“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı 15 parametrləri xüsusi olaraq qabardardım
15) Özünəinam.
Nəhayət, uğur qazanmaq yolunda ən vacib parametrlərdən biri olan «özünəinam»a gəlib çıxdıq. Ən sonda ən vacib olan parametrə toxunuruq, belə ki, özünəinam, bütün böyük uğurların məhz startıdır, bu hiss yoxdursa hansı uğurdan söhbət gedə bilər axı? «Özünəinam» insanın hər şeyə nail olacağına qəti əminliyidir, ən çətin vəziyyətdə, ən ağır şəraitdə özünə güvənməsidir.
Özünə necə inanmalı? Adi sualdır, amma adi olduğu qədər də bəzən həlli müşküllük yaradan situasiyalara işarə edən sualdır.
- İlk öncə, əziz oxucum, qarşınızda duran məqsəd və vəzifələrin ağırlığını, həlledilməzlik illüziyasını dağıdın, «həll edilməz məsələ yoxdur, mən hər şeyi bacarıram», «azacıq zaman lazımdır, sonda gülən tərəf mən olacağam» tipli autotreninqlərdən faydalanın. Çox vaxt insan hər hansı kiçik problemini süni olaraq böyüdür, həlledilməz həddə çatdırır, nəticədə də panikaya düşür, həyatın nəbzini itirir. Buna əsla yol verməyin!
- Özünəinamı bərk sarsıdan faktorlardan biri də uğursuz bir şəxsdən nümunə götürməkdir. Kimsə həmin işi sizdən əvvəl görüb, onda alınmayıbsa «bu məndə də alınmaz» deyə qorxu keçirirsiniz. «Hər situasiya fərqli, hər şəxs də fərqlidir» postulatını əsas götürüb kimlərisə özünüzə nümunə gətirməyin. Yox, əgər mütləq nümunə gətirmək istəyirsinizsə, onda çalışın, uğurlu bir insanı nümunə gətirəsiniz.
- Özünəinam hissini gücləndirməyin başqa bir yolu öz kemiş qələbələrinizi xatırlamağınız, uğurlarınıza təkrarən nəzər yetirməyinizdir, Bunlar sizə əlavə stimul verəcək, gücünüzə sanki əlavə güc qatacaq.
- Özünəinamı formalaşdıran daha bir detal reallıqda qalmaq, xəyallarda uçmamaqdır. Nə mənada? O mənada ki, biz bəzən öz gücümüz dişarında olan işləri aşırmaq xəyalları qürur, planları cızırıq. Kiminçünsə milyonçu olmaq, kiminçünsə Olimpiya çempionluğu qazanmaq, kiminçünsə prezident seçilmək mümkün hal olduğu halda, təbii ki, böyük əksəriyyət üçün mümkünsüzdür. İnsanlar milyardlarcadır, ən uca zirvələr isə tək-tük seçilmişlər üçündür. Baxın, seçilmiş olmasına heç bir zəmin olmayanın seçilmişlik iddiası sonda təbii ki, uğursuzluqla nəticələnir və onun özünəinam hissləri zədələnir. Bu səbəbə görə də, başından uca tullanmaq planları qurmayın, özünəinamınızı real planlarda sınaqdan çıxarın.
- Özünəinam hissini gücləndirmək üçün şəxsi mövqeyə malik olmaq, prioritetləri düzgün sıralamaq, pozitiv və uğurlu ətrafa malik olmaq, stress və depressiyalardan qaçmaq da vacib rol oynayır.
“Ədəbiyyat və incəsənət”
(25.01.2025)