BÖYÜK AZƏRBAYCANLI - Bu gün Ziya Bünyadovun doğum günüdür Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu gün böyük azərbaycanlı Ziya Musa oğlu Bünyadovun anadan olmasının 103   illiyidir. 1921-ci ilin 24 dekabrında Astarada dünyaya göz açan dünyaşöhrətli şərqşünas, tarixçi, Dövlət Mükafatı Laureatı, əməkdar elm xadimi, ən nəhayət milli azadlıq hərəkatının liderlərindən biri, ictimai-siyasi xadim, erməni millətçilərinin “nömrə bir düşmən” elan etdikləri bir vətən oğlu, bir də ədalət carçisi, haqsızlıqlarla, məmur özbaşınalıqları ilə mübarizə aparan, xalqı üçün cəngə çıxan fədai.

 

Ziya Bünyadov həm də 2-ci Dünya Müharibəsində komandanlıq etdiyi 123-cü əlahiddə rota ilə Visla-Oder döyüşlərində misilsiz şücaət göstərərək Sovet İttifaqı Qəhrəmanı adını qazanmışdı. 1967–1968-ci illərdə - sovetin qılıncının dalı da, qabağı da kəsən ən qorxulu avtoritarizm illərində Ziya Bünyadov bir neçə dəfə açıq şəkildə “Doğrudur, Azərbaycan Rusiyanın tərkibinə daxil olub, amma bu addım könüllü atılmayıb” deməyə cəsarət tapmış tək azərbaycanlı olmuşdu. O, Qorbaçov perestroykası dövründə bolşevizm terroru nəticəsində 20–30-cu illərdə Azərbaycanda aparılmış repressiyalar haqqında həqiqətləri aşkara çıxararaq 1937-ci ilin qurbanlarını xalqa tanıtdırmış, onlara bəraət qazandırmaqla da əsl hünər göstərmişdi. O,“Quran”ı Azərbaycan dilinə çevirməsi ilə də yaddaşlara həkk olunmuşdu.

1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında onu qətlə yetirdilər. Qətlindən bir qədər əvvəl Ziya Bünyadov ayrı-ayrı yüksək mövqeli şəxslərin korrupsiya əməlləri barədə çıxışlar etmişdi, parlamentdə fikirlər səsləndirmişdi, Müdafiə Nazirliyindəki korrupsiya ilə bağlı əlində sənədlər olduğunu da bildirmişdi.Akademikin “Hizbullah” radikal dini qrup üzvləri tərəfindən öldürüldüyü və bununla bağlı bir neçə nəfərin azadlıqdan məhrum edildiyi faktı olsa da bu versiya günü bu gün də heç kəsin ağlına batır. Bu qətlin üstünün acılması üçün zaman lazımdır təbii ki.

Bu isə Heydər Əliyevin Ziya Bünyadov haqqında dediyi sözlərdir: "O, öz varlığı ilə elə bir insan idi ki, böyük, şərəfli həyat yolu ilə elə bir yüksək səviyyəli şəxsiyyət adı almışdı ki, onun haqqında nə qədər çox desək də, yenə də tam qiymətini verə bilməyəcəyik."

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2022)

 

 

{gallery}19218{/gallery}

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.