Şərəf Cəlilli, Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Bakı Dövlət Universitetinin “Klassik Azərbaycan ədəbiyyatı” kafedrasının müdiri, BDU-nun nəzdində fəaliyyət göstərən filologiya elmləri doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya Şurasının sədri, Azərbaycan Mədəniyyət Fondunun İdarə Heyətinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Azərbaycan-İrs" jurnalının ədəbi şöbəsinin redaktoru, ÜNS Yaradıcılıq Səhnəsinin yaradıcısı və bədii rəhbəri, “İngiltərə-Azərbaycan Cəmiyyəti”nin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfindən rəhbəri, Beynəlxalq Nizami Mərkəzinin qurucularından biridir Nərgiz Paşayeva!
Sivilizasiyalar və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrə görə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Rusiya Beynəlxalq elmi və mədəni əməkdaşlıq Mərkəzi tərəfindən Rusiya-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərində göstərdiyi xidmətlərə görə “Dostluqda göstərdiyi xidmətlərə görə” nişanı, Rusiya Federasiyasının dövlət mükafatı “Dostluq” ordeni, Macarıstanın dövlət mükafatı “Xidmətlərə görə” Komandor xaç ordeni, Avropa İqtisadiyyat, Sənaye və Ticarət palatasının “Xidmətlərə görə” Qızıl Ordeni, UNESKO- nun “Mədəniyyətlərin müxtəlifliyinə görə” medalı, “Akademik Palma” fransız ordeni, AMEA-nın Nizami Gəncəvi adına “Qızıl medal”ı, Azərbaycan Respublikasının “Şərəf” ordeni ilə təltif olunan əməkdar elm xadimi, akademik Nərgiz Arif qızı Paşayeva 1962- ci il dekabrın 13-də anadan olmuşdur, bu gün onun doğum günüdür.
Bütün həyatını elmi-pedaqoji, ictimai fəaliyyətə həsr edən akademik Nərgiz Paşayeva peşəkar müəllim, orijinal təfəkkürlü alim, mütəfəkkir ziyalı, istedadlı şair və publisist, alicənab insan, tanınmış ictimai xadim, eyni zamanda ölkəmizin beynəlxalq aləmdə nüfuzuna çevrilən, ilklərə imza atan tarixi şəxsiyyətlərdən biridir. O, ilk Azərbaycanlı alimdir ki, 2012-ci ildə Böyük Britaniyanın İcmalar Palatasının “Çörçil” zalında, 2013-cü ildə isə Böyük Britaniyanın Oksford Universitetində “Nizami Gəncəvinin yaradıcılığı və elmi irsi” adlı məruzələrlə çıxış etmişdir. Elə həmin il Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin təşəbbüskarı kimi Oksford Universitetinin Şərqşünaslıq Departamentində Memorandum imzalamışdır. 2006-cı ildə ÜNS Bədii Yaradıcııq Səhnəsini quran akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə “Molla Nəsrəddin” jurnalı yenidən çap olunmuş, “Səməd Vurğunun xatirələri” kitabı işıq üzü görmüş, “Azərbaycan xalq çalğı alətləri” kataloqu elmi-mədəni ictimaiyyətə təqdim olunmuşdur. Azərbaycan Mədəniyyəti Dostları Xeyriyyə Fondunun İdarə Heyətinin üzvü olan akademik Nərgiz Paşayeva 2007-ci ildən İngiltərə - Azərbaycan Xeyriyyə Cəmiyyətinin həmsədridir. Akademik Nərgiz Paşayeva görkəmli bəstəkar, xalq artisti, Firəngiz Əlizadənin “İntizar” operasına ilk dəfə liberetto yazmış, operanın yeni quruluşda təqdim olunmasına nail olunmuşdur. O, həm də bəstəkar Firəngiz Əlizadənin “Qarabağnamə” operasının liberettosunun müəllifidir.
Bu gün 20 Yanvardan, Milli Azadlıq hərəkatından, İstiqlal mücadiləsindən qürurla danışanlar qeyd-şərtsiz Universiteti, Universitet mühitini, Universitet auditoriyalarında formalaşan milli ruhun dəyərini etiraf edirlər. Bu o Universitetdir ki, beşiyinin başında Tağı Şahbazi, Hüseyn Cavid, Abdulla Qarayev, Əziz Əliyev, Yusif Məmmədəliyev, Şəfaət Mehdiyev, Cəfər Xəndan, Mir Cəlal, Mirzə Feyzulla Qasımzadə, Əli Sultanlı, Rüstəm Əliyev, Bəxtiyar Vahabzadə, Nəsir İmanquliyev, Abbas Zamanov kimi böyük ziyalılar, ustad müəllimlər, ilklərə imza atan mütəfəkkir alimlər, müdrik şəxsiyyətlər dayanıb.
Ötən əsrin 60-ci illərindən başlayan yaddaşa qayıdış ideologiyasının formalaşması milli lider Heydər Əliyevin hələ Təhlükəsizlik Komitəsindəki fəaliyyəti dövründə Universitet mühitinə yaradılan şərait, alimlərə verilən geniş meydanla bilavasitə bağlı idi. Əslində, bu 80-ci illərin sonu, Milli azadlıq hərəkatı üçün bir zəmin idi. İstiqlal marşının Universitet yataqxanalarının həyətində çalınıb Lenin meydanında səs salması, üç rəngli bayrağın Xəzərin səmasına sərilməsi, onun Universitet ziyalılarının çiyinlərində gətirilməsi “Bir gəncin manifesti”ndəki Sonanın - Azərbaycan anasının dili ilə “Dirilən adam”a “Yolumuz hayanadır” sualını ünvanlayan, onu “İnsanlıq fəlsəfəsi”nə səsləyən, bununla da millətinin İstiqlal Manifestini yaradan Mir Cəlal kimi ustadların verdiyi dərsə bağlı idi.
80-ci ilin sonu, 90-cı ilin əvvəllərində akademik Nərgiz Paşayeva Universitet mühitinin yetişdirdiyi, eyni zamanda o mühitin ənənələrini yaşadan alimlərdən, müəllimlərdən idi. O dövr müəllimlərinin çoxu kimi “azadlığı zərrə-zərrə, qram-qram” deyil, bütöv istəyənlərə şərait yaradır, rektorluqdan “komissiya” gələndə tələbələrini himayə edirdi. Bu onun milli mənlik və kimlik uğrunda mücadilədə ən böyük xidmətlərindən olmaqla, ali vətənpərvərlik keyfiyyəti, vətəndaş mövqeyi idi. Bu həm də o zamanlar idi ki, SSRİ Elmlər Akademiyasında şərqşünaslığın problemləri ilə bağlı konfranslarda anası, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru professor Aida İmanquliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni daşnaqlarının ölkəmizə hücumu, bu təcavüzün başında dayanan Aqambekyan, Zori Balayan, Qalina Stravoytova kimi fitnəkarlara elmi əsaslar və tarixi dəlillərlə cavab verir, etirazını bildirirdi. Bu həm də o illər idi ki, bütün həyatını Azərbaycanın inkişafına həsr etmiş Heydər Əliyev ucalığına qısqanclıqla yanaşanlar Əliyevlər kimi Paşayevləri, İmanquliyevləri onunla qohumluq bağlarına görə incidirdilər.
Akademik Nərgiz Paşayeva Bakı Dövlət Universitetində Azərbaycan ədəbiyyatından mühazirələr oxuyurdu. Sabiri, Mirzə Cəlili, Haqverdiyevi, ümumiyyətlə “Molla Nəsrəddin” ədəbi məktəbini təmsil edən böyük qələm sahiblərini sevə-sevə tədris edirdi. Mühazirə boyu isə “Cəlil Məmmədquluzadəni oxuyun” deyirdi. Sonralar məlum oldu ki, Mir Cəlal müəllim də nəvələrinə belə deyərmiş. İnsan eşitdikləri, duyduqları və sevdikləri ilə böyüyür. “Molla Nəsrəddin” jurnalı akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə yenidən nəşr olunanda buna bir daha əmin olduq...
İnsanı, alimi, ziyalını, vətəndaşı şəxsiyyət səviyyəsinə ucaldan ən ali keyfiyyətlərdən biri də cəsarətdi. Akademik Nərgiz Paşayevada olan bu keyfiyyətin şahidlərindən biri kimi bir çox faktları saya bilərik. Ancaq birinin üstündə dayanmaq istəyirəm: 2007-ci ilin payızı idi. Tehran Universitetinin rektoru başda olmaqla bir qrup alim Bakı Dövlət Universitetinin ziyarətində idi. Universitetlərarası əməkdaşlıq haqqında protokol imzalanırdı. Mərasimdən sonra hədiyyələr təqdim edildi. İranlı rektor əlindəki çini qabı farsca “Tehran ustalarının əl işidir”. - deyib təqdim edərkən akademik Nərgiz Paşayeva tərcüməçini gözləmədən fars dilində belə dedi: “Hədiyyəyə görə təşəkkür edirəm. Bu Təbriz miniatür məktəbinə xas olan əl işidir”. Onun farsca səlis nitqi, Tehran deyil, Təbriz kəlməsi bütün tədbir içtirakçılarını heyrətləndirdi. Bu bir Azərbaycanlının üsyanı, zaman-zaman maddi-mədəni irsi İran və yaxud fars sənətkarlıq nümunəsi kimi təqdim olunub satılan Odlar Yurdunun harayı idi. Ondan Mircəlalın “Yada satmaram” kəlamının ətri, iyi gəlirdi. Onun adı böyük hərflərlə yazılacaq Cəsarət idi. Onda rus çarını heyrətə salan Şeyx Şamilin əzəməti, Hacı Zeynalabdin Tağıyev qeyrəti, “Keçmə namərd körpüsündən, qoy aparsın sellər səni”, deyib ilk ana dilli dövlətimizi quran, sarayını sənətin, mədəniyyətin gülzarına çevirən Şah İsmayıl Xətainin məhəbbəti var idi.
Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələrinə akademik Nərgiz Paşayeva rəhbərlik etdiyi dövrdə Universitetdə kifayət qədər inkişaf, özü də hərtərəfli inkişaf olub. 2006-2008-ci illəri əhatə edən bu dövrdə MDB-nin, İran İslam Respublikasının, Türkiyə Cümhuriyyətinin, eləcə də Avropa və Asiya ölkələrinin elm-tədris mərkəzləri, universitetləri ilə əməkdaşlıq protokolları, memorandumları imzalandı. Tələbə, müəllim, aspirant və dissertant mübadiləsi həyata keçirildi. Çoxsaylı qrant layihələri çərçivəsində Universitetin maddi-texniki bazası və kadr potensialı inkişaf etdirildi. Xarici ölkələrin Azərbaycanda akreditə olunan səfirləri, dünyanın nüfuzlu ictimai xadim, tanınmış alim və məşhur yazarları ilə görüşlər təşkil olundu.
Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə propektoru vəzifəsi akademik Nərgiz Paşayevanın rəhbər obrazını, təşkilatçılıq bacarığını üzə çıxardı, səviyyəli, yüksək mədəniyyətli, intelektual potensiala malik, səriştəli kadrın, elmi-mədəni əməkdaşlığa töhfələr verə biləcək bir rəhbər şəxsin formalaşıb yetişdiyini sübut etdi. Çünki o, bu zirvəyə pillə-pillə ucalmışdı. Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdi. Bu doğma divarlar arasında püxtələşib yetişmişdi. Babası professor Mir Cəlal Paşayevin təməlini qoyduğu, bu gün isə rəhbərlik səadəti ona nəsib olan “Klassik Azərbaycan ədəbiyyatı” kafedrasında müəlim, baş müəllim kimi şərəfli ömür yaşamışdı. Namizədlik və doktorluq dissertasiyaları müdafiə etmişdi. Dosent, professor adı almışdı. 1994-cü ildən 2008-ci ilə qədər isə o, həm də Bakı Musiqi Akademiyasının “Dil və ədəbiyyat” kafedrasının rəhbəri kimi ana dili və ədəbiyyatımızın keşiyində dayanmışdı. Akademik Nərgiz Paşayevanın Üzeyir bəyin ruhundan qida verdiyi bu məbədə gəlişi də təsadüfi deyildi. O, ilk təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində almışdı.
Yaddaşımızın “Gülüstan”, “Türkmənçay”, 28 aprel, 20 yanvar səhifələri olsa da, heç bir Azərbaycanlı böyük rus ədəbi-elmi, ictimai fikrini inkar edib, Gertseni, Dobrolyubovu, Dostoyevskini, Puşkini, Tolstoyu, Çernşevskini, Qoqolu, Qorkini, Fadeyevi, Şoloxovu, Yesenini, Bloku, Axmatovanı, Soljenitsnı dana bilməz. “Kolokol”u, “İskra”sı olan dünyanın “Əkinçi”sinə, “Molla Nəsrəddin”inə Həsən bəy Zərdabiyə, Mirzə Fətəli Axundzadəyə, Abbasqulu ağa Bakıxanova, Mirzə Kazım bəyə, Əlimərdan bəy Topçubaşova, Ömər Faiq Nemanzadəyə, Mirzə Cəlil ədəbi məktəbinə, Firudin bəy Köçərliyə, Yusif Vəzir Çəmənzəminliyə, Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Şəfaət Mehdiyev, Mircəlal, Nəsir İmanquliyev, Qulam Məmmədli zirvələrinə görə də rus elmi, ədəbi, mədəni və ictimai mühitinə minnətdar olmamış olmaz. Rus-tatar məktəblərindən, Qori Müəllimlər Seminariyasından çıxan, Çernyayevin bulağından içən Üzeyir bəyi ondan ustad dərsi alıb zirvələri fəth edən Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev kimi dühaları danmaq, inkar etmək də mümkün deyil.
Elmi, bədii, publisistik əsərləri, monoqrafiyaları, genişmiqyaslı layihələri, Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru kimi uğurlu fəaliyyəti ilə nüfuz qazanan akademik Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialını qurmaqla, təkcə elmin, təhsilin deyil, eyni zamanda, mədəniyyətlərin, xalqların, dövlətlərin inteqrasiyasına, elmi-mədəni əməkdaşlığa təkan vermiş oldu. Azərbaycanın özgürlüyünü sübut üçün klassika ilə müasirliyin körpüsünə çevrildi. Fundamental elmlərin tədrisi istiqamətində əldə etdiyi uğurlarla dünyanın məşhur elmi mərkəzləri ilə eyni cərgədə dayanan, 266 illik böyük bir tarixi olan M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin filialını Bakıya gətirməklə Güney Qafqazda, ümumən Rusiya - Azərbaycan münasibətlərində yaranan buzu ərtimək üçün şərqli hərarətinə ehtiyac olduğunu təsdiqləyərək, narahat və nigaran dünyamızın nicatının İşığın Qaranlıq, Kamilin Cahil üzərində qələbəsində olduğunu sübut etdi!
Məlumdur ki, hər hansı elm-tədris ocağının filialının digər bir ölkədə yaradılması ictimai-siyasi, iqtisadi-sosial maraqlardan daha çox elmi-mədəni əlaqələrin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Heç şübhəsiz ki, Rusiyanın siyasi elitası, elmi dairələri, xüsusən də postsovet məkanında humanitar əməkdaşlığa əhəmiyyət verən, elmin, mədəniyyətin, incəsənətin təntənəsinə inanan ziyalıların ümumbəşəri dəyərlər, ortaq mədəniyyətlər naminə verdikləri qərar, gəldikləri qənaət şərt idi. Əgər bunun üzərinə Rusiyanın Guney Qafqaza tarixi maraqlarını əlavə etsək deyilənlərin həqiqət olduğuna kimsənin şübhə yeri qalmayacaq. Belədə bir gerçək üzə çıxır, bu elm ocağına sıradan bir alim, rəhbər şəxs təyin oluna bilməzdi. O, intelektual potensialı, elmi dünyagörüşü, qloballaşan dünyada baş verən proseslərə öz baxış bucağı ilə seçilən, klassik və müasir rus, Azərbaycan və Avropa dəyərlərinə bələd olan, onların vəhdətində Yeni Dünya Modelini formalaşdıra bilən müdrik şəxsiyyət, mütəfəkkir alim kimi özünü təsdiq etmiş ziyalı, ictimai xadim olmalı idi. Məhz bu səbəbdən də ölkə başçısı cənab İlham Əliyev diqqəti fəaliyyəti ilə rus elmi-mədəni və ictimai mühitində kifayət qədər nüfuz qazanmış, BDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru akademik Nərgiz Paşayevanın üzərində cəm etdi. Prezidentin 2008-ci il iyunun 23-də imzaladığı sərəncamla xanım Paşayeva M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına rektor təyin olundu.
Moskva Dövlət Universitetinin Bakı filialı fəaliyyətə Azərbaycanın görkəmli maarifçilərindən biri – Firudin bəy Ağayevin adını daşıyan ünvanda başladı. Törənə yığışanları narın-narın yağan yağışın altında salamlayan, gələcəyin 75 filoloquna, kimyaçısına və riyaziyyatçısına xeyir-dua verən xanım Rektor: “Şərqdə yağış ruzi-bərəkət, əmin-amanlıq rəmizidir. Bizim məqsədimiz odur ki, nigaran və narahat dünyamıza sabitlik gətirəcək elmli, bilikli kadrlar yetişdirək. Məhz belələri dünyanı müharibələrdən, terrordan qoruyub insanları ədalətə, mərhəmətə, tərəqqiyə çağıra bilər!”
Akademik Nərgiz Paşayevanın birinci şəxs olaraq açılışa ana dilində başlaması, hər iki dildəki mükəmməl nitqi, bədii, fəlsəfi deyimləri ilə salonu ovsunlaması tarixi yaşamaqdan çox yaradan mütəfəkkir alimin, ictimai xadimin obrazını canlandırdı.
Hacı Zeynalabdin Tağıyevin təməlini qoyduğu ilk teatr binasından 100 il sonra müstəqil teatrdan – ÜNS Yaradıcılıq Səhnəsindən, klassik musiqi ilə milli musiqinin sintezindən yaranan “İntizar” və “Qarabağnamə” operalarından sonra, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialını qurmaqla akademik Nərgiz Paşayeva növbəti bir əsərinə, daha bir ilkə imza atırdı!
Hacı Zeynalabdin Tağıyev “Qız Məktəbi”ni quranda atalar qızlarını məktəbə güclə buraxırdı, Hənifə xanım Məlikova-Abayeva, Həmidə xanım Cavanşiri kimi qüdrətli qadınlar Həsən bəyə, Mirzə Cəlilə olan böyük sevgisinin eşqinə mətbəxi məktəbə dəyişərək elmin, maarifin çırağına pərvanə oldular. Yüz il sonra modern tədris mərkəzini qurmaqla akademik Nərgiz Paşayeva əslində həm də, informasiya-kommunikasiya texnologiyaları ilə soyuyan təhsilə, tədrisə Ana sığalı, Qadın hərarəti, Ustad ucalığı gətirdi.
2012-ci il sentayabrın 16-da yaşanan möhtəşəm hadisə ilə Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələnin əsası qoyuldu. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılışı oldu. Təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının vitse-prezidenti, Birinci xanım Mehriban Əliyeva, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və bu ali təhsil ocağının Bakı filialının rektoru akademik Nərgiz Paşayeva, ölkənin tanınmış ziyalıları, alim və ictimai xadimləri iştirak edirdi.
Şübhəsiz ki, Moskva Dövlət Universiteti Bakı filialının yeni korpusunun məhz Rusiya Federasiyasının “tarix ili” elan etdiyi 2012-ci ildə açılması rəmzi xarakter daşıyırdı. Rusiya üçün olduqca böyük məna daşıyan iki yubiley tarixi eyni vaxtda qeyd edilirdi: dövlətçiliyin 1150, Borodino döyüşü və 1812-ci il Vətən müharibəsinin 200 illiyi. Ölkədə bu münasibətlə bir sıra maraqlı və yaddaqalan tədbirlər təşkil olunaraq elmi konfranslar keçirildi. Bu da təbiidir, çünki heç bir ölkənin tarixi yalnız hərbi döyüşlərin, iqtisadi və siyasi qələbələrin salnaməsi deyil, daha çox qlobal elmi kəşf və qiymətli mədəni nailiyyətlərin tarixidir. 2008-ci ildə Bakıda Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının açılması da Rusiya dövləti, Rusiya – Azərbaycan münasibətləri üçün əlamətdar hadisələrdən idi.
Akademik Nərgiz Paşayeva hansı məsələdən, istər ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni, ədəbi-bədii mövzulardan, istər də ümumbəşəri problemlərdən danışırsa danışsın, o həmişə mütəfəkkir, böyük fikir və düşüncə sahibi, milli və bəşəri dəyərlərə ehtiram bəsləyən, ədalətli mövqe nümayiş etdirən müdrik bir şəxsiyyət kimi görünür. Çünki onun duyğularına, ruhuna Şərq müdrikliyi ilə yanaşı, rus maarifçiliyi, Qərbin həyat tərzindən doğan analitik təfəkkür, yerində qərar vermək, nəticə çıxarmaq kimi hər kəsə, hər alimə, ictimi xadimə xas olmayan hiss hakimdir. Heç şübhəsiz ki, bu da onun intelektual potensialından, genetikasından, tərbiyə alıb yetişdiyi mühitin ona bəxş etdiyi müqəddəsliklərdən boy alır. Gerçək olan budur ki, bir şəxsiyyətin formalaşması, özünü dərki, cəmiyyətə təsir imkanına malik olması üçün məkanı, zamanı, mühiti və bunların fövqünə qalxan ustadlarından aldığı dərs xüsusi əhəmiyyət kəsb edir.
Akademik Nərgiz Paşayeva bəşəriyyəti insanlığa, ədalətə, haqqa, səviyyə axtarışına çağıran Mircəlalın, milli mətbuatın “dəqiq, qərəzsiz, vicdanlı” üzü olan professor Nəsir İmanquliyevin müdrikliyinə, “harada ki, sülh var, xeyir var, məhəbbət var, orada Allahın özü var.” - deyib dünyanı gözəliyə, sevgiyə, məhəbbətə, sülhə və əmin-amanlığa səsləyən professor Aida İmanquliyevanın, Milli Aviasiya Akademiyasının querucu rektoru akademik Arif Paşayevin genetik kodlarına bağlı idi. Ata tərəfdən sindikatlarının, toxuculuq fabriklərinin, xurma, badam və tut bağlarının izi hələ də Savalanın, Səhəndin, Təbrizin ətəklərindən, Vətənin o tayından boy verən Paşa bəyin, imam Zeynalabdinin, Milli Firqənin və hökumətin qurucusu Seyid Cəfər Pişəvərinin, ana tərəfdən Şirvanşahlar, Səfəvilər və Osmanlı sultanlarına bağlı olan Mahmud ağanın, Zəngəzura maarif işığı gətirən Teymur bəy Sultanzadənin soyunun daşıyıcısı olan akademik Nərgiz Paşayevanın müəllim, alim, ictimai xadim kimi çoxşaxəli fəaliyyətində əldə etdiyi nailiyyətlər əslində Azərbaycan elminin, ədəbi, fəlsəfi, ictimai fikrinin formalaşmasına, elmi potensialının inkişafına təkan verib.
“Sabirin novatorluğu”, “Müasr Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki”, “İnsan bədii tədqiq obyekti kimi”, “Yeniləşən ədəbiyyatın yeni insanı” monoqrafiyaları, iki hissədən ibarət Qədim Yunan və Qədim Roma ədəbiyyatını əks etdirən “Antik ədəbiyyat tarixi”, elmin, publisistikanın vəhdətindən, ilahi sevgidən, övlad məhəbbətindən yaranan “Dünya deyilən sənmişsən” kitabları ilə ədəbiyyatşünaslıq elminə töhfələr verib. Onun rəhbərliyi ilə hazırlanan Şərq-Qərb dəyərlərinə, sivilizasiyaların dialoquna, Azərbaycan ədəbiyyatının, tarixinin, incəsənətinin müxtəlif dövrlərini əhatə edən kitab, monoqrafiya, biblioqrafiya və kataloqlara nəinki ölkəmizin, eyni zamanda dünyanın tanınmış elmi mərkəzləri tərəfindən yüksək qiymət verilib.
Akademik Nərgiz Paşayevanın təşkilatçılığı, rəhbərliyi və iştirakı ilə ölkəmizdə, Bakı Dövlət Universitetində, Moskva Dövlət Universitetinin Bakı filialında, Rusiyada, İngiltərə və Fransada, Avropanın müxtəlif şəhərlərində gerçəkləşən beynəlxalq elmi konfrans, simpozium və forumlar, o cümlədən “Müqayisəli ədəbiyyat” adlı I Beynəlxalq konfrans, “Əsatir. Millət. Ədəbiyyat” adlı Beynəlxalq simpozium, görkəmli jurnalist, alim və ictimai xadim Nəsir İmanquliyevə həsr edilmiş “Nəsir İmanquliyev-100” adlı konfrans, görkəmli alim, yazıçı və pedaqoq Mircəlalın 100 illik yubileyinə həsr edilmiş “Mircəlal-100” adlı Beynəlxalq elmi konfrans, “Milli geyim və müasir modada ümumilik” adlı Beynəlxalq simpozium, MDB ölkələri tələbə təşkilatları liderlərinin IV Forumu, görkəmli alim-şərqşünas Aida İmanquliyevanın 70 illik yubileyinə həsr edilmiş “Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi mədəni əlaqələr” adlı Beynəlxalq İbn Ərəbi simpoziumu, “Qloballaşma dövründə mədəniyyətlərin dialoqu” adlı filosofların Beynəlxalq elmi konfrans, “Əl-Fərabi və Avropa İntibahı” adlı Beynəlxalq elmi konfrans, Bakı Beynəlxalq Humanitar Forumu, “Rusiya dövlətçilik tarixi: qədim rus dövlətindən Rusiya Federasiyasınadək” Beynəlxalq elmi konfrans onun bəşəri dəyərlərə, sivilizasiyaların, mədəniyyətlərin dialoquna, dəyişən dünyanın maddi-mədəni irsinə etiram hissini özündə ehtiva edir.
Bir alim, təşkilatçı rəhbər kimi xanım Paşayevanın yaxından tanıyanlar, ünsiyyətdə olanlar bilir ki, o, milli, elmi və dünyəvi dəyərlər naminə istənilən insanla, tərəflə dialoqa açıq olan, mütəfəkkir ziyalı, müdrik şəxsiyyət, tanınmış ictimai xadim, sözün geniş mənasında babaları Mircəlal Paşayev, Nəsir İmanquliyev kimi Xalq Müəllimidir!
Məhz bu səbəbdən də ona öz vətənində olduğu kimi, dünyanın müxtəlif guşələrində də hörmət göstərilir, təltiflər edilir, mükafatlar verilir.
ÜNS bədii yaradıcılıq səhnəsini qurmaqla öz dəsti-xətti, orijinal iş üslubu ilə Mirzə Fətəli Axundzadənin, Həsən bəy Zərdabinin, Həbib bəy Mahmudbəyovun, Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin, Üzeyir bəyin, Əbdürrəhim bəy Haqverdiyevin, Hüseynqulu Sarabskinin sinif otaqlarına, auditoriyalara sığmayan səsini mətbuata, teatra, sənətə və səhnəyə gətirən maarifçilərin, onların himayədarı Hacı Zeynalabdin Tağıyevin səsinə səs vermişdi.
Kənardan baxanda zahirən daha çox qərbli, Avropalı təsiri bağışlayan akademik Nərgiz Paşayeva əslində daha çox millidir, əsl Azərbaycanlıdır! Onun üçün ailə, ocaq ruhu, soy-kökdən, nəsil-nəcabətdən gələn dəyərlər mühüm şərtdir. O, əksər tədbirlərə, mərasimlərə, müsamirələrə, sənət, incəsənət və ziyafət salonlarına ailə üzvləri, sevimli övladları ilə gəlir. Onların varlığı ilə qürur duyur. Dünən babalarının, nənələrinin, valideynlərinin, Mircəlalın, Püstəxanımın, Nəsir İmanquliyevin, Gövhər xanım Sultanzadənin, Arif Paşayevin, Aida İmanquliyevanın getdiyi yolla yaradıcı və istedadlı övladları ilə birlikdə şəstlə addımlayır.
Nəsir müəllimi tanıyanlar bilir ki, aforizmə çevrilən kəlamlarının içərisində onun üçün biri daha qiymətli idi: “Mənim iki evim, ailəm var. Biri iş yerim, biri də ailəmdir. Hər ikisi mənə doğma, əzizdir”. Mircəlal müəllimlə bağlı xatirələrdə isə belə bir məqam var. Görüşlərin birində ona sual verirlər: ”Ən böyük nailiyyətiniz, ən qiymətli əsəriniz hansıdır? Mircəlal müəllim tərəddüd etmədən deyir: “Ən böyük nailiyyətim ailəm, ən qiymətli əsərim övladlarımdır!” - deyə cavab verir. Bu bir yazıçını böyüklüyü, müdrük insanın qənaəti, həyatın isə ən böyük həqiqəti idi!
İndi həmin alim, müəllim, ictimai-siyasi xadim övladlar, nəvələr ən yeni Azərbaycanın uğurlarına imza atır, sivillizasiyaların, mədəniyyətlərin, dinlərin dialoquna töhfələr verirlər. Bəşəri dəyərlərin, humanist prinsiplərin qorunması üçün əllərindən gələni əsirgəmirlər. Onların sırasında Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz Paşayevanın öz yeri, öz imzası var!
“Ədəbiyyat və incəsənət”
(13.12.2024)