“Dilimiz olmasa mifologiya olmaz ” - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA Featured

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

1.

Vaqif Səmədoğlu – Azərbaycan ədəbiyyatının tək-tük azadələrindən biri…

2.

Bolqarıstan Prezidenti doktor Jelyu Jelevin məşhur “Faşizm” kitabı nəşr olunduqdan sonra bu kitab kommunist Bolqarıstanında qadağan və hətta həbs edildi. Mənim “Niyə belə oldu?!” sualıma doktor Jelev belə cavab verir: – Sadəcə, kommunistlər bu kitabı oxuyub onda özlərini gördülər. Adları çəkilməsə də, öz dövlət strukturlarının, öz ideoloji strategiyalarının təsvir olunduğunu anladılar. Və beləliklə, onlara əyan oldu ki, bu kitabda kommunizmlə faşizmin, təxminən, eyni şey olduğu ortaya qoyulur.

3.

“ Mən qartalam” (mən qartal olub uçaram) deyimindən “mən qartal kimi... uçaram” deyiminə gələn yol mifologiyadan bədii yaradıcılığa gələn yoldur.

4.

Diskurs informasiya axını zamanı cümlənin və bu cümlənin öz arxasınca gözəgörünməz şəkildə gətirdiyi intellektual potensialın cəmini ifadə edir. Buna cümlənin sinergetikası da deyə bilərik.

5.

… Ekoya hərdən gizli-gizli nəzər yetirdikcə yadıma Leonardo da Vinçi, Mikelancelo, Rafael kimi nəhənglər düşür. O da bu möhtəşəm pleyadaya məxsusdur. Onlar daşın içində gizlənmiş (həbsdə olan!) heykəli tapıb ona azadlıq verirdilərsə, Umberto Eko da həyatı boyu sonsuz lüğətin içində gizlənmiş mətni azadlığa qovuşdurmaqla məşğul idi.

6.

“Biri var idi, biri yox idi...” Varla yoxun arasında olmaq mifologiyadan əvvəli və mifologiyadan sonranı sərhəd kimi götürməkdir. Bu zaman ortada yenə də mifologiya qalacaq. Onun təzahürü dilimizdir. Dilimiz olmasa mifologiya olmaz, mifologiya olmasa dilimiz. Bu ikisi bir yerdə, bir-birinin içində! Bir kağızın iki üzü kimi. Bir varlığın canı və ruhu kimi. Amma hansı candır, hansı ruhdur - bunu bilmək, yəqin ki, bizə müyəssər deyil.

7.

“Sən də mənə danışırsan Allahdan.

Göylər susub, yerlər susub zar-zar.

Heç buralar görünərmi dərgahdan?!

Amma yenə, elə bil ki, baxırlar.”

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.