EYNİ VAXTDA HƏM ƏLLƏRİ, HƏM DƏ AYAQLARI İLƏ RƏSM ÇƏKƏN FİTRİ İSTEDAD BARƏDƏ
Cahangir NOMOZOV, “Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi
Söhbətçımız Özbəkistanın gənc və istedadlı rəssamı, “Mard oğlan” Dövlət mükafatı laureatı (2024), Dünya Speedcuber Assosiasiyasının (WCA) üzvü, “Suyunov Art Studio” şəxsi tədris mərkəzinin rəhbəri, Kamoliddin Behzod adına Milli Rəssamlıq və Dizayn Universitetinin 1-ci kurs magistrantı ŞAHRUH SUYUNOV.
Şahruh Suyunovla bu söhbət onun təsviri sənətə olan marağı, nadir istedadı, uğurları və yaradıcı fəaliyyəti, həmçinin gələcək arzuları barədə keçdi.
—Söhbətimizi ənənəvi sualdan başlayaq…
Təsviri sənətə olan marağınız nə zaman başladı?
—Mən, Suyunov Şahruh Lazizjon oğlu, 1998-ci ilin 20 iyulunda Navoiy vilayətinin Nurota rayonu, Yangibino kəndində pedaqoq ailəsində doğulmuşam.
5 yaşımda, həkim rəsmini qırmızı qələmlə dəftər vərəqinə çəkdiyimi görən atam mənim rəssamlıq qabiliyyətimi hiss edib, məni o vaxtlar kəndimizdəki rəssama şagird götürmüşdü.
Sonra daha çox məlumat əldə etmək məqsədilə 2005-2014-cü illərdə Navoiy vilayətinin Nurota rayonu ixtisaslaşdırılmış sənət məktəbində rəssamlıq sirlərini öyrənmişəm.
2014-2017-ci illərdə Navoiy Mədəniyyət və Sənət Kollecində “Teatr Sənəti Rəssamı” ixtisasını əla qiymətlərlə bitirmişəm.
2023-cü ildə Kamoliddin Behzod adına Milli Rəssamlıq və Dizayn Universitetinin Təsviri Sənət fakültəsinin “Mahobatlı rəngli təsvir” tədris sahəsi üzrə bakalavr pilləsini başa vurmuşam.
Hazırda həmin universitetdə 1-ci kurs magistrantıyam.
Bununla yanaşı, öz şəxsi “Suyunov Art Studio” adında rəssamlığa maraqlı olan insanlara rəssamlıq sirlərini öyrədərək fəaliyyət göstərirəm.
—Hər bir rəssamın özünü ifadə etmə yolu, ilham mənbəyi olur.
Sizin yaradıcı proseslərdə ilham mənbələriniz nədir?
—Mən əsasən uşaqlığımdan ata-anamın sözlərini və onların mənim üçün etdikləri dualarını ilham mənbəyi olaraq qəbul edirəm.
Buna görə də, hər hansı bir nəticəyə çatmasam da, ilk növbədə onların dualarının rolu var.
Nə uğur əldə etsəm, onların sayəsindədir və heç çəkinmədən bunu deyirəm: ata-anam mənim ilham və güc mənbəyimdir.
—Sənətdən əsas məqsədiniz nədir? Yaradıcı fəaliyyətinizdə estetik fayda mı, yoxsa ictimai əhəmiyyət mi daha çoxdur?
—Bu sahəyə daxil olduğum gündən çox sayda çətinliklərlə qarşılaşdım. Çevrəmdəki insanlar həmişə mənə rəssamlıqla dolanışıq qurmağın mümkün olmadığını və bu sahənin gələcəyinin olmadığını deyərək gülür, təəssüf edirdilər.
Bəlkə də, buna görə bu sahədə heç bir nümunəvi insanın olmaması mənə təsir edirdi.
Buna görə də öz yolumda bir şüar seçdim: "Bir işi kimsə edibmi, demək, sən də edə bilərsən. Amma heç kim etməyibsə, bunu mütləq sən etməlisən!"
Öz üzərimdə daim işləməyə başladım.
İnsanları buna maraqlandırmaq və onları heyrətləndirmək üçün qeyri-adi portretlər çəkməyə başladım.
Bunu başa düşdüm ki, böyük uğurların arxasında çətinliklər dayanır. Uğur məqsədinizdirsə, zəhmətə də hazır olun!
Buna görə də, hal-hazırda təsviri sənətə olan marağı artırmaq və gənc istedadlara nümunə olmaq üçün əlimdən gələni edirəm.
—Siz rənglərlə kifayətlənməyib, qəhvə dənələri, şəkər, duz, diş pastası kimi məhsullardan istifadə edərək həqiqi sənət əsərləri yaradırsınız.
Belə əsərləri yaratmaq üçün nə qədər vaxt sərf edirsiniz?
—Mən daim çalışıram ki, yaratdığım əsərlər insanlarda böyük maraq oyatsın və onlar mənim işlərimi səbirsizliklə gözləsinlər.
Yaradıcı işlərim hər zaman yeni olduğu üçün hər bir işə fərqli vaxt sərf olunur.
Mənim üçün yadda qalan əsərlərimdən biri: Özbəkistanın Xalq Artisti Şerali Jo‘rayevin "Birinci sevgilim" mahnısının sözlərindən onun portretini çəkdiyimdə 12 saat vaxt sərf etmişdim.
Bundan sonra, ip vasitəsilə bir blogerin portretini çəkdiyim ən çətin işim olmuşdu və ona 16 saat vaxt sərf etmişdim.
Çəkiliş və yaradıcı işim bitməyincə heç vaxt dayanmamışam və işimi bitirdikdən sonra bir gün əlim işləməz olmuşdu.
—Rəssamlıqdan başqa maraqlarınız nələrdir?
—Mən həmişə intellektual oyunların həvəskarı olmuşam, buna görə boş vaxtımda zəka intellektual oyunlarında iştirak edirəm.
Bundan başqa, hobbilərimdən biri kubik Rubik yığmaqdır və onunla peşəkar şəkildə məşğul olmaq üçün daim məşq edirəm.
Dünya Speedcuber Assosiasiyasının (WCA) üzvüyəm.
Daim keçirilən yarışlarda iştirak edirəm. Şəxsi rekordum – iki əllə 3x3 kubikini 15 saniyəyə, bir əllə isə 20 saniyəyə yığmaqdır.
Həmçinin müxtəlif bestseller kitabları oxumağı çox sevirəm.
İdman növlərindən futbol oynamağı sevirəm və hər həftə yaxınlarımla oyunlar təşkil edirik.
—Yaradıcılığınızı daha da inkişaf etdirmək üçün daha çox nələrə diqqət yetirirsiniz?
Hansı ideyalar, mövzular önəmlidir?
—Əsasən ətrafımda baş verən hadisələrə yaradıcı işlərim vasitəsilə fikrimi bildirmək istəyirəm.
Buna görə də qlobal və ekoloji problemlərə həsr olunmuş əsərlər də yaradıram.
Bundan başqa, dünyanın tanınmış insanlarının portretlərini, onların peşə və maraqlarına uyğun şəkildə çəkməyi xoşlayıram.
—Yaradıcı düşüncə və şəxsi qərarların qarşılıqlı əlaqəsi barədə fikirləriniz nədir?
—Yaradıcı düşüncə insanı çətinliklərə həll tapmağa ilhamlandırır.
Məsələn, bir problem üzərində işləyərkən, yaradıcı yanaşma ilə adi məhdudiyyətləri aşaraq yeni baxışlar inkişaf etdirmək mümkündür.
Qərar qəbul etməkdə yaradıcı düşüncə insanı bir neçə imkanı nəzərdən keçirməyə məcbur edir, bu da daha etibarlı və innovativ nəticələrə gətirib çıxarır.
Hər hansı bir yaradıcı fəaliyyət müəyyən bir qərara əsaslanır.
Məsələn, bir rəssam nəyi təsvir etməli olduğunu və ya hansı texnikanı istifadə etməli olduğunu seçərkən öz şəxsi qərarına əsaslanır.
Digər tərəfdən, insanın şəxsi həyatındakı seçimləri yaradıcı düşüncəsinə birbaşa təsir göstərir.
Məsələn, seçdiyi mühit, ünsiyyət dairəsi və məqsədlər yaradıcı proseslərə zəmin yaradır.
Yaradıcı insanlar daha çox azadlığı seçirlər, çünki bu, onlara öz ideyalarını həyata keçirməyə imkan verir.
Buna görə də müstəqil qərar qəbul etmə qabiliyyəti yaradıcı fəaliyyəti inkişaf etdirmək üçün vacibdir.
Eyni zamanda, yaradıcı düşüncə insanı standart qoidalar və ya məhdudiyyətlərdən kənara çıxmağa təşviq edir, bu da öz növbəsində innovativ qərarlara gətirib çıxarır, mənim fikrimcə.
— Sosial şəbəkələrdə olduqca fəalsınız. Bu platformalarda sənətinizi geniş auditoriyaya tanıtmaq üçün hansı üsullardan istifadə edirsiniz?
—Özbəkistanda rəssamlar sosial şəbəkələrdə öz işlərini çox nadir hallarda nümayiş etdirir və video kontentlər hazırlamır.
Bu, mənim üçün böyük bir fürsət oldu və mən sosial şəbəkələrdə insanları maraqlandıran və inanılmaz işlər təqdim etməyə çalışıram.
Həmişə qeyri-adi portretlər çəkirəm ki, bu da izləyicilərimi cəlb edir.
— Onlayn və oflayn auditoriya arasında hansı fərqlər var?
— Onlayn dünyada insanların hisslərini anlamaq çətindir, buna görə də onlayn mühitdə insanı təsirləndirmək çox çətin olur. Amma real həyatda insanlardan gələn emosiyalar daha çox güc verir və onlar daha çox ilhamlandırır.
— Mədəni tələbat və sosial məsuliyyət arasında necə bir əlaqə var?
Bunları birləşdirərkən nələrə diqqət yetirirsiniz?
— Mədəni tələbatlarımı yerinə yetirərkən onların cəmiyyətə necə müsbət təsir göstərəcəyini də nəzərə alıram. Məsələn, sənətim vasitəsilə başqalarında estetik zövq oyatmaq və ya onları ilhamlandırmaq istəyirəm.
Mədəni ehtiyaclarımı qarşıladığım zaman həmin vaxt və məbləği sosial məsuliyyətlərlə uyğunlaşdırmağa çalışıram. Məsələn, mənim yaradıcı fəaliyyətimlə qazandığım faydaları cəmiyyətə qaytarmaq üçün xeyriyyə layihələrində iştirak edirəm.
Sosial məsuliyyət daşıdığım zaman yalnız özüm üçün deyil, başqaları üçün də faydalı olan mədəni layihələrdə iştirak etməyə çalışıram. Məsələn, gənclər üçün yaradıcı seminarlar təşkil edirəm və ya sosial problemlərə sənət vasitəsilə diqqət çəkməyə çalışıram.
Mədəni tələbatlarımı yerinə yetirərkən bu prosesin başqalarına necə nümunə olduğunu düşünürəm. Məsələn, sənətimlə insanlarda ilham yaratmağa çalışıram.
— Şəxsi həyatınız və sənətiniz bir-birinə necə təsir edir?
— Şəxsi həyatım və sənətim bir-birinə sıx bağlıdır.
Həyat təcrübələrim sənətimin məzmununu formalaşdırır, eyni zamanda sənətim də həyatımda mənəvi dəyər və enerji qatır. İstedad sahibi olaraq xüsusiyyətlərim, məsələn, emosional olmaq, orijinal yanaşmalar və detallara diqqət, sənətimdə birbaşa özünü göstərir və onu başqalarından fərqləndirir.
Buna görə də mənim yaradıcılığım yalnız texnika deyil, eyni zamanda mənim şəxsiyyətimin əksidir.
— Gələcəkdə yaradıcı fəaliyyətinizdə hansı yeni istiqamətləri axtarmağı planlaşdırırsınız? Yeni materiallar və ya texnologiyalarla eksperiment etməyə davam etməyi düşünürsünüzmü?
— Mən həmişə gələcəkdəki məqsədlərim və planlarım haqqında danışmağı sevmirəm.
Amma bir şey deyə bilərəm ki, öz yaradıcılığım ilə bütün dünyanı heyrətləndirmək mümkün olana qədər dayanmıram.
— Məzmunlu söhbətiniz üçün təşəkkür edirəm!
Söhbətçımız gənc və istedadlı rəssam, “Mard oğlan” Dövlət mükafatı laureatı (2024), Dünya Speedcuber Assosiasiyasının (WCA) üzvü, “Suyunov Art Studio” şəxsi tədris mərkəzinin rəhbəri,
Kamoliddin Behzod adına Milli Rəssamlıq və Dizayn Universitetinin 1-ci kurs magistrantı ŞAHRUH SUYUNOV ilə idi.
“Ədəbiyyat və incəsənət”
(08.01.2025)