“Hər mətn özü boyda bir yoldur” - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA Featured

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

1.

Cavid Azərbaycan ədəbiyyatının semiotik bütövlüyünü qorudu. Burada “aşağı” var idi, Cavid “yuxarı”nı qurdu.

2.

Azərbaycan ədəbiyyatının bu günə qədər hövlnak (oxu: qorxaqcasına) qaçmağa çalışdığı ən başlıca mövzu, ideya budur: o biri dünyanı görməzliyə vurmaq. Guya o biri dünya yoxdu, məhşər ayağı yoxdu və cavab vermək vaxtı - o müdhiş vaxt heç vədə gəlməyəcək.

3.

“ Bu ağrılar, əzablar

Bizə gəlib dəydilər.

Unuduldu sevilən,

Unuduldu sevəni.

Bu ağacın içində

məni gizlədəydilər,

dost da gəlib baxaydı

tapammayaydı məni.”

4.
Gözəllər gözəli Banuçiçəyin istəkliləri az deyildi. Beyrək, Bayburd hasarının bəyi, Yalançı oğlu, Basat, Uruz...

5.

Ruhunda yol məzmunu daşımayan mətn yoxdur. Hər mətn özü boyda bir yoldur.

6.

Şəkillərdə yeni il balaca uşaq kimi, köhnə il qoca, yaşlı bir adam kimi təsvir edilir. İlin hökmünə bax!..

7.

Hacı Mir Həsən ağa Səyyah: Həyatı tərk eləməyin düz üç yüz otuz altı üsulu var. İnsanlıq onlardan yalnız biri ilə - ölümlə tanışdır.

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.