Astanada Türk Mədəniyyəti və İrsi Fondu Şurasının İkinci İclası keçirilib Featured

 

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Xəbər verdiyimiz kimi, fevralın 6-da Qazaxıstan Respublikasının sədrliyi altında Türk Mədəniyyəti və İrsi Fondu Şurasının İkinci iclası təşkilatın üzv ölkələrinin mədəniyyət nazirlərinin iştirakı ilə keçirilib. Məkan Astana şəhərindəki Qazaxıstan Respublikasının Milli Muzeyi (Tavelsizdik prospekti 54) olub. 

 

İclasın əsas mövzusu Türk mədəni irsinin qorunması, öyrənilməsi və beynəlxalq səviyyədə tanıdılması üçün strateji addımların müzakirəsi idi ki, bu məsələlər də Türk Dövlətləri başçılarının verdiyi tapşırıqlara uyğun olaraq «Türk Dünyası Vizyonu - 2040», TURKTIME və digər strateji sənədlərdə əks olunub.

2025-2026 illərini əhatə edən fəaliyyət planları da müzakirə edilib. 

Bu iclasın yekunları Türk Dövlətləri arasında mədəni əməkdaşlığın inkişafında mühüm addım olacaq, mədəni irsin qorunması sahəsində əməkdaşlığı gücləndirəcək və beynəlxalq layihələrə yeni təkan verəcəkdir.

İkinci Şura iclasında Azərbaycanı Mədəniyyət naziri Adil Kərimli təmsil edir. 

Həmçinin, tədbirə Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Naziri Aida Balayeva, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Rayımkulova, Türk Dövlətləri Təşkilatının Baş Katibi Kubanıçbək Omuraliev, Qırğız Respublikası Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirinin müavini Gülbara Abdıkalıkova, Özbəkistan Respublikasının Mədəniyyət Nazirinin birinci müavini Avazxan Tajixtanov da qatılıblar.

Qeyd etmək lazımdır ki, İkinci Şura iclası çərçivəsində bir sıra əlavə tədbirlər də keçirilib. 

 

6 fevral 2025-ci il saat 15:00-da Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Qazaxıstanın dövlət və elm xadimi, akademik Darxan Qıdıralının «Daşa Yazılmış Tarix» adlı kitabının Azərbaycan, türk, qırğız dillərində təqdimatı olub. 

Təqdimatda qeyd edilib ki, bu kitab Türk dünyası tarixinin öyrənilməsinə mühüm bir töhfədir. Bildirilib ki, türk xalqlarının tarixinə və mədəniyyətinə dərindən bələd olan müəllif təkcə mütəxəssislər üçün deyil, geniş oxucu kütləsi üçün də maraqlı olacaq bir əsər ərsəyə gətirib. 

Bizim qədim və kökü dərinlərə gedən şanlı tariximizdə müqəddəs yerlər, müqəddəs torpaqlarımız, qədim zamanlardan bu günə qədər türklərin müqəddəs yerlərinə Ötükən, Ergenekon, Yer İduk, Jideli-Baysın kimi müxtəlif adlar verilib. Onların içərisində Ötükən adı türklər üçün xüsusilə əziz və doğmadır. Ötükən türklər üçün vətənin qızıl beşiyi hesab olunur. Ona görə də milli özünüdərklə qorunan tarix milli idealların yaradıcı salnaməsi sayılır.

Beynəlxalq Türk Akademiyasının ekspedisiyaları zamanı aşkar edilmiş qədim türk dövrünə – Göytürk (552-740), Uyğur (745-840) və Qırğız xaqanlığı (VIII-X əsrlər) kimi İslamdan əvvəlki qədim türk xaqanlıqlarına aid mirasdan danışılaraq qeyd olunub ki, nəşrdə bu tarixi-mədəni zənginliyə geniş işıq salınır. 

“Daşa yazılan tarix" kitabı, sadəcə, faktlar və tarixlər toplusu deyil. Bu nəşr xalqlarımızın şanlı keçmişinin, kökümüzün, ümumi mədəniyyətimizin canlı hekayəsidir və irsimizi qiymətləndirməyi və hörmət etməyi, əcdadlarımızla fəxr etməyi öyrədən bir tarixdir. 

Mıxış edənlər nəşrin əhəmiyyətini yüksək qiymətləndirib, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar. 

Müəllif Darxan Qıdırəli təqdimatda iştirak çıxış edən hər kəsə təşəkkürünü bildirib. 

Sonda Qazaxıstanın bir sıra musiqi kollektivlərinin ifasında bədii proqramı təqdim olunub. 

 

Fevralın 7-də Qazaxıstan Respublikasının Milli Muzeyində Mahmud Kaşğarlının anadan olmasının 950 illik yubileyinə həsr edilmiş sərgisinin açılış mərasimi keçirilib.

 

Türk Mədəniyyəti və İrsi Fondu Şurasının İkinci iclası barədə daha geniş yazacağıq.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

{gallery}20096{/gallery}

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.