“Gülsarıya “əlvida” deməyək” - Çingiz Aytmatovun anadan olmasının 96-cı ildönümünə Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

“Ağ gəmi”, Dəniz kənarıyla qaçan Alabaş”, “Gün var əsrə bərabər”, “Əlvida, Gülsarı” və əlbəttə ki, “Ölüm kötüyü”!

Bu romanları Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatov yazıb, o Aytmatov ki, müasir dünyanın ən qüdrətli söz ustalarındandır. 

Bu yaxınlarda Bakıda 2-ci kitabının təqdimatında iştirak etdiyimiz çağdaş qırğız yazıçısı Sultan Raev gözəl bir fikir işlətdi, dedi, qırğız yazıçısı olmaq həm asan, həm də çətindir. Asandır ona görə ki, hamımız dahi Aytmatovun açdığı cığırlarla irəliləyirik. Çətindir ona görə ki, onun işığında bizlərin parlaması az qala mümkünsüzdür. 

Bəli, bu gün Qırğızıstanın Xalq yazıçısı, çoxsaylı mükafatlar laureatı Çingiz Aytmatovun anadan olmasının 96-cı ildönümüdür.

Çingiz Aytmatov Qırğızıstanın Şəkər kəndində anadan olub. O, əvvəlcə kənd məktəbində, sonra rayon mərkəzindəki məktəbdə təhsil alıb. İkinci Dünya müharibəsi dövründə -1943-cü ilin yayında adamların çoxunun cəbhəyə getməsi nəticəsində kənddə kişilərin sayı azalanda 15 yaşlı Çingiz Şəkər Kənd Sovetinin katibi təyin edilib. Sonralar o, Cambulda Zoobaytarlıq Texnikumunda, habelə Qırğızıstan Kənd Təsərrüfatı İnstitutunda təhsil alıb, 1953-cü ildə oranı bitirib. 

Ali təhsil almış Çingiz Aytmatov Qırğızıstanın Maldarlıq Elmi-Tədqiqat İnstitutunda işləyib. O, 1952-ci ildə yerli qəzetlərdə dərc edilən bir neçə hekayəsi ilə ədəbi mühitə qədəm qoyub. Qırğız yazıçılarının əsərlərini rus dilinə tərcümə edib, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb.

1958-ci ilin avqust ayında “Yeni dünya” (“Novıy mir”) jurnalında Çingiz Aytmatovun “Cəmilə” povesti dərc edilib. Povest Avropada dərc ediləndə Qərb oxucuları bu əsərdə insan xarakterində həssaslığın bədii boyalarla ustalıqla verilməsinin şahidi olublar. “Cəmilə” romanı ədəbi ictimaiyyət və oxucular arasında geniş əks-səda yaradıb, “dünyanın ən gözəl eşq hekayəsi” adlandırılıb.

Sonralar Çingiz Aytmatov qırğız mövzusunu daha dərindən mənimsəyib. “Qırmızı yaylıqlı qovağım mənim”, “Köşək gözü” əsərlərini də məharətlə işləyib, obrazların daxili aləminə nüfuz etməyi bacarıb. 1963-cü ildə yazdığı “Ana tarla” povestində şərtilik və həyati reallıq üzvi şəkildə birləşib. Həmin il yazıçının “İlk müəllim” povesti də nəşr olunub. Lakin bütün bu əsərlər müəllifin böyük nəsrinin proloqu idi.

Çingiz Aytmatovun qəhrəmanları mənəvi cəhətdən güclü, mərhəmətli və aktiv insanlar idi. Buna görə yazıçını psixoloji portret ustası da adlandırırdılar.

“Ağ gəmi” (1970), “Dəniz kənarıyla qaçan Alabaş” (1977), “Gün var əsrə bərabər” (1980) romanlarında yazıçı dövrün kəskin fəlsəfi, etik və sosial problemlərinə toxunub.

Ötən əsrin 80-ci illərinin əvvəlində yazdığı “Ölüm kötüyü” əsəri insan və təbiət münasibətlərindən, həyatın mənasından, dinin insanları yaxşılığa doğru dəyişməsindən, müasir dövrün bəlası olan narkomaniya və digər məsələlərdən bəhs edir.

Çingiz Aytmatov müasir ədəbiyyat təfəkkürü yaradan böyük mütəfəkkirdir. O, öz əsərlərində bəşəri düşüncənin ideal balansını tapıb, insanlığa şərəflə xidmət edib, siyasi şəxsiyyətliyindən ziyadə ədəbi və mədəni şəxsiyyətini öndə tutub. Qırğız türklərinin mədəniyyətini yenidən ortaya çıxaran bu dahi insan 2008-ci il iyunun 10-da müalicə olunduğu Almaniyanın Nürnberq şəhərindəki klinikada vəfat edib.

Ruhu şad olsun!

Biz Çingiz Aytmatovun içi Gülsarı qarışıq heç bir qəhrəmanına “əlvida” deyə bilmirik, dahi yazıçının əsərlərini hər dəfə yenidən, yenidən oxuyuruq! 

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.