Rəna Hüseynova və Fateh Rüstəmli BİR DİREKTOR, BİR ŞAGİRD LAYİHƏSİNDƏ Featured

“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun  Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. 

 

 Hazırda təqdimatda 161 nömrəli tam orta məktəbdir.

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

 

DİREKTOR :

 

Rəna Şəmsəddin qızı Hüseynova 4 iyun 1986-cı ildə Ucar rayonunda anadan olmuşdur. İlk təhsilini Ucar rayonu 2 nömrəli tam orta məktəbdə almışdır. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsilə yiyələnmişdir. 

2012-ci ildə Ucar rayonu 2 nömrəli tam orta məktəbdə tarix müəllimi vəzifəsi üzrə pedaqoji fəaliyyətə başlamışdır.

2019-cu ildən Bakı şəhəri 143 nömrəli tam orta məktəbdə tarix müəllimi kimi çalışmış, dərs dediyi siniflər, əsasən, rus bölməsini əhatə etmişdir. 

2023-cü ildən Bakı şəhəri 143 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini kimi fəaliyyət göstərmişdir. 

2024-cü ilin yanvar ayında Yasamal rayonu C.Cabbarlı adına 161 nömrəli tam orta məktəbin direktor vəzifəsinə təyin edilmişdir, hal-hazırda da həmin məktəbdə fəaliyyətini davam etdirir.

Rəna Hüseynova pedaqoji fəaliyyəti zamanı  bir çox layihələrin iştirakçısı və müəllifi olmuşdur. Həmçinin o, ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərindəndir.

Bundan əlavə, Rəna Hüseynovanın şagirdləri bir sıra yerli və beynəlxalq olimpiadaların qalibi və mükafatçısı olmuşdur.

Rəhbəri olduğu 161 nömrəli tam orta məktəb innovativ məktəblər sırasına daxil olduğundan 2024-cü ilin may ayında  “İnnovativ Məktəb” layihəsi çərçivəsində İsraildə keçirilən təlimlərdə uğurla iştirak etmişdir. “ORT İsrail” məktəblər şəbəkəsinin mütəxəssisləri tərəfindən keçirilən təlimdə əsas məqsəd təhsil işçilərini şagirdləri yetkin həyatının çağırışlarına və gələcək əmək bazarının tələblərinə cavab verməyə hazırlaması üçün lazımi bilik, bacarıq və səriştələrin inkişaf etdirilməsi olmuşdur.

Hansı vəzifədə çalışmasından asılı olmayaraq, hər bir insan öz fəaliyyətini düzgün qurmalı, öz üzərində çalışmalı və işinə məsuliyyətlə yanaşmalıdır. Rəna Hüseynova daim öz üzərində çalışır, müxtəlif yerli və beynəlxalq təlim və layihələrdə mütəmadi olaraq iştirak edir.

 

 

ŞAGİRD

 

Rüstəmli Fateh Asim oğlu 10 dekabr 2009-cu ildə Quba rayonu, Qonaqkənd qəsəbəsində anadan olmuşdur. 2016-cı ildə E. Şirəliyev adına 274 nöməli tam orta məktəbdə birinci sinfinə daxil olmuşdur, 2019-cu idən etibarən təhsilini Yasamal rayonu Cəfər Cabbarlı adına 161 nömrəli tam orta məktəbdə davam etdirir. Hazırda 9-cu sinif şagirdidir.

2024-cü ildə kimya fənni üzrə Respublika Fənn Olimpiadasında iştirak etmiş, uğur qazanmışdır. 2024-cü ildə “Xəzər İntellektual Gənclər Klubu” və "3sual.az" platformasının təşkilatçılığı ilə keçirilən “Məktəblilərin İntellekt Liqası” layihəsində iştirak etmiş, uğur qazanmışdır. 

2024-2025 illərdə davam edən, İsrail və Azərbaycanın birgə layihəsi olan "Beynalxalq Kosmos Olimpiada"da iştirak edir. Eləcə də 2024-2025 illərdə davam edən “Bil, Bacar” yarışının iştirakçısıdır.

Məktəbdaxili kompüter və informatika yarışlarında iştirak etmiş və yer tutmuşdur. Bu kimi bir çox məktəbdaxili və məktəbdənkənar  müxtəlif intellektual yarışlarda iştirak edərək bilik və bacarıqlarını inkişaf etdirməkdədir. Asudə vaxtlarında musiqi dinləməyi, film izləməyi və xüsusən detektiv əsərlər oxumağı çox sevir.

 

ESSE

Kosmosda insan həyatı

 

Kosmos insanın həmişə xəyal etdiyi bir sirr və hüdudsuzluq dünyasıdır. Yer kürəsindən uzaqda həyatın mövcudluğu fikri bir vaxtlar fantastika kimi görünsə də, bu gün elm və texnologiyanın inkişafı sayəsində kosmosda insan həyatı reallığa çevrilib. Lakin bu reallıq çoxsaylı çətinliklər və çağırışlarla müşayiət olunur.

Kosmosda həyat, ilk növbədə, insanın yaşaması üçün əsas şərtlərin təmin olunmasını tələb edir. Oksigen, su, qida kimi zəruri ehtiyacların qarşılanması Yer kürəsindən fərqli üsullarla həll edilir. Beynəlxalq Kosmik Stansiya (ISS) bu istiqamətdə ən böyük uğurlardan biridir. Burada kosmonavtlar üçün oksigen istehsal edən, suyu təmizləyən və qida təmin edən sistemlər mövcuddur. Ancaq bu kifayət deyil. Çəkisizlik şəraiti insan bədəninə ciddi təsirlər edir. Uzun müddət çəkisizlikdə olmaq əzələ zəifliyinə və sümük kütləsinin azalmasına səbəb olur. Bu problemlərin qarşısını almaq üçün kosmonavtlar hər gün xüsusi fiziki məşqlər etməlidirlər.

Kosmosda yaşamanın digər bir böyük problemi radiasiyadır. Yer kürəsinin atmosferi bizi Günəşdən gələn zərərli radiasiyadan qoruyur. Kosmosda isə belə bir təbii qoruma yoxdur. Buna görə də kosmik geyimlər və xüsusi qoruyucu texnologiyalar istifadə olunur. Bununla yanaşı, psixoloji çətinliklər də əhəmiyyətli rol oynayır. Kosmosda uzun müddət dar məkanlarda olmaq, yaxınlarından uzaq qalmaq insan psixologiyasına təsir edir. Kosmonavtların ruh sağlamlığını qorumaq üçün müntəzəm ünsiyyət, əyləncəli fəaliyyətlər və psixoloji dəstək təşkil edilir.

Gələcəkdə kosmosda həyatın daha geniş imkanlar yaradacağı gözlənilir. Marsda koloniyaların yaradılması, Ayda baza qurulması kimi layihələr artıq planlaşdırılır. Bu layihələr insanlığın Yer kürəsindən kənarda yeni dünyalar kəşf etməsinə şərait yaradacaq. Ancaq bu, yalnız elmi-texniki nailiyyətlərlə deyil, həm də insan iradəsi və əzmi ilə mümkündür.

Nəticə olaraq, kosmosda insan həyatı hələlik çətin və məhdud olsa da, bu istiqamətdə atılan addımlar insanlığın nə qədər böyük potensiala malik olduğunu göstərir. 

Kosmos, insanın özünü və kainatı daha dərindən dərk etməsi üçün yeni üfüqlər açır. Bu üfüqlər, bəlkə də, bir gün insanlığın yeni yurduna çevriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.