Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
Taleyin sərt üzündən özü öz tarixi torpaqları ilə həmsərhəd olan, Təbrizə, Dərbəndə, Borçalıya, İrəvana, Göyçəyə, Zəngəzura bölünüb parçalanan Odlar Yurdu Azərbaycan yüz illər sonra məhz onun sərkərdə-xaqan ucalığı ilə Birliyini, Bütövlüyünü, Əzəmətini, Qüdrətini, sonsuz Vətən sevgisini dünyaya nümayiş etdirdi.
“Qarabağ Azərbaycandır!” nidası ilə mümkün olmayanları mümkünə çevirdi. Genetik kodlarının diktəsi ilə sübut etdi ki, millət, məmləkət, dövlət də insan kimidi, Yaddaşı ilə yaşayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət müstəqilliyinin sarsılmaz əsaslarını yaratmış Ümummilli Lider Heydər Əliyevin mənəvi və siyasi Varisi olaraq onun Liderlik Məktəbində yetişmişdi. Heydər Əliyev Sovet hakimiyyəti illərində həyata keçirdiyi genişmiqyaslı layihələri, Azərbaycançılıq məfkurəsinə söykənən siyasəti ilə Prezident İlham Əliyevə dövlətə sədaqət, Əbədi İstiqlala inam hissini aşılamışdı.
O, böyük siyasətə və dövlət idarəçiliyinə görkəmli dövlət xadiminin məktəbini keçərək gəlmişdir. 20 Yanvar dəhşətlərindən bir gün sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək quruluşa, millətinin qanını tökən Qorbaçov rejiminə etirazını bildirmişdi. Həyatının bütün məqamlarında görkəmli dövlət xadimi Ulu öndər Heydər Əliyevin keçməkeşli və mənalı ömür yolundan, siyasi fəaliyyətindən öyrənən Prezident İlham Əliyev Heydər Əliyevin dövlət idarəçilik məktəbindən keçərək böyük siyasətə gəlmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin simasında liderlik xarakterinin bütün xüsusiyyətləri cəmləşmişdir. Onun ən mürəkkəb ictimai-siyasi və hərbi proseslərdə anında düzgün qərarlar qəbul etmək bacarığı və iradəsi vardır. Yüksək siyasi hazırlığa və geniş dünyagörüşə malik olan İlham Əliyev dünyadakı və ölkədəki prosesləri və reallıqları obyektiv şəkildə təhlil edib düzgün qiymətləndirməyi bacardığı kimi, həm də heyrət ediləcək qədər uzaqgörən siyasətçidir. İlham Əliyev üçün xalq və dövlət bir-birini tamamlayan vahid anlayışlar olub, fəaliyyət sferasının tam əhatə dairəsini, real mahiyyətini və əsas istiqamətlərini müəyyən edir. Bütün məqamlarda müstəqil qərarlar qəbul etmək qabiliyyəti də onun dövlət xadimi kimi özünəməxsusluğunu əks etdirir.
Liderlik üçün ən zəruri xüsusiyyətləri özündə cəmləşdirən dəyərlər İlham Əliyev əzəmətini yaratmışdır. Qazandığı nailiyyətlərə bütün fəaliyyəti boyu nümayiş etdirdiyi yüksək siyasi-təşkilati qabiliyyətlərinə görə dünya liderləri sırasına çıxan Prezident İlham Əliyev ilk növbədə on milyonluq Azərbaycan xalqının və həm də 50 milyondan çox dünya azərbaycanlılarının lideridir. Eyni zamanda o, həm də dünyada beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan qüdrətli liderlərdən biridir. Hərtərəfli hazırlığa malik olması və müstəqil siyasət aparması onu dünya liderlərinin ön cərgəsinə çıxarmışdır. Bunun nəticəsidir ki, Azərbaycan Respublikası da lider dövlətlər sırasına çıxmışdır.
Prezident İlham Əliyevin yürütdüyü mükəmməl daxili və xarici siyasətin nəticəsində həm beynəlxalq münasibətlərdə, həm də regional siyasətdə Azərbaycan Respublikası əsas söz sahiblərindən birinə çevrilmişdir. Ədalətli mövqeyinə, praqmatik baxışlarına, ümummilli mənafeləri digər xalqlar üçün də faydalı ola biləcək ümumi maraqlarla uzlaşdırmaq bacarığına görə Prezident İlham Əliyevin sözü və mövqeyi dünyada eşidilir və qəbul olunur. Azərbaycan Prezidentinin çağırışı ilə Birləşmiş Millətlər Təşkilatının xüsusi iclasını çağırması və orada bəşəriyyəti narahat edən qlobal problemlərin dünya ictimaiyyəti tərəfindən müzakirə olunması Prezident İlham Əliyevin dövlət xadimi kimi yerini və rolunu müəyyən edir.
Prezident İlham Əliyevin Liderlik xüsusiyyəti, mükəmməl siyasəti, zəngin idarəçilik təcrübəsiAzərbaycanı yenidən qurması ilə nəticələnmişdir. Müstəqilllik dövründə Azərbaycanın inkişafınıntəməlləri Ulu öndər Heydər Əliyev tərəfindən qoyulsa da, Lider-Varis prinsipini əsas götürən Prezident İlham Əliyev müstəqil Azərbaycanı bütün istiqamətlərdəyenidən qurmuş, ən yeni Azərbaycanın Memarına çevrilmişdir. Regionların inkişaf etdirilməsi siyasətinin memarı kimi o, müstəqillik qazanmış ölkələr arasında ilk dəfə olaraq Azərbaycanda sözün həqiqi mənasında şəhərlə kənd arasındakı fərqi aradan qaldırmışdır. Ölkənin paytaxtı Bakı şəhəri də artıq özünün monumental tikililəri, yeni tipli infrastrukturu ilə dünyanın iri meqapolislərindən birinə çevrilmişdir. Bu gün dünyada Bakı şəhəri qədər sürətlə və planlı şəkildə, həm də fərqli memarlıq üslublarında inkişaf edən paytaxt şəhərləri tapmaq sözün həqiqi və məcazi mənasında mümkün deyildir.
Şaxələndirilmiş iqtisadi inkişaf strategiyasının qəbul edilməsi və həyata keçirilməsi ölkəmizdə bütün sahələrdə böyük nailiyyətlərin qazanılması ilə nəticələnmişdir. Azərbaycanın neft-qaz, enerji sektoru ölkəmizin yenidən qurulmasına xidmət etməklə yanaşı, region dövlətlərinin və Avropanın iqtisadi inkişafına təsir edən əsas iqtisadi faktorlardan birinə çevrilmişdir.
Prezident İlham Əliyevin düşünülmüş, müdrik siyasəti nəticəsində neft Azərbaycana həm iqtisadi, həm də çoxsaylı etibarlı dostlar və tərəfdaşlar qazandırmışdır. Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində Prezident İlham Əliyevin tutduğu qətiyyətli mövqe və atdığı addımlar Azərbaycanda neftdən asılı olmayan dövlət büdcəsinin formalaşdırılmasında mühüm amillərdən birinə çevrilmişdir.
Xarici siyasətdə Azərbaycan Respublikasının qazandığı mühüm nailiyyətlər ölkəmizin lider dövlətlər cərgəsində yerini qərarlaşdırmışdır. Dünyanın iknci beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına Prezident İlham Əliyevin böyük uğurla rəhbərlik etməsi bu ölkələrdən hər birinin həyatında yeniləşmələrin və inkişafın baş verməsi ilə nəticələnmişdir. Qoşulmama Hərəkatı ölkələri bu tarixi mərhələdə seyrçi, müşahidəçi ölkələrdən Birləşmiş Millətlər Təşkilatının qərarlarına təsir etmək imkanlarına malik olan aktiv dövlətlər sırasına çıxmışdır. Azərbaycan Respublikasının BMT-də, Avropanın beynəlxalq təşkilatlarında tutduğu yüksək mövqe Prezident İlham Əliyevin müstəqil siyasətinin mühüm nəticələridir. Şanxay Əməkdaşlıq Təşkilatına doğru atılmış addımlar, xüsusən 2022-ci ildə baş tutmuş Səmərqənd görüşləri Azərbaycan Respublikasının dünyanın Asiya siyasətində də fəal rol oynayacağını göstərir. Türk Dövlətləri Təşkilatında Türkiyə Cümhuriyyəti ilə birlikdə Azərbaycanın tutduğu mövqe Prezident İlham Əliyevin liderlik xüsusiyyətini dünyaya nümayiş etdirmişdir. Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoyması, Müttəfiqlik Bəyannaməsinin qəbul edilməsinə qədər inkişaf etdirilməsi İlham Əliyevin düşünülmüş, milli dəyərlərə əsaslanan xarici siyasətinin məntiqi nəticəsidir. Bu faktı ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərə də şamil etmək mümkündür ki, onun sırasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP-29- da vardır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqının çoxəsrlik tarixində qazandığı Qarabağ Zəfəri milli dövlətçilik tariximizdə ən böyük qələbədir. Qarabağın 30 illik işğaldan sonra azad edilməsi qətiyyətli lider kimi qəbul olunan Prezident İlham Əliyevin Dəmir Yumruğunun qüdrətini dünyaya nümayiş etdirmişdir. Dəmir Yumruq ətrafında ordununvə xalqın birləşməsi İlham Əliyev Liderliyinin parlaq təcəssümüdür. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müəllifi olduğu Böyük Qayıdış konsepsiyası Azərbaycanın çoxəsrlik tarixində ən böyük dövlət proqramlarından biridir. Böyük Qayıdış Proqramının uğurla həyata keçirilməsi ölkəmizin ərazi bütövlüyü şəraitində bütöv halda inkişaf etdirilməsi deməkdir. Cənab Prezidentin ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə Azərbaycanın regionlarına və o cümlədən Qarabağa səfərləri hər dəfə respublikamızın inkişafında yeni bir parlaq səhifənin yazılması ilə nəticələnir. Bir sözlə, tarixi Qarabağ Zəfəri və Böyük Qayıdış hərəkatı İlham Əliyevin qüdrətli Lider, əvəzolunmaz tarixi Şəxsiyyət, mütəfəkkir dövlət xadimi kimi əzəmətini sübut edir.
Bu gün Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevin müdrik siyasəti ilə Zəngəzur dəhlizinin açılması, Laçın koridorunun işə salınması, Ermənistanla sülh müqaviləsinin imzalanması kimi beynəlxalq əhəmiyyətə mailk olan mühüm tədbirlərin həyata keçirilməsi məqsədilə həm ölkə daxilində və həm də dünya miqyasında məqsədyönlü iş aparılır. Dünya Azərbaycanlılarının hüquqlarının müdafiə olunması sahəsində də düşünülmüş siyasəti uğurla həyata keçirir. Qərbi Azərbaycana qayıdışla bağlı məsələlər ən ali kürsülərdə, siyasi platformalarda müzakirəyə çıxarılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin qorunub saxlanması istiqamətində də mühüm addımlar atır, kompleks layihələr gerçəkləşdirir. Ölkəmizdə şəffaf və ədalətli cəmiyyətin qurulması istiqamətində mühüm işlər görülür. Daha işıqlı sabahlara hesablanan siyasətin Yol xəritəsinə töhfələr verilir. Tarixi zəfərlər, möhtəşəm nailiyyətlərlə müşaiyət olunan, Vətənə, torpağa, millətə, məmləkətə sevgi və sədaqət hissi üzərində qurulub inkişaf edən dövlətçilik təlimi ilə Prezident İlham Əliyev dünyaya sübut edir ki, burada, Güney Qafqazda qüdrətli bir dövlət və xalq var. Ona yeraltı və yerüstü sərvətlərinə, bioresurslarına görə deyil, dünyanın siyasi mənzərəsini dəyişən Liderinə - Müzəffər Ali Baş Komandanına, tarixi şəxsiyyətlərinə, bəşəri dəyərlər xəzinəsini zənginləşdirən maddi-mədəni irsinə, sivilizasiyaların, dinlərin, mədəniyyətlərin dialoquna verdiyi töhfələrə görə dəyər vermək, ümumbəşəri problemlərin həllində onun iradəsini, tarixi qərarlarını nəzərə almaq, hesablaşmaq gərəkdir.
44 günlük Vətən müharibəsində “Bizim işimiz haqq işidir! Biz Zəfər çalacağıq! Qarabağ Azərbaycandır!” nidası ilə düşmən üzərinə yeriyən, yağı düşməni - erməni daşnaklarını gəldiyi yerə qədər qovan, mənsub olduğu milləti Xudafərin körpüsündə, Şuşa qalasında Bayrağa döndərən Müzəffər Ali Baş Komandan,Prezident İlham Əliyev “Əgər Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da var! Biz o torpaqlara qayıdacağıq!” hikməti ilə tarix yaradır. O, bizim Baba yadigarımız, Yoxdan var edənimiz, Zəfər, Qələbə Memarımız, Sözü imzası olan Liderimizdir! Bu gün onun günüdür! Bu gün, həm də onu deyib bundan sonrakı Zəfərlərə inanan hər birimizin günüdür!
“Ədəbiyyat və incəsənət”
(24.12.2024)