Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Xəbər verdiyimiz kimi, ötən ilin sonunda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "Türk dünyası gənc yazarlarının Lənkəran toplantısı" adlı layihə çərçivəsində Türk dünyasından Azərbaycana gəlmiş yazarların iştirakı ilə Bakı şəhərində diqqətçəkən bir tədbir keçirildi.
Tədbir barədə ətraflı məlumat almaq üçün Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşara üz tutduq və ondan aşağıdakı bilgiləri aldıq:
-Sabir Ocağında baş tutan tədbirdə Türk dünyasının ədəbi-mədəni əlaqələrinin inkişafı, gənclərin üzərinə düşən vəzifələr, bu günə qədər görülmüş və görüləcək işlər barədə fikir mübadiləsi aparıldı. Tədbiri Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı açaraq qonaqları salamladı. Tədbirin baş tutmasını əlamətdar hadisə adlandırdı. Türk dünyası ədəbi-mədəni əlaqələrinin inkişafı yönündə görülən işlərdə Dünya Gənc Türk Yazarlar Birliyinin xüsusi önəm daşıdığını vurğulayaraq, yeni nəsil yazarlara tövsiyyələrini çatdırdı. Daha sonra Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı kimi mən layihənin məqsədi, layihə çərçivəsində çap olunmuş kitab və s. haqqında ətraflı məlumat verdim.
Türk dünyasının müxtəlif nöqtələrindən Azərbaycana gəlmiş yazarlar Türkiyə Respublikasının təmsilçisi Ənvər Aykol, Özbəkistan Respublikasının təmsilçiləri Suhrab Ziya, Mohira Eşpoladova, Çuvaşıstan Respublikası təmsilçisi Natalya Gerasimova, Azərbaycan Respublikasından olan yazarlar Yusif Nazim, Ayşən Rəhim, Həsən Kür, Rizvan Fikrətoğlu, Aytən Qurbanova və başqaları çıxış edərək layihənin önəmindən, qardaş xalqlar arasında ədəbi əlaqələrin inkişafında vacibliyindən bəhs etdilər. Tədbirin sonunda Xalq şairi Sabir Rüstəmxanlıya təşkilatın 25 illik yubiley medalını təqdim etdim. Xatirə fotosu ilə tədbirə yekun vuruldu. Əlbəttə ki, bu sayaq tədbirlərin bol olması türk dünyasının, o cümlədən də türk ədəbiyyatının gələcəyinin parlaq olacağına inam yaradır.
“Ədəbiyyat və incəsənət”
(01.01.2025)