1999-cu il tarixdən Binəqədi rayon Əsəd Ələskərov adına 244 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyir. Eyni zamanda 6 fevral 1999-cu il tarixdən 30 noyabr 2012-ci il tarixədək 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin sədri vəzifəsində işləmişdir.
3 dekabr 2008-ci ildə "Müasir məktəb təhsilinin sosial fəlsəfi problemləri” mövzusunda dissertasiya işi müdafiə etmiş, Fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. Təhsil sahəsində xidmətlərinə görə 2010-cu ildə Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə "Qabaqcıl təhsil işçisi "adına layiq görülmüş, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi medalı" ilə təltif olunmuşdur. Beş kitabın və müxtəlif vaxtlarda yerli və xarici mətbuatda çap olunmuş 18 elmi məqalənin müəllifidir.
1999-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Müharibədə iştirakına görə Azərbaycan QMƏVŞAİB-in İdarə Heyətinin 10.02.2016 cı il 02 №-li qərarına əsasən "FƏDAİ", 11.11.2016-cı il 10№-li qərarına əsasən "VƏTƏN NAMİNƏ" ,”BÖYÜK ZƏFƏR”, “MİLLİ ORDU -100”medalları ilə təltif edilmişdir. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri ictimai birliyinin İdarə Heyətinin 12 №-li 03.11.2017- il tarixli qərarına əsasən "Vətənpərvərlik İşində Xidmətlərinə görə" medalı ilə təltif edilmişdir.
ŞAGİRD:
Hümbətli Cəmilə Ceyhun qızı 7 mart 2010-cu ildə Bakı şəhərində anadan olmuşdur. 2016-cı ildə Laçın şəhər 2 nömrəli tam orta məktəbində təhsilə başlamışdır, 2023-cü ildən etibarən təhsilini Binəqədi rayonu, Əsəd Ələsgərov adına 244 nömrəli tam orta məktəbdə davam etdirir. Hazırda isə 9-cu sinif şagirdidir.
2022-ci ildə riyaziyyat fənni üzrə Respublika fənn olimpiadalarında iştirak etmişdir.
2024-cu ilin may ayında 244 nömrəli tam orta məktəbdə keçirilən “ 9 May – faşizm üzərində Qələbə günü” tədbirində iştirakına görə sertifikat, həmin ilin noyabr ayında isə “Məktəblinin dostu” layihəsi və 244 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “8 noyabr-Zəfər Günü”nə həsr olunmuş məktəblərarası keçirilən “Zəfər sədası” intellektual yarışında 2-ci yeri tutduğuna görə diplom ilə təltif olunmuşdur.
ESSE:
Unudulmaz tarixi qələbəmiz
Dünya nə qədər qloballaşsa da, hər insan öz doğma torpağına və Vətəninə olan bağlılığını heç vaxt itirməməlidir.
Azərbaycan xalqının isə vətənpərvərlik hisslərini sonuna qədər yaşadığı hadisələrdən biri də 2-ci Qarabağ müharibəsi olmuşdur.
Cəmi 44 gün ərzində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi bir zəfərə imza atmışdır. Müharibədə əldə olunan qələbə yalnız torpaqlarımızın geri qaytarılması deyildi, bu, həm də xalqın illərdir susdurulmuş hayqırışlarının nəticəsi idi.
2-ci Qarabağ müharibəsində qazandığımız qələbə bizə nə qədər böyük qurbanlar hesabına başa gəlsə də, bu uğur Şəhidlərimizin ruhunu əbədi yaşadacaqdır.
Təbii ki, qələbəmizdə ən böyük rol Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasət yeritməsi idi. İlk növbədə onun tərəfindən hərbi islahatlar və müasir texnologiyaların ordumuza gətirilməsi müharibədə üstünlüyümüzü təmin etdi. Daha sonra isə Azərbaycan Ordusunun döyüş qabiliyyəti və İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində zəfər qazandıq. Hazırda isə işğaldan azad olunmuş torpaqlarımızda bərpa və inkişaf işləri davam edir.
Biz isə gənclər olaraq bu tarixi qorumalı və harada olduğumuzdan asılı olmayaraq Azərbaycan bayrağını uca tutmalıyıq.
Tarixi qələbəmizin dəyərini anlamaq və gələcək nəsillərə çatdırmaq bizim müqəddəs borcumuzdur.
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)