Oğuz rayonunda Dədə Qorqud izi ilə - ARAŞDIRMA Featured

İmran Verdiyev,  Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

 "Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli mənəvi dəyərlərimiz "Kitabi-Dədə Qorqud" eposunda öz əksini tapmışdır…Bu, bizim ana kitabımızdır”. (H.Əliyev)  

 

Akademik T.Hacıyev “Kitabi-Dədə Qorqud” dastanını türkün yeddi   möcizəsindən  biri hesab edirdi. O deyirdi ki, “Kitabi-Dədə Qorqud” Oğuzun tarixidir. “Kitabi-Dədə Qorqud” Oğuzun dövlətçiliyidir, “Kitabi-Dədə Qorqud” Azərbaycanın tarixi coğrafiyasıdır”. 

Tədqiqatçılar yekdilliklə qeyd edirlər ki, “Kitabi-Dədə Qoqrud”dakı hadisələr, əsasən, Azərbaycanda və qismən də Anadolu ərazilərində cərəyan edir. Dastanın ilk tədqiqatçılarından V.Bartold yazırdı ki, “Qorqudun adı ilə bağlı bu epik silsilə çətin ki, Qafqaz mühitindən kənarda yaradıla bilərdi”.

Dastan haqqında kifayət qədər araşdırma aparılmışdır. Biz bu barədə deyilən və yazlanları təkrarlamaqla sizi yormaq istəmirik. Bu yazıda ancaq Azərbaycanın kiçik bir bölgəsi olan Oğuz rayonunun ərazisində “Kitabi-Dədə Qorqud” izləri haqqında söhbət açmaq istəyirik.

Bütün Azərbaycan ərazisi kimi Oğuz rayonu da Dədə Qorqud qəhrəmanlarının doğma yurdudur. Onlar burada nə köçəri-gəlmədirlər, nə də ötüb-gedəndirlər. Dədə-baba kurqanları da, öz qəbirləri də buralarda yerləşir.  Arxeoloji tədqiqatlar nəticəsində əldə edilmiş maddi-mədəniyyət nümunələri təsdiq edir ki, bu ərazidə neolit və eneolit dövrlərindən insanlar toplu şəkildə məskunlaşmışlar. Hələ 1948-ci ildə tanınmış arxeoloq S.Qazıyev rayonun Vardanlı (indiki Kərimli) və Qarabaldır kəndlərindən cənubda qazıntı işləri aparmış, qədim yaşayış yeri və qəbiristanlıq aşkarlamışdır. Böyük alim qədim qəbirlərdən, daş qutu abidələrdən 2500–3000 il bundan əvvələ aid edilən maddi-mədəniyyət nümunələrini taparaq elm aləminə bildirmişdir. Bunlar uzaq keçmişimizdən, Dədə Qorqud dünyasından xəbər verir.

 Rayon ərazisində dəniz səviyyəsindən 1150 və 1160 metr yüksəkdə olan Baş Daşağıl və Filfilli kəndlərinin şimalında yaşı bilinməyən, tədqiq olunmamış, əhalinin hələ də “oğuz qəbirləri” adlandırdığı, "Kitabi-Dədə Qorqud" dastanındakı boylarla səsləşən nəhəng qəbirlər indi də qalmaqdadır, 

Rayon ərazisindəki bir sıra toponimlər də Dədə Qorqud qaynaqları ilə bağlıdır. Əslində bunlar torpağa sançılmış oğuz-türk möhürləridir. Məsələn, rayon ərazisində Daşüzə yaxın bölgədəki Qazan xan qalası, Oğuz şəhərinin cənubundakı Bayan kəndi, onun yaxınlığındakı Bayandur talası  (bura “Baydar talası” da deyirlər), Oğuz şəhərinin yaxınlığındakı Oğuz qalası, Başdaşağıl kəndində Qazanın ağılı deyilən ərazi onların Dədə Qorqud soraqlı olmasını söyləyir. Daşüz yaxınlığındakı Qazan xan qalasının Kitabi-Dədə Qorqud dastanının əsas personajlarından, Oğuz elinin Salur boyundan olan Qazan xanla bağlı olduğu ehtimal olunur. Bu qala müdafiə istehkamı olub, lakin hazırda, demək olar ki, qaladan əsər-əlamət qalmayıb, ancaq xarabalıqları durur.

         Başdaşağıl kəndinin yaxınlığındakı Qazan ağılı isə Qazan xanın qoyun sürülərinin saxlandığı yerdir. Ərazinin heyvandarlıq üçün çox əlverişli olması da bu ehtimalı gücləndirir. Yəqin ki, Qazan xanın qoyun sürüləri Dərbəndlə yanaşı, burada da bəslənmişdir. Hətta burda qoyunlar üçün daşdan ağıllar da düzəldilibmiş.

         Rayondakı Bayan və Bayandur talası toponimləri isə dastandakı xanlar xanı Bayandır xanla əlaqələndirilir. Bayandurlar qədim türk tayfa adı olmaqla tarixdə mühüm iz buraxmışlar. Bayat eli, Bay komponenti də eyni soy olmaqla iç oguz soyuna mənsubdur.

         Oğuz rayonundakı Qarabulaq (bu adda Azərbaycanın digər rayonlarında, Qərbi və Cənubi Azərbyacanda, İranda, Gürcüstanda, Qazaxıstanda, İnquşetiyada və Türkiyədə də çoxlu kəndlər vardır) və Qarabaldır (bu adda Qaxda da kənd mövcuddur) kənd adları da dastanın qəhrəmanları Qarabudaq, Qaragünə və  Oğuz boylarından biri olan “Qarabölük”lərlə bağlı ola bilməzmi?! Tədqiqatçılar göstərirlər ki, Günə və Budaq adlarında “qara” sözünün işlədilməsi igidlərin güc və qüdrətini ifadə etməkdən əlavə, həm də nəsildən nəslə keçən bir aləmətin göstəricisi kimi çıxış edir.

         AYB-nin üzvü, şair tədqiqatçı Y.Rzayevin fikrincə, Xalxal kəndinin şimalında Böyük Qafqazın cənub yamacında olan Xızovuz dağının adı da özündə “Xızır” şəxs adını və “Oğuz” tayfa adını hifz etmişdir.

Bu toponimlər göstərir ki, Oğuzun ərazi də Dədə Qorqud, Bayandur xan, Qazan xan, digər dastan qəhrəmanlarının yurd yeri, ata-baba məskəni olmuş, onların şanlı tarixi bütün Azərbaycanda olduğu kimi, onun kiçik bir parçası olan Oğuzda da yazılmışdır.

         Oğuz rayonunda “Kitabi-Dədə Qorqud”un izlərinin varlığının  bir başqa sübutu da bölgənin folklor nümunələrinin dastanın mövzuları ilə paralellik təşkil etməsidir. Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzi Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsi tərəfindən 2023-cü ildə çap olunmuş “Oğuz və Qəbələ folkloru” kitabında (tərtibçisi, şair, folklor tədqiqatçısı Y.Rzayev) verilmiş və Oğuz rayonundan toplanmış “Daşüz haqqında”, “Uğuz baba”, “Oğuz xan dayanan yer” adlı rəvayətlərdə, həmçinin bir sıra atalar sözlərində və alqışlarda bu paralelliyi aydın görmək mümkündür. Məsələn, “Daşüz haqqında” rəvayətdə oxuyuruq: “Nəsrullah kişi (rayonun Xaçmaz kənd sakin-söyləyicidir) deyirdi ki, kənddə bizim tayfaya, uruq-turuğumuza “qurdlar” adı vermişdilər. Daşüzdə çəltik zəmisi olardı. Lap qədim əyyamlarda isə buralarda uğuzlar, yəni ki, bizim ulu babalarımız yaşamışlar. İri, sağlam insanlar olublar. Hərəsinin də bir atı varmış. Azad, şən həyat sürürmüşlər. Çox qoçaq, işlək olan uğuzlar ha bu dərədən bizim Xaçmaz dağları tərəfə İçüz, ha o tərəfə , Ərəş tərəfə isə “Daşüz” deyərmişlər”. Mətindəki “uğuzlar”, “İçüz” və “Daşüz” kəlmələri   diqqəti xüsusi olaraq cəlb edir. Bu kəlmələr “Kitab-Dədə Qorqud” dastanındakı oğuz, İç və Dış oğuz sözlərini etiva etməklə bu yerlərin də dastan qəhrəmanlarının Vətəni olduğnu göstərir.

         Və yaxud “Uğuz baba” rəvayətində deyilir: “Uğuz baba Adəmdən çox sonra, bizim əyyamdan isə çox əvvəl yaşayıb...Yeddi yüz yetmiş yeddi il ömür sürüb. Oğul-uşağının, nəvə-nəticələrinin sayını özü də bilmirmiş. Hamı ondan məsləhət alarmış. Ölənə yaxın iki yüz əlli yaşlı oğlunu yanına çağırıb iki vəsiyyət edib.

          Birinci vəsiyyəti ha bu olub ki, azalmağınızdan qorxuram, çalışın azalmayın, küsöyü dağılan ocaq tez sönər. İkinci  vəsiyyəti də həblə olub ki, vətən, həyat dünyaya gəlib üstündə gəzdiyiniz  torpaqdan başlanır, torpağı sevin, qoruyun, torpaq uğrunda ölümə yox, öldürməyə gedin. Bəli, bizim Uğuz babamız həblə baba imiş. Allah ona rəhmət eləsin!”

         Gördüyünüz kimi, bu rəvayət də “Kitabi-Dədə Qorqud” dastanında təsvir olunan cəmiyyətin etnik tərkibini təşkil edən, turkdilli xalqlardan olan “babamız” oğuzları yada salıb, Dədə Qorqud öyüdlərini xatırladır. Unutmyaq ki, əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, mifoloji mətnlərdə, əfsanə və rəvayətlərdə “çəyirdək qədər də olsa, tarixi gerçəklik olur”. 

         “Kitabi Dədə-Qorqud” dastanında adı çəkilən yemək və içkilərin tədqiqi göstərir ki, maddi mədəniyyət sahəsində ənənələr itməmiş, bu ənənələr cüzi dəyişikliklərlə günümüzə qədər gəlib çatmışdır. Bunların izinə Oğuzda da rast gəlmək mümkündür. Buna aid xeyli nümunə göstərmək mümkündür. Lakin biz bir nümunə ilə kifayətlənəcəyik. Söhbət “Kitabi-Dədə Qorqud”da adını eşitdiyimiz “yaxnı”dan (yəxni) gedir. Yaxnı əsasən qoyun ətindən, daha keyfiyyətli sayılan qara qoyun ətindən bişirilərdi. Lakin etnoqrafik materiallar yaxnının məişətdə həm qoyun və həm də mal ətindən bişirilib, qovurma deyil, soyutma olduğunu təsdiq edir. Yaxnı əksər zonalarda əhalinin mətbəx məişətindən çıxsa da, bir sıra zonalarda, o cümlədən Oğuzda indi də hazırlanmaqdadır. Yaxnı süfrəyə yəxnikeş adlı xüsusi qabda verilərdi, adətən mərasim xörəklərindən sayılırdı.  Yuxarıda adı çəkilən “Oğuz və Qəbələ folkloru” kitabında (səh:191) oxuyuruq ki, “Kitabi-Dədə Qorqud” dastanlarında “yəxni” kimi qeyd olunan bu yemək növü aborigen Oğuz udilərinin də mətbəxində bu gün də yaşadılır. Mal ətindən hazırlanır. İri tikələrdə doğranıb qazanda bişirilən soyutma ətdir. Soğan tökülmür. Soğan və istiot ət bişdikdən sonra üstünə tökülüb süfrəyə verilir...   Bu qədim Azərbaycan yeməyi bu gün Naxçıvanda da saxlanılmışdır. Orada “yəxnikeş” adlı qabdan indi də istifadə edirlər. Yaxnı/yəxni (soyutma ət) Qəbələ rayonunun Nic qəsəbəsində və Oğuz şəhərində yaşayan yerli udilərin də ən sevimli milli xörəklərindəndir”. İçkilərlə bağlı isə ayranı xüsusi qeyd etmək istərdik. Bu gün də süddən hazırlanan bu içkidən geniş istifadə olunur.

      Yeməklər barədə dediklərimizi geyimlər barədə də deyə bilərik. Məsələn, rayonun ucqar kəndlərində “Kitabi-Dədə Qorqud”da adı çəkilən börk və  külah (kişi baş geyimləri), cübbə (üstdən geyilən uzun ətəkli, enli və düyməsiz geyim) kimi geyimlər eyni adla adlanaraq, son dövrlərə kimi dəbdən düşməmişdi.

“Kitabi-Dədə Qorqud” dastanında börk ifadəsinə Qaraca Çobanın dilindən bu şəkildə rast gəlirik: “Başındakı turulğanı nə öyərsən mərə kafir, Başımdakı (keçə) börkümcə gəlməz mana”. Börkün təpəsi şiş uclu olurdu. Bəzi tədqiqatçılar börkün adının türk xalqlarının totemlərindən biri olan “boz qurd” – “börü”, “böri”nin adından törəndiyini iddia edirlər. Bəzi tədqiqatçılar isə onun “bürümək”, “bürük” sözlərindən yarandığını söyləyirlər.

Börkdən fərqli olaraq külahlar konus şəkilli olub, təpə hissəsində qotazı olmuşdur. “...altı ogəc dərısındən, külah etsə, qulaqlarını örtməyən qolu-budı xaranca, uzun baldırlan incə, Qazan bəgün dayısı At ağızlu Aruz qoca çapar yetdi” cümləsindən də bəllı olur ki, oğuzların külahı da qoyun dərısindən, xususılə erkək dərisındən tikilərmiş.

Cübbə isə həm kişi, həm də qadm üst geyim kompleksıni tamamlayan qədim tarixə malık libas növüdür. Cübbə yapıncısayağı gen gövdəli geyim tipi olub. Çuxadan fərqli olaraq, cübbəni bilavasitə qoldan bədənə geymir, sadəcə çiyinə alıb ona bürünürmüşlər. Kişi cübbəsindən fərqli olaraq qadınların cübbəsinin yaxasının kənarlarına və ətəyinə qiymətli xəz dəri tikilərmiş.

Yaşlı rayon sakinlərinin söylədiklərinə görə, onların ata-babaları həmin geyimləri özləri hazırlayarmışlar.

Dastanın ümumu məzmunundan da belə məlum olur ki, oğuz cəmiyyətində dağlar səmaya ən yaxın yerlər kimi Göy Tanrısı ilə əlaqəni simvolizə edir və müqəddəs yerlər hesab olunur. Oğuzlar dağlara təbii formasiyalar kimi baxmır, həm də onları qoruyucu, müqəddəs varlıqlar kimi qəbul edirlər. Dağlar türklər üçün təkcə ibadət yeri deyil, həm də mühüm mərasimlərin, ayinlərin, qurbanların kəsildiyi yerdir. Xüsusilə mühüm hadisələr və ya fəlakətlər zamanı insanlar dağlara çıxıb tanrılardan kömək diləyirdilər. Bu inanç türklərdə “dağ kultu”  kimi tanınır. Araşdırmalar göstərir ki, hazırkı Oğuz rayonu ərazisində də Dağ   kultunun izlərinə rast gəlinir. Məsələn, Xalxal kəndinin şimalındakı Əddağ və Xızovuz, Qarabulaq kəndinin şimal-şərqindəki Pirdağ və Yaqublu kəndinin şimal-şərqindəki Ərdağ bir zamanlar əhalinin intensiv (indi oralara ziyarətlər seyrəlib) ziyarət etdikləri,  mühüm mərasimlərin, ayinlərin, qurbanların kəsildiyi, Tanrıdan kömək diləndiyi dağlar olub.

         O da maraqlıdır ki, bu gün  "Kitabi-Dədə Qorqud"da işlənmiş  bir çox sözlər, tipik idiomlar, ibarələr, məsəllər vo atalar sözləri rayon sakinlərinin dilində  indi də canlıdır, dipdiridir, eşidilməkdədir. Anaru (kənar), becid (tez), birər (bir-bir), qalabalıq/qələbəlik (böyük), di (təkid, əmr ədatı), zaval (ziyan), tıxmaq (acgözlüklə yemək), toxlu (6 aylıq qoyun balası), dürtüşmək (zorla bir yerə girmək) kərrə (dəfə), bozlamac (soba üzərində bişirilən fətir), şivən (hay-küy), yəlaq (yalaq), öylə (elə) nola (nə ola), yaraq (silah), qanrılmaq (dönmək), çomaq, sapan, yamaç, ayran və s. onlarla belə sözlər dediyimizə sübut sayıla bilər.

         Zənn edirik ki, yuxarıda qeyd etdiklərimiz Oğuz rayonunun da “Kitabi-Dədə Qorqud” dastanının tarixi-coğrafi arealına daxil olduğunu sübut etmək üçün yetərlidir.

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.