MƏŞHURLARLA ÜZBƏÜZ – Gülüstan Əliyeva üstün insani keyfiyyətlər barədə Featured

“Məşhurlarla üzbəüz” rubrikasında bu dəfə “Ədəbiyyat və incəsənət” sizlərə  Azərbaycanın əməkdar artisti, Opera və Balet teatrının və Milli Konservatoriyanın solisti Gülüstan Əliyevanın fikirlərini təqdim edəcək. Fikirləri ondan Aysel Kərim alıb.

 

Gülüstan Əliyeva 8 aprel 1967-ci ildə Yevlaxda doğulub. Kiçik yaşlarından musiqi ilə məşğuldur. Yevlaxda orta məktəbdə oxuyanda atası onu və bacılarını musiqiyə cəlb etmişdir, Pionerlər evində musiqi ilə məğul olmağa başlamış, musiqi məktəbində bunu davam etdirmişdir. 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə keçirilən Gənc İstedadların Respublika Müsabiqəsində iştirak etmiş və üç turun üçündən də əla qiymət alaraq müsabiqənin qalibi olmuşdur.

Elə həmin ildə Bakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olmuşdur. Burada Xalq artisti İslam Rzayevin sinfində muğamın sirlərini öyrənmişdir. 1985-ci ildə məktəbi fərqlənmə ilə bitirərək həmin il Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasının tarixində ilk dəfə açılan muğam sinfinin ilk tələbəsi olaraq, 1990-cı ildə həmən sinfin ilk məzunu olmuşdur. Müəllimi Xalq artisti, professor Arif Babayevdir. Hələ tələbəlik illərində (1986) Gürcüstanda keçirilən beynəlxalq tələbə gənclər festivalının iştirakçısı və qalibi də olmuşdur.

1992-ci ildə Beylaqan royonu Günəşli qəsəbə inməktəbdə musiqi müəllimi kimi fəaliyyətə başlamışdır. 1993-cü ildə ailə həyatı quraraq yaşadığı Cəbrayıl rayonu  işğal olunduqdan sonra məcburi köçkün kimi Bakiya qəlmişdir. 1994-cü ildə Sabunçu rayonunun 170 saylı orta məktəbdə müəllim kimi işləmişdir. 1994–1995 illərdə eyni zamanda Muğam Teatrında işləmişdir. 1995-ci ildən isə Opera müğənnisi kimi Opera və Balet Teatrında işə başlamışdır və bu günə qədər Opera və Balet Teatrında yüksək dərəcəli solist kimi çalışır.

2003-cü ildən Azərbaycan Milli Konservatoriyanın muğam kafedrasının müəllimi, 2015-ci ildən baş müəllimi, 2017-ci ildən kafedranın dosenti, 2022-ci ildən isə sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Dissertasiyası "Azərbaycan Bəstəkarların opera yaradıcılıqında qadın obrazlarının musiqili drammaturji həlli" adlanır.

Gülüstan Əliyeva konsert fəaliyyəti ilə olduqca ciddi və səmərəli məşğul olur. Müxtəlif televiziya kanallarında xalq və bətəkar mahnılarını, muğamları böyük ustalığla ifa edir. Müğənni həmçinin dövlət konsertlərində, tədbirlərdə də müvəffəqiyyətlə çıxış edərək ona göstərilən etimadı daim doğruldur. 

Azərbaycan Milli musiqisini və muğam sənətini dünyanın bir sıra ölkələrində — Türkiyə, İran, Moldova, Rusiya, Avstriya, İsveç və s. ləyaqətlə təmsil edib. 1997-ci ildə Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Neft Konsorsiumu çərçivəsində keçirilən tədbirdə iştirak edib.

2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildəvə 10 may 2019-cu ildəPrezident Mükafatına layiq görülüb.

2021-ci ildə Xarı Bülbül Best Awards mükafatına layıq görülüb. 

Səsi – sopranodur.

 

Bir insanda hansı insani keyfiyyətə üstünlük verirsiniz? Yeni tanıdığınız insana qarşı güvən hissiniz tezmi yoxsa gecmi formalaşır?

 

İnsanda səmimiyyət mənim üçün ən birincidir. Ədalət, səxavət, vicdan. Bunlar hamısı bir-birini tamamlayır. Ədalətli  insan vicdanlı olacaq, vicdanlı insan isə səxavətli olacaq. Əgər sənin səxavətin varsa deməli sən vicdanlısan və ədalətlisən. Qarşındakı insana sevgini də, ona ehtiyacı olan pulu da, söhbəti də səxavətlə verirsən. Bütün bunlar hamısı bir-birinə bağlıdır. Əgər ədalətin varsa demək  səxavətlisən. Düzlük vacibdi. Yalana nifrət edirəm. Bütün bu cəhətlər bir insanda varsa o insanda nə yalan, nə xəyanət olmaz.

Yeni tanıdığım insane qarşı güvən hissim tez formalaşır. Mənim bəlkə də ən çatışmayan cəhətimdir. Bir insan ilk baxışdan mənə hansı təsir bağışlayırsa o insan odur. Bax məndə belə bir xarakter var deyim necə. Mən özümü aldadaraq o insana yaxınlaşıram. Ona zamanımı xərcləyirəm ki, bəlkə onun elə gizli xarakteri var mən bilmədiyim. Bəlkə bu yaxşı adamdı. Mən onu pis gördüm və yaxud bəlkə bu pis adamdı mən onu yaxşı görürəm. Bunun üçün müəyyən bir zaman sərf edirəm və o nəticəyə gəlib yenədə çıxıram ki insan ilk görünüşdə kimdirsə elə odur. İnsanı dəyişməyə çalışmaq lazım deyil. Onu dəyişməyə çalışdığın zaman həmin insanın qarşısında hörmətsiz olursan. Onu dəyişmək istədiyin zaman onun gözündən düşürsən. O fədakarlığınla əslində sən hörmətsiz olursan. Ona görə də hər insanı olduğu kimi qəbul etmək lazımdı. Layiq olduğu dəyəri vermək lazımdır ki özü haqda yüksək xəyallarda olmasın.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.