Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 2 nömrəli Texniki Humanitar Liseyidir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR :
Turanə Məcidli Aslan qızı 08.09.1990 tarixində Bakı şəhərində anadan olmuşdur. 2009-2013-cü illərdə Bakı Dövlət Universitetinin kimya fakültəsinin bakalavr, 2013-2015-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakultəsinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2015-ci ildə MİQ müsabiqəsində uğur qazanaraq Səbail rayonu 329 nömrəli tam orta məktəbdə kimya müəllimi fəaliyyətinə başlamışdır.
2020-ci ildə “Landau School ” beynəlxalq məktəbində bir illik ixtisasartırma təlimində iştirak etmiş, ingilis dilində kimya və təbiət fənlərini tədris etmişdir. 2021-2022-ci tədris ilində “Bakı Modern Beynəlxalq məktəbi”ndə Science (Təbiət) müəllimi kimi ingilis dilində tədris aparmışdır.
2022-ci ildə Elm və Təhsil Nazirliyi və ADPU-in birgə layihəsi olan “Məktəb Liderliyi” proqramında iştirak etmişdir. 2022-ci il 5 oktyabr tarixində Bakı şəhər üzrə Təhsil idarəsinin “direktor müavinlərinin işə qəbulu” müsabiqəsində uğur qazanaraq, 106 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 2023-cü il 27 yanvar tarixində 2 nömrəli Texniki Humanitar liseyə direktor vəzifəsinə təyin olunmuşdur.
2023-cü ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsində "Bilgə Qarabağ" layihəsi ilə qalib olmuşdur. 2024-cü ildə Project Management Institute Southern Italy institutu ilə online birgə əməkdaşlıq çərçivəsində Project Management Skills for Life təlimində tutor müəllim kimi sertifikat qazanmışdır.
2024/2025-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının Təhsil İnstitutunun "Təhsilin Təşkili və Planlaşdırılması” ixtisası üzrə doktorantura təhsili alır. Müxtəlif yerli və beynəlxalq təlim və layihələrdə iştirak etmişdir.
ŞAGİRD :
Ömər Şahbazlı
Mən, Şahbazlı Ömər Rəşad oğlu, 2015-ci ildə 106 nömrəli tam orta məktəbin 1- ci sinfinə daxil olmuşam. 2019-cu ildən etibarən təhsilimi 2 nömrəli texniki-humanitar elmlər liseyində davam etdirirəm. Hal-hazırda 10-cu sinif şagirdiyəm. 2021/22 tədris ilində respublika fənn müsabiqələrindən biologiya fənni üzrə qızıl medal qazanmışam. 2022/23 tədris ilində isə bu dəfə respublika fənn olimpiadalarında iştirak etmiş, final mərhələsinə kimi uğurla gəlmişəm. Ötən tədris ilində, biologiya fənni üzrə təkrar finala çıxmış, bu dəfə isə gümüş medal qazanmışam. Həmçinin, həmin il Bakı Elm Olimpiadasında biologiya fənni üzrə qızıl medala layiq görülmüşəm. Hazırda Elm və Təhsil Nazirliyinin təşkil etdiyi beynəlxalq olimpiadalara hazırlıq dərslərində iştirak edərək beynəlxalq biologiya olimpiadasına(IBO) hazırlaşıram. Məqsədim beynəlxalq biologiya olimpiadasında qalib olmaq və nüfuzlu xarici universitetdə tibb təhsili almaqdır. Asudə vaxtlarımda şahmat oynamağı sevirəm. Hazırda 2-ci dərəcə şahmat oyunçusuyam.
ESSE:
“Yer Kürəsi canlıların ortaq evidir”
Təbiəti qorumaq hər bir kəsin vəzifəsidir. Milyon illər boyunca bitkilər, heyvanlar və digər bütün canlılar təbiətin qanunlarına uyğun şəkildə yaşamış, təbiət öz-özünü tənzimləyərək Yer kürəsini günü-gündən möcüzəvi və füsunkar bir diyara çevirmişdir. Lakin bu tarazlıq, xüsusilə son illərdə insanların yanlış yanaşmaları ilə pozulmağa başlamışdır.
Canlıların ən ağıllısı və alisi – biz insanlar – təbiət qanunlarına tabe olmaq əvəzinə, onları pozaraq təbiətlə bir növ mübarizəyə girmişik. İnsanların bəzən düşüncəsiz hərəkətləri nəticəsində təbii ehtiyatlar tükənir, meşələr qırılır, su hövzələri çirklənir, atmosferə zərərli qazlar buraxılır. Nəticədə isə dünyamız iqlim dəyişikliyi, qlobal istiləşmə, tullantıların idarə edilməsində çətinliklər, çoxsaylı canlı növlərinin məhv olması, ozon təbəqəsinin dağılması və s. kimi qlobal problemlərlə üz-üzə qalmışdır. Bu problemlər yalnız təbiətə deyil, insan həyatına da ciddi təsir göstərir. Belə ki, bu gün, bu ekoloji fəlakətlərdən qaynaqlanan bir çox xəstəlik insanların həyatlarını ciddi şəkildə təhdid edir.
Gözlərimizin önündə baş verən bu təhlükələrin qarşısını almaq isə, əlbəttə ki, yenə də bizim – insanların – əlindədir. Əgər hər birimiz təbiətə daha məsuliyyətlə yanaşsaq, bu prosesləri dayandırmaq mümkündür. Lakin əsas məsələ bütün insanları bu problemlər barədə xəbərdar etmək və həll yolları barədə məlumat verməkdir, çünki, biz insanların səbəb olduğu bu ümumbəşər bəlalardan xilas olmaq üçün istisnasız hər bir insan, hər bir şəxs dünya üçün çox önəmlidir.
Alimlərin fikrincə, əgər mövcud vəziyyət bu cür davam edərsə, gələcəkdə Yer kürəsindəki canlı çeşidliliyi indikindən daha aşağı olacaq. Belə bir təhlükə qarşısında əlimizdən gələni etmək hər birimizin ümdə vəzifəsidir. Bu məsələ barədə ailəmizi, ətrafımızı, dost-tanışımızı və mümkün olduqca digər insanları xəbərdar etməliyik ki, təbiətə fayda verə bilək.
Bir çox insanlar "Əlimdən heç nə gəlmir" deyərək məsuliyyətdən boyun qaçırır. Amma hətta ən kiçik addımlar belə böyük dəyişikliklərə səbəb ola bilər. Məsələn, zibilləri yerə atmaq əvəzinə zibil qablarına atmaq, plastik istifadəsini azaltmaq və təkrar emal olunan materiallardan istifadə etmək təbiət üçün faydalı ola bilər. Şüşə qabların istifadəsi, enerji qənaətinə diqqət yetirmək və ağac əkmək kimi sadə əməllər ətraf mühitin qorunmasına böyük təsir göstərə bilər. Unutmayaq ki, damlaya-damlaya göl olar.
Təbiəti qorumaq yalnız bir məsuliyyət deyil, həm də bizim gələcəyimiz üçün bir ümiddir. Gələcək nəsillərə yaşıl, sağlam və yaşamağa dəyər bir dünya buraxmaq üçün hər birimiz bu yolda fəal iştirak etməliyik. Bu, bizim Yer kürəsi və canlılıq qarşısındaki ən vacib borcumuzdur.
“Ədəbiyyat və incəsənət”
(27.11.2024)