“Misralarım Bakının küçələri, cümlələrim, abzaslarım məhəllələri idi” – HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA Featured

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

F. de Sössür: “Dil dünyaya baxanın eynəyidir.”

Böyüdücü eynək ola bilər, kiçildici ola bilər. Amma eynək hökmən var.

2.

Dünya ilə bizim aramızda çox ciddi maneələr var. Bu maneələrin birincisi, əsla səksənməyin... bizim dilimizdir.

3.

“Sən demə...” ifadəsinin ilkin dərin qatı elə zil qaranlığa bürünüb ki, burada göz-gözü görmür.

4.

Xalqın böyüklüyü o böyüklüyü addım başı izhar etməklə yaranmır.

Böyüklüyün dili olmur, o laldır,

 O özündən danışmır.

O hər adamın içində yaşayır.

5.

 Azad Mirzəcanzadə: “Əsl problemi nəyin bahasına olursa olsun, həll eləməyə çalışmaq sadəlövhlükdür. Problemlərlə yaşamağı, onlarla “dil tapmağı” bacarmaq lazımdır.” Amma problem də problem olmalıdır, çətin məsələ – yox.

6.

Vaxt olur ki, yuxarı baxırsan bığ, aşağı baxırsan saqqal... Hər ikisinə tüpürmək istəyirsən.

7.

Mənim ilk müəllimim Bakı şəhəri olub. 190№-li məktəbdəki əziz və sevimli müəllimlərimdən, evdəki ağsaqqallarımdan əvvəl ensiz küçəmiz, məhəlləmiz, qarşılaşdığım adamların mülayim, bəzilərinin qaşqabaqlı baxışı olub.

Misralarım Bakının küçələri, cümlələrim, abzaslarım məhəllələri idi.

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.