Bu məqaləni “Ədəbiyyat və incəsənət” portalının “Qızıl alma” bölümü üçün Özbəkistanın Səmərqənd şəhərindən Əmir Teymur Mavzoley kompleksinin direktoru Xuşnud Abdullayev yazıb.
X.Abdullayevin məqaləsi Aida Eyvazlı tərəfindən dilimizə uyğunlaşdırılıb.
Əmir Teymur dünya tarixində adı yazılan tarixi şəxsiyyətdir. Qlobal dünyada baş verən siyasi gərginlik və yeniliklərin fonunda onun hərbi və siyasi gedişlərini, dövlət və hakimiyyət idarəçiliyini öyrənmək türk dünyası tarixçilərinin əsas vəzifəsi olmalıdır. Teymurilər nəsli və şəcərəsi elm və mədəniyyət, tikinti və quruluş sahəsində də dünyada bir çox abidələr və izlər qoyublar. Elə buna görədir ki, bu gün Teymurilər irsinin tarixini dünyanın bütün elm mərkəzlərində öyrənirlər. Və bu tarixə maraq günü-gündən artmaqdadır.
Özbəkistan Respublikası öz müstəqilliyinə nail olduqdan sonra teymurilərin genialogiyası yenidən öyrənilməyə başlandı. Lakin bu sahədə hələ bir çox açılmamış sirrlər və səhifələr mövcuddur. Səmərqəndin Registan deyilən məhəlləsində yerləşən Əmir Teymurun məzarı olan Qur Əmir mavzoleyində uyuyan bu nəslin və şəcərənin əksər nümayəndələrinin məzarları, onların geniologiyası hələ öyrənilməmiş qalır.
Hazırda direktoru olduğum mavzoleyin şərq tərəfində, yuxarı başda- Teymurilərin məzarlarının baş tərəfində Əbu Səidin adına ayrıca məqbərə -otaq (1424-1469, 1451-1469) vardır.
Əbu Səid Teymurilər nəslinin hakimiyyətdə uzun zaman qalan (1424-1469) varislərindəndir. O Miranşahın böyük oğlu Sultan Məhəməddin oğlu idi. Yəni babası Miranşah idi. Teymurilər dövlətini 45 il müddətində əlində saxlaya bilmişdi.
Onun müxtəlif nigahlardan çox sayda oğlu və qızı olub. Əbu Səidin sarayının baş xanımlarından biri də Özbək Ulusunun hökmdarı Əbülxaiyr xanın qızı Xanzadə Bəyim idi. Xanzadə xanımdan doğulan oğlunun adını Sultan Məhəmməd qoymuşdu. Sultan Məhəmmədin də qəbri Qur Əmir Mavzoleyindədir.
Əbu Səid Heratda döyüşdən qayıdandan sonra Azərbaycana Cahan şah və onun oğlu Pir Budağın üstünə yürüşə hazırlaşır. Azərbaycana yürüşü zamanı 1469-cu ildə döyüşdə həlak olur. Onun ölümündən sonra Səmərqənddə hakimiyyətə oğlu Sultan Əhməd Mirzə yiyələnir.
Məqbərədə 8 insan məzarı vardır. Məzarların üstündəki yazılar onu deməyə əsas verir ki, burada uyuyan şəxslər də teymurilər nəslindəndir.
Birinci məzarın üstündəki yazılardan məlum olur ki, burada basdırılan şəxs Əbu Səidin qızı Ayişə Sultan Bəyimdir, o hicri tarixinin 877-ci ilndə vəfat edib (1473 il).
İkinci məzarın üstündəki daş lövhələrin dörd tərəfində Qurandan ayələr yazılıb. Sinə daşının yuxarı hissəsində Qurandan iki ayə və mərhum Rəbiyə Sultanın öldüyü tarix - hicri 858-ci il (1454 il) yazılıb. Bildiyimiz kimi Rəbiyə Sultan Sultan Əhməd Mirzənin böyük qızı idi.
Üçüncü məzarın sinə daşı üstündə isə Sultan Mirzə Uluqbəyin qızı Ağabəyimin Sultanın adı və vəfat tarixi - hicri 870-ci il yazılıb. (1466 il). Sanduqə məzarın ətrafına isə 12 imamın adları həkk olunub.
Məqbərədəki dördüncü məzarın sinə daşı və sağ, sol tərəfində olan daş lövhələrə ərəb dilində və fars dilində yazılar həkk olunub, lakin bu məzarın üstündə ad və ya ölüm tarixi yoxdur. Yazılardan məlum olur ki, bu qəbirdə uyuyan şəxs Sultan Əbu Səidin nəslindəndir.
Beşinci məzarın sinə daşının üstündə isə yazılıb: “Müdrik şahzadə Şahmansur, Sultan Əbu Səidin oğlu, hicri 865-ci ildə (1461 il) vəfat edib”.
Buradakı altınci məzarın sinə daşında bu sözlər yazılıb: “Burada Sultan Əbu Said Cahangir Sultan dəfn olunub, hicri 862-ci il.”( 1458)
Məqbərədəki yeddinci məzarın sinə daşında Qurandan iki ayə həkk olunub, böyür tərəflərində isə yazılıb: “Sultan nəslinin gözlərinin işığı, sülhün və dinimizin qoruyucusu Məhəmməd Cahangir, qoy Allah ona cənnət bağçaları versin. Hicri 860-cı il. (1456 il).”.
Məhəmməd Cahangir Əmir Teymurun nəvəsi Məhəmməd Sultanın oğlu idi.
Səkkizinci məzarın sinə ddaşının üstündə Qurandan dualar yazılıb, Allahın adı zikr edilib, eyni zamanda bu məlumatlar var: “Bu nur dolu məzar əlahəzrət Zübeydə Sultanındır, Miranşah Mirzənin qızı, Əmir Teymurun nəvəsidir. Hicri 856-cı ildə vəfat edib. (1453 il) “. Məzarın hər iki böyür daşlarında Allahın adı zikr olunur və Qurandan ayələr yazılıb.
Onu qeyd etmək lazmdır ki, bu məqbərədə dəfn olunanlar tarixlərindən də göründüyü kimi gənc yaşlarında dünyadan köçüblər, ona görə də onların həyatı haqqında tarixi mənbələrdə məlumatlar yox dərəcəsindədir.
Əmir Teymurun həyatı və hakimiyyəti, onun varisləri, həmin dövrlərdə bu dinastiyanın ətrafında baş verən hadisələr o qədər çox və geniş əhatəlidir ki, həmin illəri və həmin tarixdən əlimizdə olan yazılı mənbələri yenidən oxumalı və tədqiq etməliyik. Onu da qeyd etmək istəyirəm ki, Fransada Napoleonun həyatını araşdıran elmi tədqiqat institutu vardır. Hərbi və siyasi halimiyyətin ən yüksək zirvəsində dayanan, görkəmli dövlət xadimi Əmir Teymurun hərb və dövlətçilik tarixindəki xidmətləri Napoleonun xidmətlərindən daha böyükdür. Mənə elə gəlir ki, biz də Əmir Teymurun həyatını, dövrünü, yaradıcılığını, şəxsiyyətini və teymurilər dövrünü araşdıran elmi-tədqiqat institutu yaratmalıtyıq.
“Ədəbiyyat və incəsənət”
(14.02.2025)