PA - Ən asan mənimsənilən uğur formulları: Marta Bek Featured

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                           

 

Hər bir uğur zirvəsinə çatmış insanın öz spesifik, özünəməxsus uğur yolu olur. Amma bu yolları qət etmə maneralarından ən aparıcı xüsusiyyətləri seçməklə ümumi, oxşar bir uğur formulu yaratmaq mümkündür.

Hər bir kəs uğur qazanmaq istəyir. Kim istəməz yaxşı işi, gözəl güzəranı, kifayət qədər varidatı, nümunəvi ailəsi olmasın? Bütün bunların kökündə də öz uğur hədəfini düzgün vura bilmək dayanır.

Bu gün dünyanın lider dövləti olan ABŞ-da böyük bir şirkətə işə düzəlmək üçün öz CV-ni təqdim edən kefi kök bir gənclə səfalət və fəlakət girdabında boğulan Somalidə bir tikə çörək üçün istənilən ağır zəhmətə qatlaşmağa razı olan ac-yalavac bir gənc arasında yerlə-göy qədər fərq vardır, düzdür. Bu fərqi ayrı dövlət quruluşları, ayrı iqtisadi vəziyyətlər, geosiyasi ənənə və digər faktorlar zəruri edir. Amma bu gənclərin hər biri uğura can atır, bax uğur hədəfini bacarıqla vurmaq istəyi bu gəncləri haradasa birləşdirir.

Uğurun formulu nədir? Bayaq verdiyimiz sualı bir qədər də araşdıraq.

İlk öncə düzgün olan hədəfi seçmək lazımdır. Sənin biliyinə, qabiliyyətinə, sosial vəziyyətinə, mövcud şəraitə, perspektivlərinə hesablanmış ən düzgün olan uğur hədəfini seçə bilmək başlıca şərtdir. Düzgün seçim, ona uyğun düzgün planlaşdırma, qətiyyətlə, inadla irəliləmə.

Mən indiyədək müxtəlif elmi mənbələrə müraciət edərkən bir neçə maraqlı uğur formulası ilə tanış olmuşam. Onlardan biri məşhur amerikalı psixoloq və kouç Marta Bekin formulasıdır. Bu formula rast gəldiyim ən bəsit, ən rahat, ən yaddaqalan formula olduğu üçün ilk olaraq oxucularıma onun barəsində danışmaq istəyirəm.

Marta Bek tövsiyə edir ki, uğur qazanmaq üçün özünüzü elə aparmalısınız ki, sanki sizə heç bir uğursuzluq təhlükəsi yoxdur. Bundan sonra isə sizi qarşıda üç addım gözləyir:

 1. Birinci addım susmaqdır.

Nə? Susmaq? Bəli, bəli, məhz susmaq!

Şəxsi problemləriniz, gələcək plan və perspektivləriniz barədə heç vaxt dostlarınızla, digər yaxınlarınızla danışmayın. Bununla siz özünüzü həm başqalarının ziyanlı məsləhətlərindən sığortalayacaqsınız, həm də uğursuz insanların həyatlarının acı əhvalatlarını eşidib yolunuzdan sapınmayacaqsınız.

 2. İkinci addım əzmlə çalışmaqdır.

Tənbəllik, qətiyyətsizlik sizə yad olmalıdır, arzularınız üçün gücünüzü tam səfərbər edib çalışmalısınız, dözümlü, qətiyyətli, əzmli olmalısınız. Hər gün məqsədə doğru kiçik olsa belə bir addım atmalısınız.

 3. Üçüncü addım oynamaqdır.

Oynamaq? Uğur formulasından danışarkən hansı oynamaqdan söhbət gedə bilər?

Monoton, ağır iş istənilən insanı əvvəl-axır yorur. Yorğun halda işləmək isə həm kəmiyyətə, həm də keyfiyyətə mənfi təsil göstərir. Elə ki yorulduğunuzu hiss etdiniz, dərhal işdən ayrılıb fasilə edin və oynayın. Amma söhbət ənənəvi stolüstü oyunlardan, yaxud indi stixiya şəklini almış kompüter, mobil telefon oyunlarından getmir. Söhbət təxəyyül və düşüncə oyunundan gedir. Arzuladıqlarınızın hamısının xəyalınızda rəsmini çəkin. Özünüzə arzular kollajı düzəldin. Xəyalən arzularınıza qovuşun. Bu, sizə o qədər stimul verəcək, sizə o qədər enerji bəxş edəcək ki. Bax bu enerjini hiss edəndə isə yenidən öz uğurunuza doğru addımlamağa davam edin!

Marta Bekin uğur formulası cəmi bu üç addımdan ibarətdir və qeyd edim ki, məşhur psixoloq bu uğur formulasını öz şəxsi yaşantıları, keçdiyi uzun və təlatümlərlə dolu yola istinadən yazıb.

Və dərhal da bir insanın həyat təcrübəsindən yaranan fərdi uğur formulası nümunəsindən sonra sizə minlərlə insanın həyat təcrübəsindən yaranan kollektiv uğur formulu nümunəsi təqdim etmək istəyirəm. Çünki, əziz oxucu, biləsiniz ki, uğurlu insan olmaq, lider olmaq təlimlərinin hamısı, ümumən bütün motivasiya ədəbiyyatı ya bir nəfərin öz şəxsi həyat təcrübəsinə əsaslanan avtobioqrafik səciyyə daşıyır, ya da bir neçə nəfər barədə olan araşdırmalardan qaynaqlanır.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2024)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.