Belarusdakı diaspor təşkilatının rəhbərinə medal təqdim olunub

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırovu qəbul edib. “Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, qonağı salamlayan Komitə sədri Azərbaycanla Belarus arasında ikitərəfli münasibətlərin inkişafında və iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsində Azərbaycan diasporunun rolunu yüksək qiymətləndirdiyini söyləyib.

 

Hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarının, soydaşlarımızın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu bildirib.

Sonra Natiq Bağırova “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim olunub.

Natiq Bağırov fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını bildirib. O, xaricdə yaşayan azərbaycanlıların Prezident İlham Əliyevin siyasətini daim dəstəklədiklərini, bundan sonra da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı və diasporumuzun fəaliyyətinin daha mütəşəkkil olması naminə səylərini əsirgəməyəcəklərini nəzərə çatdırıb.

Qeyd edək ki, SSRİ-də sambo üzrə idman ustası, Belarusda həm cüdo, həm də sambo üzrə əməkdar idman ustası olan Natiq Bağırov dünya və ikiqat Avropa mükafatçısıdır. 2022-ci ildən Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviridir.

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.