İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sovet İttifaqında iki dəfə Sovet İttifaqı qəhrəmanı adını qazanmaq mümkünsüz görünən bir iş olsa da o –azərbaycanlı balası bunu bacarıb. Təəssüf ki, o da ermənilərin qurbanına çevrilib.
Vətəninə xidmət edən, qəhrəman hərbiçimiz Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. 1923-cü ildə atası Əhəd kişi Kərbəla ziyarətində olarkən həlak olub və orada da dəfn edilib. 13 yaşında atasını itirən Həzi, atasının çalışdığı kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. İl yarımdan sonra komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. Zaqafqaziya hərbi hazırlıq məktəbinin məktəb rota qəzetinin redaktoru olub.
Məktəb müdavimi ikən komsomol təşkilatının katibi seçilib. Daha sonra 8-ci çağırış Bakı Sovetinin üzvü seçilib. 1929-cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovski adına 3-cü Bessarabiya süvari diviziyasının 15-ci süvari alayına vzvod komandiri təyin olunub.
Böyük Vətən Müharibəsi başlananda Həzi Aslanov Ukraynada Lvov vilayətində xidmət edib. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə Aslanovun batalyonu qeyri bərabər döyüşə girib və özü bu haqda belə yazır: "1941-ci il iyunun 23-nə keçən gecə alman aviasiyası basqın etdi. Bomba tökməyə başladı. Dan yeri ağaranda biz qeyri-bərabər döyüşə girdik..."
1941-ci ilin dekabrında mayor Aslanov Moskva yaxınlığındakı tarixi döyüşdə iştirak edir. Mojaysk tərəfdə döyüşən sovet atıcı bölmələrindən biri mühasirəyə düşür və bu atıcı bölməni mühasirədən azad etmək üçün mayor Aslanova əmr verilir. Güclü döyüş taktikası ilə Aslanov mühasirə yaradan alman ordusunun top və pulemyot atəş nöqtələrini məhv etməyi bacarır. Bu əməliyyat zamanı Aslanovun olduğu tankın sürücü-mexaniki ağır yaralanır və Aslanov tankı özü idarə edərək taqımlara komandanlığı davam etdirə bilir. Mühasirədən 40-dan artıq döyüş avtomobili və yüzlərlə şəxsi heyət azad olunur. Həzi Aslanov Moskva ətrafında gedən döyüşlərdəki qəhrəmanlığına görə Qırmızı Ulduz ordeninə layiq görülür.
Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Priyekule yaxınlığında (Liepaya rayonu) döyüş meydanından kənarda, komandirlərin döyüşü müşahidə məntəqəsinin yaxınlığında 15 nəfərə yaxın iri rütbəli zabitin əhatəsində müəmmalı şəkildə uzaqdan açılan zenit qurğusunun atəşi ilə yaralanmış, 23 saat sağ qalmış, onu Moskvaya müalicəyə aparmaq üçün təyyarə göndərilmiş, amma Həzi Aslanov yolda vəfat etmişdir. Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsində müstəsna xidmətləri olmuş yazıçı-jurnalist Musa Bağırovun "Sərkərdənin taleyi" adlı sənədli kitabında deyilir: “Beqiaşvili Həzi Aslanovun şəxsi həkimi olmuşdu…Beqiaşvili ilə mən Tbilisidə onun evində görüşdüm. O dedi: "H. Aslanov yaralananda mən orda yox idim. Lakin 5 dəqiqə sonra özümü ora çatdırdım. Vəziyyəti ağır idi. Ona təcili surətdə təzə qan köçürmək lazım idi. Mən Həzinin yanına uzandım ki, öz qanımdan 500 qram ona köçürülsün. O, yavaş-yavaş özünə gəlməyə başladı. Hətta bizimlə zarafat da edirdi. Onu Moskvaya aparmaq üçün xüsusi təyyarə gəldi. Həzinin xahişi ilə onu Moskvaya qədər mən müşayiət etməli idim. Amma məni zorla onun yanından ayırıb başqa iş dalınca göndərdilər. Bu, əlbəttə, qəsdən edilirdi. Həzi Aslanov ölməməli idi. Yaralanandan sonra o, düz 23 saat sağ qaldı. Bu müddətdə onu Moskvaya aparmaq üçün ayrılan təyyarə də o yatan evin arxasında dayanmışdı..."
Həzi Aslanovun ölümünü onun daxil olduğu Pribaltika cəbhəsinin komandanı, erməni İvan Xristoforovoç Baqqramyan təşkil edir. Çünki, H. Aslanovun ölümü döyüşün getdiyi yerdən çox uzaqda, komanda məntəqəsində və öz ordumuzun açdığı mərmi atəşindən sonra mümkün olub.
Onun qəbri Bakıda – Dağütü Parkda - Şəhidlər Xiyabanındadır.
Mükafatları
1. 3 Qırmızı Bayraq ordeni
2. 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni
3. 1-ci dərəcəli Vətən müharibəsi ordeni
4. 2 Qırmızı Ulduz ordeni kavaleri və medallar
1944-cü ildə general-mayor H. Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ. Baqramyan buna maneəçilik törədib. Ölümündən 46 il sonra, 1991-ci ildə H. Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Allah rəhmət eləsin. Amin.
“Ədəbiyyat və incəsənət”
(04.02.2025)