Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Ədəbiyyatda gənclik müxtəlif janrlarla məhrəm münasibətə girmək deməkdir. Bir janrın içində qala-qala qocalmaq olar. Janrdan janra adlayanda isə yazıçıya, elə bil, yeni energiya gəlir. Fizika öyrədir ki, atomun hissəciyi öz orbitindən çıxıb o birinə sıçrayanda özündən enerji buraxır. Janrdan janra sıçrayan zaman, neytral zonada yazıçı da belə bir energiyanı hardansa alır. Həmən atomdan olmasın?!
2.
“Nəhayət, baxışın mənə dəyəndə
Nəhayət, tanıdıq bir-birimizi.
O uzaq dənizin dibsizliyində
Sən su pərisiydin, su pərisi.”
3.
Başlamağı bacarmaq kimi qurtarmağı da bacarmaq lazımdır. Hər şeyin əvvəli və sonu vardır. Biz bu əvvəl ilə sonun arasındayıq. Hərəmiz bir nöqtədə.
4.
Mən heç bir tələbəmi heç vaxt heç bir müəllimin ayağına verməyəcəyəm. Amma heç bir müəllimi də heç bir tələbənin ayağına vermərəm.
5.
Nizami, Nəsimi, Füzuli kimi neçə-neçə təfəkkür və mərifət sahibi üçün Vətən bütün dünya, bütün kainat idi. Bu insanlar dünyanı ölkələrə, insanlığı millətlərə, irqlərə, rənglərə bölmürdülər. Onlar üçün “müsəlmanlar və başqaları” bölgüsü yox idi. Bəlkə elə buna görə onlar bizim üçün belə əlçatmazdılar?!
6.
Ali məktəblərdə Azərbaycan dilinin saatlarını artırmaqdan söz düşəndə bunu, adətən, filoloji istiqamətdəki ixtisaslar üçün nəzərdə tuturlar. Əslində isə, Azərbaycan dili saatlarının filoloqlardan daha çox riyaziyyatçılar, fiziklər, bioloqlar, həkimlər, iqtisadçılar... üçün artırılması mexanizmini işləmək lazımdır.
7.
Ədəbi təhlildə “Bu, azərbaycanca deyil!” hökmünə son qoymaq lazımdır. Belə düşüncə tərzi bütövlükdə dil inkişafının qarşısına sədd çəkir. Əsərin dilində, əlbəttə ki, müəllif tərəfindən dərk edilmiş icazəli pərakəndəlik, hərc-mərclik olmalıdır. Aydın olan odur ki, “azərbaycanca deyil!” baş verməsə, azərbaycanca dərinləşə, genişlənə bilməz! Sığallı, ütülü bədii dil 20-ci əsrin ortalarında qaldı. İnkişaf nəyisə qırmaq, nədənsə vaz keçmək, oxucunu təkcə təəccübləndirmək yox, ona alternativ quruluşlar təqdim və təlqin etməkdir.
“Ədəbiyyat və incəsənət”
(08.01.2025)