Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün
Pamukkale Universiteti Çağdaş Türk ləhcələri və ədəbiyyatı bölümünün müəllimi, ədəbiyyat dili uzmanı, uşaq ədəbiyyatı araşdırmaçısı doktor Yaşar Sözen F.Köçərli adına Respublika Uşaq Kitabxanasında yazıçılarımızla görüşüb.
Tədbirdə Azərbaycan uşaq yazarlarından Rafiq Yusifoğlu, Eyvaz Zeynalov, Sevinc Nuruqızı, Reyhan Yisifqızı, Solmaz Amanova, Aygün Bünyadzadə, Gülzar İbrahimova, Gülarə Munis, Zahirə Dadaşova, Nurlana İşıq, Mina Rəşid, Əfsanə Laçın və başqaları iştirak edib.
Görüş zamanı Yaşar Sözenin müəllifi olduğu “Müstəqillik dövründə (1991-2024) Azərbaycan uşaq ədəbiyyatında hekayə” adlı tezisinin müzakirəsi aparılıb. Gənc alim tezis haqqında geniş danışıb, vurğulayıb ki, tezisin yazılmasında məqsəd Müstəqillik dövründə Azərbaycan uşaq ədəbiyyatının inkişaf tarixini öyrənmək və onu Türkiyədə tanıtmaqdır. Yaşar Sözen təqdimat zamanı məlumat verib ki, tezisdə Azərbaycan uşaq ədəbiyyatını üç dönəmə - Maarifçilik, Sovet və Müstəqillik dönəmlərinə ayıraraq araşdırıb. Araşdırma zamanı 18 Azərbaycan uşaq yazarının 552 hekayəsinin xəritə-sxemi (təsviri) hazırlanıb, 10 yazarın isə hekayələri məzmununa görə təhlil edilib. Eyvaz Zeynalovun, Rafiq Yusifoğlunun, Sevinc Nuruqızının hekayələrinin geniş tədqiqatı aparılıb.
Sonda araşdırmaçı alim Yaşar Sözen uşaq kitabxanasının direktoru Şəhla Qənbərovaya səmimi münasibətə görə təşəkkürünü bildirib. Alim qeyd edib ki, Azərbaycandakı bu uşaq kitabxanası bir akademiyadır. Türk dövlətləri arasında Azərbaycan uşaq ədəbiyyatının çəkisi daha ağır və sanballıdır.
Yaşar Sözen onu da bildirib ki, Azərbaycan uşaq ədəbiyyatı ilə bağlı 4 ildə apardığı araşdırma ilə bağlı kitabın təqdimatı bu il ölkəmizdə Türk səfirliyində təşkil ediləcək. Həmçinin, uşaq ədəbiyyatımızla bağlı Türkiyədə simpozium keçiriləcək. Bundan başqa, hər il Türkiyədə Azərbaycan uşaq ədəbiyyatı ilə bağlı antologiya çap ediləcək. Həm türk, həm də Azərbaycan dilində olan nəşrlər ayrı-ayrılıqda şeir, hekayə, nağıl, pyes və başqa janrları əhatə edəcək.
Türk alim sonda uşaq yazarlarının suallarını cavablandırıb və onlarla xatirə şəkilləri çəkdirib.
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)