Yeni roman müsabiqəsi elan edilib

 

Teas press yayın evi yeni roman müsabiqəsi elan edib. Bu, ilk növbədə, yeni yazarların nəşr edilməsi üçün bir seleksiya işi hesab edilməlidir. 

“Müasir ədəbiyyatımızın inkişafı və gənc yazıçılara dəstək məqsədi ilə təşkil olunan müsabiqəyə hər müəllif tərəfindən yalnız bir əsər təqdim edilə bilər. Əsərlər Azərbaycan dilində, roman janrında yazılmalı və müsabiqə üçün müəyyən olunmuş meyarlara cavab vermək şərti ilə indiyədək heç yerdə çap olunmamalıdır". Yayın evinin ilkin şərtləri bunlardır.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müsabiqəyə qoşulanlar qarşısında aşağıdakı tələblər qoyulur:

– İştirakçıların yaş həddi 18-35 arasında olmalıdır;
– Əsərlərin müsabiqəyə qəbulu 22 yanvar 2024-cü il tarixindən başlayacaq və 22 iyul 2024-cü il tarixinə qədər davam edəcək;
- Hər müəllif müsabiqəyə Azərbaycan dilində yazılmış, heç bir çap və media orqanında yayımlanmayan, öncəki müsabiqədə iştirak etməyən bir roman təqdim edə bilər;
– Müsabiqəyə təqdim edilən romanın həcmi ümumilikdə Vörd formatında 60 min sözü keçməməlidir;


Əsərlər qiymətləndirilərkən (hər cür qeyri-ədəbi yanaşma, bədii təfəkkürü və yaradıcılığı məhdudlaşdıran istənilən səbəb qəti istisna olunmaqla!) münsiflərin özlərinin müəyyənləşdirib rəhbər tutduqları digər estetik və etik kriteriyalarla yanaşı, aşağıdakı meyarlar əsas götürüləcək:
- milli və bəşəri dəyərlərə əsaslanan mövzuların ən uyğun bədii forma daxilində, məzmun-janr mütənasibliyi ilə təqdimatı;
- vətənpərvərlik (Qarabağ mövzusu da daxil olmaqla) milli və bəşəri ədəbi ənənələrdən yenilikçi tərzdə bəhrələnmə, çağdaş dünya ədəbiyyatı və yeni ədəbi təmayüllərlə yaxından səsləşmə, keçmişə, bu günə və gələcəyə dair mütərəqqi düşüncələrin təsirli bədii ifadəsini verə bilmək;
- Azərbaycan dilinin qorunmasına, inkişafına, həmçinin çağdaş ədəbi-linqvistik meyl və tələblər əsasında zənginləşməsinə, yeni üslubi-ifadə imkanları qazanmasına xidmət etmək;
- ideya planında ədəbiyyatın bəşəri-humanist mahiyyətinə sadiq qalmaq, irqi, milli, siyasi və sair zəmində nifrətin, qarşıdurmanın təbliğinə yol verməmək;
- ümumdünya ədəbi prosesinə inteqrasiyada pozitiv rol oynamaq, beynəlxalq səviyyədə maraq və rəğbət doğurmaq, yerli ədəbi mühiti dünya miqyasında uğurla təmsil edə bilmək imkanları;
– əsərlər fərdi qaydada – müəlliflərin özü tərəfindən elanda qeyd olunan imeyl ünvanına göndərilməlidir (Şəxsiyyəti təsdiq edən sənədin surəti ilə birgə);
– müsabiqə - “Uzun siyahı” , “Qısa siyahı” və qaliblərin müəyyən edildiyi yekun mərhələ olmaqla üç mərhələdə keçiriləcək;
– hər mərhələnin sonunda növbəti mərhələnin gedişi və başa çatma zamanı barədə ictimaiyyətə ayrıca məlumat veriləcək.


Müsabiqənin yekun mərhələsində iştirakçılar arasından seçilən qaliblər üçün ümumi qaydada aşağıdakı mükafatlar nəzərdə tutulur:

- I yerin sahibi - 3000 (üç min) AZN pul mükafatı, əsərin ˝TEAS Press˝ Nəşriyyat evi tərəfindən çap olunması və “LIBRAFF” kitab mağazaları şəbəkəsində təqdimatının keçirilməsi;
- II yerin sahibi – 2000 (iki min) AZN pul mükafatı;
- III yerin sahibi - 1500 (bir min beş yüz) AZN pul mükafatı.

Müsabiqədə iştirak etmək istəyənlər This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron ünvanına müraciət edə bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.