“Allah mənə kömək etsin” - 47-ci ABŞ prezidenti Donald Trampın andının yekun sözləri bunlar oldu Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Donald Tramp impiçmenti, cinayət ittihamlarını və iki sui-qəsd cəhdini dəf edərək dünən - bazar ertəsi and içərək ABŞ-ın 47-ci prezidenti vəzifəsinə başladı.


İnauqurasiya mərasimi 40 ildən sonra ilk dəfə olaraq Rotonda - Konqresin mərkəzi zalında keçirildi. Bura təxminən min nəfər oturacaq yerinə malikdir və yerlər əlbəttə ki, tam olaraq dolmuşdu. Mərasimi Euronews telekanalından izləyir, hər epizoda diqqət etməyə çalışırdım. 

Respublikaçı Tрамп, ABŞ konstitusiyasına və ölkəyə sədaqət andı içdi.

Ağ Evdən Kapitoli sarayına seçilən yeni və istefaya gedən əvvəlki ABŞ prezidentləri ənənəyə uyğun olaraq mərasimə eyni avtomobildə gəlmişdilər, təbii ki, yol boyu bir-birilərinə nəzakət nümayiş etdirmişdilər. Onlarla birlikdə 47-ci prezidentin andiçmə mərasiminə Minnesota ştatından olan senator, Konqresin iki partiyalı komitəsinin sədri C. Emmi Klobuşar da qatılmışdı.


"Mən, Donald Con Tramp təntənəli şəkildə and içirəm ki, ABŞ prezidentinin vəzifəsini dürüst şəkildə yerinə yetirəcəyəm və bütün gücümü sərf edərək ABŞ Konstitusiyasını qoruyacaq, müdafiə edəcək və dəstəkləyəcəyəm. Allah mənə kömək etsin," - deyərək o, ənənəvi andiçmə formulunu oxuyaraq, sol əli ilə Melaniya xanımın tutduğu İncilə toxundu.

"Prezident, təbrik edirəm," - dedi qarşısında duraraq andı qəbul edən ABŞ Ali Məhkəməsinin sədri Con Robert. 

Tramp 2017-ci ildəki ilk inauqurasiyasında olduğu kimi, iki İncil üzərində and içdi. Birinci İncil üzərində 16-cı prezident Abraham Linkolnun 1861-ci ildə and içdiyi İncil idi ki, posta qədəm qoyan bütün ABŞ prezidentləri ona əl basırlar. 

İkinci İncil isə Ttrampın uşaqlıqda anası tərəfindən ona hədiyyə olunan və onun bu illər ərzində göz bəbəyi kimi qoruduğu İncil idi. Tramp reqlamenti ailə dəyərlərinə görə pozdusa da bu, rəğbətoyadıcı bir jest idi. 


Tramp ABŞ tarixində iki dəfə prezident olan ikinci şəxs oldu. Əvvəlcə bunu yalnız Grover Cleveland bacarmışdı (22-ci və 24-cü prezident olaraq 1885-1889 və 1893-1897-ci illərdə). 

İndi Tramp ABŞ-ın 45-ci və 47-ci prezidentidir.

İnauqurasiyada daha bir ilk - ABŞ-da bu cür mərasimlərin keçirildiyi tarixdə ilk dəfə olaraq xarici liderlər iştirak edirdi: Argentina prezidenti Xavier Milei, İtaliya baş naziri Corca Meloni, Ekvador prezidenti Daniel Noboa. Çin tərəfdən mərasimə Çin Xalq Respublikasının baş nazir müavini Han Cen qatılmışdı. Hindistanı respublikanın xarici işlər naziri Subramanyam Jayşankar, Yaponiyanı isə Xarici İşlər naziri Takeşi İvai təmsil edirdi. 

Andiçmədən dərhal sonra Kapitoliya təpəsindən 21 dəfə artilleriya atəşi səsləndi. Bir neçə dəqiqə əvvəl - ənənəyə uyğun olaraq - 40 yaşlı ABŞ vitse-prezidenti Ceyms Devid Vens də and içdi. Beləliklə, saat 12:00-da (21:00 Bakı vaxtı ilə) Tramp  administrasiyasının 4 illik müddətinin hesabı başlandı.
Onu da nəzərinizə çatdırım ki, paytaxt Vaşinqtonda xüsusilə Trampın həyatına qarşı 2024-cü ilin iyul və sentyabr aylarında edilən sui-qəsd cəhdləri ilə əlaqədar olaraq, misilsiz təhlükəsizlik tədbirləri görülüb. Bundan başqa, Milad bayramı günlərində  Las-Veqasda (Nevada ştatı) və Nyu-Orleanda (Luizianna ştatı) terror aktları törədilmişdi.

Odur ki, təhlükəsizlik tədbirlərinin görülməsi vacib idi. 

O ki qaldı Trampın daha çox erməniləri sevindirəcəyi məsələsinə, bunu hələ yaşayarıq, görərik.

 

Foto: Kevin Lamarque/2025 Getty Images

 

“Ədəbiyyat və incəsənət”

(21.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.