Aktotı Raimkulovanın Yaqellon Universitetində görüşü

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Krakov şəhərində yerləşən Polşanın ən qədim və nüfuzlu ali təhsil müəssisələrindən biri olan Yaqellon Universitetinin rektoru, professor Piotr Yedınak ilə görüşüb. 

 

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, görüş zamanı elm və mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi və iki qurum arasında akademik əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə edilib.

Görüş zamanı Türk Mədəniyyəti və İrsi Fondu ilə Yaqellon Universiteti arasında elmi əməkdaşlıq və akademik mübadilələri təşviq edən Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Bu sənəd iki qurum arasında birgə elmi tədqiqatların aparılması, konfrans və seminarların təşkili və ümumi iş birliyi məsələlərini özündə ehtiva edir. 

Səfər çərçivəsində Aktotı Raimkulova Yaqellon Universiteti ilə tanış olub, o cümlədən Filologiya Fakültəsinin Şərqşünaslıq Bölməsinin tələbələri ilə görüşərək, Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, türk xalqlarının zəngin irsinin qorunması və tanıdılması istiqamətində həyata keçirilən layihələr haqqında məlumat verərək, Fondun gənclərlə əməkdaşlığın gücləndirilməsinə, beynəlxalq elmi-tədqiqat işlərinə və təhsil layihələrinə xüsusi önəm verdiyini qeyd edib.

Sonda tədbir iştirakçılarına Novruz xonçası və milli şirniyyatlar təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.